Əhlİ-Beyt (ə) Aşİqlərİnİn Xüsusİyyətlərİ Nədİir


Dünyapərəstlər üçün xəlvət bir otaqda iki rəkət namaz qılmaq zindanda cəlladın işgəncəsinə məruz qalmaq qədər ağırdır.
1. Axirət sevgisi;
Sonra İmam (ə) öz dostlarının xüsusiyyətlərini şərh etməklə şeytanın hədəfə aldığı insanları tanıtdırır. Onların xüsusiyyətləri sadalanır. İlk xüsusiyyət budur: «Axirət onların nəzərində o qədər əzəmətlidir ki, onu heç vəchlə heç nəyə dəyişməzlər». Hansısa bir məqamda ya dünya, ya da axirəti seçmək zərurəti yaransa, onlar tərəddüd etmədən axirətə üstünlük verərlər.
2. Nurla dolu qəlb;
«Onların qəlbi necə də nurludur!» Bu təbirlə tanışlığımız Əhli-beyt maarifi ilə tanışlığımızdan asılıdır. İnsanın batini, onun qəlb və ruhu müxtəlif şeylərin saxlandığı sandıqça kimidir. Hisslərdə qüvvələr toplandığı kimi, bu sandıqçada da qüvvələr toplanmışdır. Hiss aləmi böyük və tanınmış qüvvələrin səhnəsi olduğu tək, insan qəlbi də mənəvi qüvvələrin səhnəsi, sığınacağıdır. Bu mənəvi nuraniyyət Allahın insana lütfüdür. Hər bir insan öz qəlbini nurlandırmaq ləyaqəti qazana bilər. Nurla dolu qəlbin əlaməti dünyaya və dünyanın bər-bəzəyinə rəğbətsizlikdir. Nurlu qəlbin bütün diqqəti mənəviyyat və axirətə yönəlmişdir. Əksinə, dünya həyatına könül verənlərin batini qaranlıq, gözləri həqiqətə qarşı kordur. Belələri dünyanın aldadıcı görkəminə aldanır.
3. Dünyapərəstlikdən çəkinmə;
«Dünyanı onları aldatmaq intizarında olan təhlükəli bir ilan kimi bilərlər». Zəhərli səhra ilanları digər canlıları aldatmaq üçün quyruqları üstə dik qalxarlar. İmam Sadiq (ə) dünyanı yol üstə dayanmış təhlükəli bir ilana bənzədir. «Dünya söz anlamayan düşmən kimidir». Dünya Əhli-beyt dostlarının nəzərində söz anlamayan məntiqsiz düşmən mislindədir; tovlayıb hakim olduğu insana rəhm etməz.
4. Allahla ünsiyyət.
«Onların ünsiyyəti Allahladır». Ünsiyyəti yalnız maddi istəklərlə olan dünyapərəstlərin ziddinə olaraq, Əhli-beyt dostları Allahla ünsiyyətdədirlər. Dünyapərəstlər üçün xəlvət bir otaqda iki rəkət namaz qılmaq zindanda cəlladın işgəncəsinə məruz qalmaq qədər ağırdır. Amma Allah dostları biganələrdən uzaq bir guşədə əsl məhbubla ünsiyyət intizarındadırlar. Onlar namaz vaxtını, gecə namazının vaxtını həsrətlə gözlər, Allahla raz-niyazdan böyük ləzzət alarlar.
«Mütrüblərin, eyş-işrət əhlinin ünsiyyətdə olduğu şeylərdən qorxarlar. Həqiqi dost onlardır. Onlar həmin adamlardır ki, Allah onların vasitəsi ilə hər bir fitnəni aradan qaldırıb, hər bir bəlanı cəmiyyətdən uzaqlaşdırar».
Quran və Əhli-beyt dilində «fitnə» sözü daha çox mənəvi, etiqadi, fikri nifaqa aiddir. İmam (ə) cəmiyyətdəki fikir və əqidə çaşqınlıqlarının Əhli-beyt dostları tərəfindən aradan qaldırıldığına işarə edir.
İmam Sadiqin (ə) yuxarıdakı buyuruqlarından aydın oldu ki, Allahı tanıma və Onunla yaxınlıq, yalnız Əhli-beyt vilayəti sayəsindədir. Əhli-beyt vilayətinə malik olanların ilkin nişanəsi dünyaya etinasızlıqdır. Diqqətli olmaq lazımdır ki, dünyaya etinasızlıq bir küncdə oturub vəzifəyə əməl etmək deyil. Hər bir insanın vacib dünyəvi vəzifələri vardır. Məsələn, ruzi qazanmaq. Ruzi qazanmaq dünyapərəstlik deyil. İnsanın günün hər saatına uyğun bir vəzifəsi vardır. İnsan dünyaya aldanmadan öz vəzifəsini icra etməlidir. Həqiqi Əhli-beyt dostlarının nəzərində dünya kiçik, axirət isə böyükdür. İnsanlıq dünya işlərinə aldanmaqda yox, Allaha ibadətdədir.
Sadiq yol axtaranlar üçün İmam Sadiqin (ə) nəsihətləri

Ustad Misbah Yəzdi


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter