CƏMİYYƏTİN ÖZ YOLUNDAN AZMASINA TƏSİR GÖSTƏRƏN AMİLLƏR NƏDİR?


1. Təbliğat;
Birinci amil təbliğat olub, siyasətçilərin xalqın fikrini dəyişməkdə, yeni ictimai fikir formalaşdırmaqda və onları istədikləri səmtə yönəltməkdə istifadə etdikləri əsas üsullardan sayılır. Müxtəlif cəmiyyətlər və mədəniyyətlər bir-birindən fərqləndiyi kimi, təbliğat amilindən istifadə yolları da fərqlidir. O vaxtkı İslam cəmiyyətində təbliğat amillərinin ortaya atdığı məsələlər, bu günlər tez-tez eşitdiyimiz humanizm, plüralizm, insan hüquqları, vicdan azadlığı kimi məsələlər deyildi. Həmin cəmiyyətdə hakim ideologiya İslam idi. Müsəlmanlar Allaha və Peyğəmbərə (s) inanırdı; müxtəlif məzhəblər və islami təfsirlər də yox idi. Amma başqa amillər var idi ki, təbliğatda onlardan istifadə edirdilər.
O zamanın təbliğat amillərindən biri, incəsənət və ədəbiyyat, xüsusilə də şe᾿r idi. O dövrdə ərəblər arasında şe᾿r xüsusi yer tuturdu. Hamınız eşitmisiniz ki, Müaviyə öz mədhində və eləcə də müxaliflərinin həcvində məşhur şe᾿rlər yazdırıb, camaatın arasında yayırdı. Belə şairlərdən ən çox tanınmışı Əxfəl Nəsrani idi; olduqca məharətli bir şair olan Əxfəl, bu kimi işlər üçün xüsusi şagirdlər də tərbiyə edirdi.
Amma İslama daha çox meyilli olan dindarlar arasında ən mö᾿təbər və mühüm məsələ Qur᾿an və hədis idi. Buna görə də Müaviyə bir sıra adamları bu sahədə ələ almaqla, onları yalandan hədis uydurmağa təşviq edirdi. Belə uydurma hədis söyləyənlərdən biri də Əbu Hüreyrə idi. Bu adam haqqında sünni qardaşlarımız bir neçə kitab da yazıblar. Əbu Hüreyrə özündən çox qəribə hədislər uydurur və onları Peyğəmbərə (s) nisbət verirdi. Sadə camaat da sadəlövlükləri üzündən ona inanardılar. Bundan başqa, o zamanlar bir sıra yaxşı Qur᾿an tilavət edən kəsləri “qurra” adlandırırdılar. Qari olmaq, yə᾿ni yaxşı Qur᾿an qiraət edə bilmək o zaman mühüm məqamlardan sayılırdı. Əlbəttə, qiraət ancaq Qur᾿anı gözəl səslə, təcvid qaydaları üzrə oxumaqla bitmirdi. Dinin böyük alimlərini o zaman “qari” adlandırırdılar. Bu adamlar həm Qur᾿anı yaxşı oxuyar, həm ayələri təfsir edər, həm də ayələrin mə᾿nalarını açıqlayardılar. Əksəriyyəti də bütün Qur᾿anı əzbər bilərdilər. Müaviyə xüsusi olaraq bu üç dəstədən – qari, şair və hədis söyləyənlərdən öz təbliğat maşınının güclənməsi və hərtərəfli olması üçün istifadə edərdi.

2.Təşviqat;
Müaviyə xüsusi bir dəstəni şe᾿r, hədis, Qur᾿an vasitəsi ilə aldatmağa müvəffəq olurdusa, xalqa ümumi şəkildə yalnız təbliğatın bu vasitəsi ilə tə᾿sir edə bilmirdi. Qəbilə başçılarına vəzifələr və᾿d etmək, müxtəlif bahalı hədiyyələr bağışlamaq və qızıl dolu kisələr verməklə də onları ələ alardı. Bir sikkə qızılın bu gün bizim üçün dəyəri çox böyükdür. İndi təsəvvür edin bir kisə qızıl, yüz min dinar qızıl və hətta bir milyon qızıl nə deməkdir. Bu rüşvət müqabilində razı olmayanlar çox az idi.
3. Təhdid.
Nəhayət, yerdə qalan camaatı da qorxutmaq və hədələməklə öz itaətində saxlayırdı. Müxalifət edənləri, ağızlarından Müaviyə əleyhinə bir söz çıxaranları tutub kötəkləyir, zindana salır və ya e`dam edirdilər. Müaviyə bu üç mühüm amilinin köməyi ilə cəmiyyəti öz şeytani hədəflərinə doğru istiqamətləndirə bilirdi.
Müaviyə Şam əhalisini bu amilllərin və öncə işarə etdiyimiz şəraitlərin vasitəsi ilə idarə edirdi.
Dəfələrlə eşitmisiniz ki, Müaviyə öz arzuladığı cəmiyyəti Əli (ə)-ın şəhadətindən sonra, bir müddət də İmam Həsənin (ə) vaxtında, təqribən iyirmi il müddət ərzində qura bilmişdi. Əli (ə)-ın şəhadətindən qabaq da təqribən iyirmi il Ömər ibni Xəttabın zamanında Şamda hakimiyyətdə olmuşdu. Bu müddət ərzində də həmin məqsəd uğrunda çalışmış, lazım olan şəraiti yarada bilmişdi. Belə işlər üçün kifayət qədər təcrübəsi var idi. Bir sıra şəxsləri yaxından tanıyıb, təcrübədən çıxarmışdı. İstədiyi planı həmin üç amilin köməyi ilə reallaşdırırdı. Ömrünün axırları yetişəndə, uzun illərin zəhməti nəticəsində qurub-yaratdığı padşahlığı öz oğluna ötürmək üçün bütün gücünü səfərbər etmişdi; vəsiyyət edərək, oğlu Yezidi öz yerinə canişin qoymaq istəyirdi. Özü bilirdi ki, Yeziddən hökumət başçısı çıxmaz. Amma bununla belə, ona idarəçilik işlərini öyrətmək üçün xüsusi müəllimlər və siyasətçilər tutmuşdu. Deyilənlərə görə öz vəsiyyətində Yezidə xitabən belə demişdi: “Mən sənin hakimiyyətdə qalmağın üçün heç bir atanın oğluna edə bilməyəcəyi bütün şəraiti hazırlamışam. Taxt-tac səni gözləyir, bunun üçün hər bir şey hazırdır. Amma bir neçə məsələyə diqqət yetirməlisən”. O, Yezidə Mədinə və Hicaz camaatını, oranın öz xarakterinə uyğun idarə etməsi üçün göstərişlər verərək deyir: “İraq camaatının xüsusiyyəti belədir ki, onlar tez-tez hakimlərinin dəyişməsini istəyirlər. Əgər onlar gündə bir dəfə belə bir fikrə düşsələr, qəbul et; onların hakimlərini tez-tez dəyişdir. Bu sənin üstünə yüz min siyirmə qılıncın çəkilməsindən daha yaxşıdır. Hicaz camaatına ehtiram və qayğı göstər. Çünki, onlar özlərini əsil İslam övladları hesab edirlər. Nə vaxt sənin yanına gəlsələr, onları yaxşı qarşıla, hədiyyələr ver. Yanına gəlməsələr, sən öz tərəfindən onlara baş çəkib, vəziyyətlərini xəbər alacaq nümayəndələr göndər”. Daha sonra əlavə edir: “Bir neçə nəfər vardır ki, asanlıqla sənə tabe olmazlar: Əbu Bəkrin oğlu, Ömərin oğlu, Zübeyrin oğlu və nəhayət, Əlinin oğlu. Bu dörd nəfərdən üçü xəlifə oğlu olublar. Onlardan biri xəlifə oğlu olmasa da, xəlifəliyə namizədin övladıdır. Zübeyr xəlifəliyə namizəd göstərilən altı nəfərdən biridir. Bu dörd nəfərdən özünü gözləməlisən”. Müaviyə bunların hər birisi haqqında necə rəftar etməli olacağını Yezidə başa salır. İmam Hüseynə (ə) çatanda belə deyir: “Heç vaxt Hüseyn ibn Əli ilə qarşıdurma yaratma! Bacardığın qədər ondan bey᾿ət almağa çalış. Bey᾿ət etməyib səninlə döyüşə başlasa, qalib gəlsən belə, yenə də onunla mehriban rəftar et. Onunla düşmənçilik sənə xeyir gətirməz. Hətta iş müharibəyə gətirib çıxarsa və sən müharibəni qazansan belə, onunla pis rəftar etməməlisən. Çünki o, Peyğəmbərin (s) əziz-xələf nəvəsidir. Xalq arasında xüsusi ehtiramı var və onun şəxsiyyəti digərlərindən fərqlənir”.
Baxmayaraq ki, Müaviyə nəsihət edərək, Yezidə bu kimi tövsiyələr etdi; amma bildiyimiz kimi, o, bunlara da riayət etmədi. Yezid xilafətə gələn kimi, Mədinə hakiminə bu dörd nəfərdən bey᾿ət alınmasını, əks təqdirdə, boyunlarının vurulmasını əmr etdi.
Bəli, həmin insanlar az bir müddət ərzində hər şeyi unudub, Peyğəmbərin (s) əziz nəvəsini qətlə yetirdilər. Özü də belə əziz və sevimli bir şəxsi. Elə bir şəxsi ki, zahirini görən heyran qalır, əxlaqını görən məftun olurdu. Əgər biri ondan bir şey istəsəydi, ona o şəkildə lütf edərdi ki, əl açan adam nə boynunu bükər, nə də xəcalət çəkərdi. Bu cür insanı vəhşicəsinə öldürdülər. Niyə belə olmalıydı?
Bütün bunları müqəddimə olaraq söylədik ki, o zaman xalqın necə bir mədəniyyətə sahib olduğunu və təfəkkür-tərzini biləsiniz. İmamət nuru qəlblərinin dərinliyinə nüfuz etmiş həqiqi mö᾿minlər nəinki o zamanda az idilər, bəlkə həmişə az olmuşlar və az olacaqlar da.
Rəhbərin cəmiyyətdə müvəffəqiyyəti budur ki, ümumi və orta səviyyəli təbəqənin əqidə və fikrinə cəhət və istiqamət verə bilsin. Ali səviyyəyə yüksəltmək əməli olaraq, mümkün deyildir. Ləyaqətli bir ölkə başçısının hünəri budur ki, günbəgün orta səviyyəli adamların fikrini müsbət, xeyirli səmtə yönəldə bilsin; onları hər gün haqqa doğru yaxınlaşdırsın. Hər halda, bütün şəraitlərdə imanlarını qoruyub-saxlaya biləcək kamil mö᾿minlər azdır. O zamanlar da belə şəxslər var idi.
Əgər İmam Hüseyn (ə), İmam Həsən (ə) və yaxud digər bir İmam bu şəraitdə Müaviyə ilə üz-üzə dayansaydı, ona gizli şəkildə sui-qəsd ediləcəkdi.
Sonra Müaviyə öz təbliğat vasitələrini işə salaraq, şe᾿rlər yazdırmaq və hədislər uydurmaqla İmamlar əleyhinə ittihamlar, töhmətlər yağdıracaqdı. Bütün dövrlərdə olduğu kimi, o zamanda da bir sıra saray axundları, hökumət mollaları var idi ki, işləri xalqı azdırmaq, hakimlərin xeyrinə fikir formalaşdırmaq idi. Elə indi də belələri var. Həmişə və hər yerdə bunların zalım hökumətlərin siyasətini həyata keçirməkdə rolu digərlərindən daha çox olmuşdur. Xüsusilə də, dindar bir cəmiyyətdə camaatın gözü alimlərə dikildikdə bunların atı daha sür`ətli gedir.
Qur᾿anda bütün dinlərdə ortaya çıxan hər cür əxlaq və fəsadların, məhz belə satqın ruhanilərin əli ilə həyata keçirildiyi qeyd olunmuşdur.
Bütün ixtilaf, qarşıdurma, azğınlıq və fitnə-fəsad kələfinin ucu da bu işdə təcrübəli olanların əlində olmuşdur. Elə oğrular var idi ki, çıraqla gəlmişdilər və Müaviyə kimi hakimlər belələrini kəşf edib, pul və tamahlandırma yolu ilə ələ almışdılar. Əgər bu alimlərdən biri qeyrətli çıxsaydı, onu təhdid etmək və öldürməklə səhnədən xaric edirdilər. Necə ki, Əli (ə)-ın bir çox böyük səhabələri bir-birinin ardınca qətlə yetirilirdi.
Hücr ibni Ədi (Üdey), Meysəm Təmmar və imanlarında möhkəm olub, heç bir amilin tə᾿sirinə qapılmayan digər şəxslərin axırı ya zindan, ya da e᾿dam olurdu. Bu qətllər ya rəsmi, ya da terror şəklində icra olunurdu.
Xalqın İslam qanunlarından üz döndərib yolunu azması, hətta dini heysiyyətlərini əldən verməsi, milli qürurunu itirməsi, tayfa əxlaqına belə məhəl qoymaması yuxarıda söylədiyim üç amilin tə᾿sirindəndir ki, Müaviyə onlardan məharətlə istifadə edirdi. Bütün zamanlarda bu üç amil həmişə fitnə-fəsada səbəb olmuş, olur və olacaqdır.
Əgər biz Məhərrəmlikdən dərs almaq istəyiriksə, gərək bu cür dərs alaq. Fikirləşək, necə ola bilər ki, camaat Peyğəmbərin (s) əlləri üstündə böyümüş İmam Hüseyni (ə) qətlə yetirir? Həmin insanlar dəfələrlə müşahidə edib görmüşdülər ki, Peyğəmbər (s) minbərə çıxıb danışanda, İmam Hüseyn (ə) minbərə yaxınlaşsaydı, uşağın qəlbi inciməsin deyə, bir anlığa sözünü saxlayıb aşağı enər, o həzrəti qucağına götürüb yenidən minbərə çıxar, onu öz dizləri üstündə oturdardı. Peyğəmbər (s) onun ağlamasına dözə bilmirdi. İmam Hüseyni (ə) dönə-dönə ümmətinə tapşırardı... Amma həmin ümmət İmam Hüseynlə (ə) belə rəftar etdilər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter