Abbasİlərİn qİyamı İslamİ mahİyyət daşıyırdımı?!
İmam Sadiq əleyhissəlamın həyatında diqqəti cəlb edən məsələlərdən biri də, o Həzrətin Abbasilər qiyamının başçılarının ona beyət etmək təklifini qəbul etməməsidir. Əgər bu məsələyə ötəri və səthi baxsaq ola bilər belə fikirləşək ki, bu qiyamda məzhəbi fikirlərin daha çox təsiri olmuşdur. Çünki qiyamçıların bütün şüarları İslami şüarlar və bayraqları üzərinə yazılmış sözlərin hamısı Quran ayələri idi. Onlar özlərini elə qələmə verirdilər ki, guya Əhli-beytin (əleyhimussəlam) xeyrinə iş görür və məqsədləri Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin Bəni–Üməyyə və Bəni–Mərvan tərəfindən axıdılmış nahaq qanının intiqamını almaqdır. Onlar öz qiyamını Əhli-beyt (əleyhimussəlam) ilə əlaqələndirmək istəyirdilər. Düzdür, əvvəl camaatı ona tərəf dəvət etdikləri xəlifənin adını bildirməsələr də, ancaq şüarları belə idi ki, “Biz Məhəmməd (səlləllahu əleyhi və alih) ailəsindən seçilmiş bir şəxsə beyət etmək üçün qiyam etmişik
(Doktor Şövqi Zeyf, “Tarixül Ədəbil Ərəbi” (2), səh. 176-203).”
Deyirlər ki, Əbu Müslimin ərəblər arasında da (o özü qeyri-ərəb olmuşdur) çoxlu dost-tanışı, silahdaşı var idi. Onlar Əbu Müslimə beyət edərkən and içib deyirdilər ki, Quran və Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnəsinə əməl etməkdə, Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən seçilmiş və hələ ki, naməlum qalan bir şəxsə itaət etməkdə möhkəm olacaq və öz başçılarına itaət etməkdə hiyləyə yol verməyib onların əmrlərini heç bir söz-söhbətsiz icra edəcəklər. Hətta and içərkən bunu da söyləyirdilər ki, düşmənə qalib gəldikləri təqdirdə, onları ancaq İslam və öz başçılarının qayda-qanunları əsasında həlak edəcəklər.
Qiyamçıların tanınması üçün olan əlamət onların qara paltar geymələri və qara bayraq götürmələri idi. Peyğəmbərin (səlləllahu əleyhi və alih) bayrağı qara olduğu və onların da məqsədləri Peyğəmbərin (səlləllahu əleyhi və alih) dininə qayıtmaq olduğu üçün, ya da məqsədləri Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin intiqamını alıb onlara əzadar olduqlarına görə öz bayraqları üçün qara rəngi seçmişdilər. Bəlkə də, məqsədləri bu olmuşdur ki, özlərini kütləvi qırğınla nəticələnəcək döyüş barədə deyilmiş uzaqgörənliyin aşkar nümunəsini qələmə versinlər. Bu fikrə görə Xorasan tərəfdən qara rəngli bayraqların qalxması zalımlar dövlətinin süqutu və haqq olan dövlətin yaranması nişanəsidir
(Biharül-ənvar, c.52 səh.217-229).
Bir sözlə, bunun zahirindən belə başa düşülür ki, Abbasilər qiyamı İslam ehtivalı, əzəmətli bir qiyam olmuşdur.