Quran ayələrİ transformİzmİ təsdİqləyİrmİ?


Sual: Transformizmi (mövcudların tədricən inkişaf edərək bir növdən başqa növə keçməsi) sübuta yetirməyə çalışan bir müəllif Quran ayələrini dəlil göstərmişdir. O, sübut etməyə çalışır ki, Quran da transformizm nəzəriyyəsini təsdiqləyir. Dəlil olaraq göstərilən iki ayəyə nəzər salaq:
1. “İnsan xatırlamırmı ki, ilk öncə onu heçdən yaratdıq.” Yazıçı ayədən belə bir nəticə çıxarır ki, insan bir zaman hansısa formada olmuş, sonradan təkamül nəticəsində bugünkü şəkilə düşmüşdür. Guya insan əvvəl təkhüceyrəli olmuş, sonra insanabənzər meymuna çevrilmiş və nəhayət, bugünkü müasir görkəmini almışdır.
2. “İnsanın xatırlamağa layiq olmayan bir keçmiş dövrü olmuşdur.” Müəllifin fikrincə, insan bir zaman heyvanlar cərgəsində olduğundan onun keçmişi xatırlanmağa layiq bilinmir. Doğrudanmı ayələr transformizmi dəstəkləyir?

Cavab: Yuxarıda zikr olunan iki ayənin transformizm nəzəriyyəsi ilə heç bir əlaqəsi yoxdur.
Birinci ayənin təfsiri: İnsanın çətinliklə inanacağı mövzulardan biri məad, ölümdən sonrakı həyatdır. Ona görə də Quranın bir çox ayələrində məadı inkar edənlərə qarşı dəlillər gətirilmişdir. Allah-təala məadı inkar edənlərə belə cavab verir: “İnsan soruşur ki, mən öldükdən sonra çıxarılıb diriləcəyəmmi? Məgər insan ilk öncə onu heçdən yaratdığımızı xatırlamırmı? Rəbbinə and olsun ki, biz onları şeytanlarla birlikdə yığıb məhşərə gətirəcək, sonra onları diz üstə çökmüş halda cəhənnəmin ətrafına düzəcəyik...” Demək, transformizmin müdafiəsinə qalxmış müəllifin düşüncəsinin əksinə olaraq, uyğun ayədə məadı inkar edənlərə cavab verilir. Doğrudan da, insanı heçdən yaratmış Allah üçün onu yenidən diriltmək çətinmi olasıdır?! Bu gün maddə və enerjinin itməməsi haqqında qanun mübahisəsiz olaraq qəbul edilmişdir. İnsanı heçdən yaradan Allah onun ölümlə formasını dəyişmiş varlığını əvvəlki halına qaytara bilməzmi?! Bəli, insanın bugünkü şəklə düşməzdən qabaq hansısa canlı və ya hüceyrə şəklində olması boş bir xülyadır. Bu ayə də bir çox başqa ayələr kimi qiyamət və məad haqqında danışır.
İkinci ayənin təfsiri: Yenicə doğulmuş bir körpə hər hansı bir səbəbdən soyuq havada tənha qalarsa, şübhəsiz ki, qısa bir zamanda həlak olar. Əgər belə bir məqamda xeyirxah bir insan onu götürüb evə apararsa, ona qayğı göstərərsə, həmin körpə ixtiyarında qoyulmuş nemətlərdən istifadə edərək, böyüyüb boya-başa çatar. Təbii ki, bir müddət sonra, əvvəlki körpə yetkinlik yaşına çatıb, özünü təmin etmək gücündə olacaq. O, bir zaman onu küçədən götürüb himayəsi altında böyütmüş xeyirxah şəxsə təşəkkür də edə bilər, onun zəhmətlərini unudub nankor da ola bilər. Əgər boya-başa çatmış yeniyetmə nankorluq edərsə, ona xeyirxahlıq göstərən şəxsin haqqı var ki, keçmişini xatırladıb, onu məzəmmət etsin.
Allah-təala da “İnsan” surəsində azğın, nankor insanı qəflət yuxusundan oyatmaq üçün onlara keçmişlərini xatırladır. İnsanın yadına salınır ki, Allah onu heçdən xəlq etmiş, yoxluğa varlıq libası geydirmişdir. Onlar isə bütün ilahi nemətləri unudaraq, nankorluq yolunu tutmuşlar! Bəli, ikinci ayənin məfhumu budur və onun tədrici təkamül nəzəriyyəsi ilə heç bir bağlılığı yoxdur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter