Zİrar məscİdİnİn macərası necədİr?


Zirar məscidinin macərası «İslam Peyğəmbərinin (s) zamanında baş verən məşhur hadisələrdəndir. Belə ki, Mədinə şəhərində yaşayan münafiqlərdən (İslam dinini zahirdə qəbul edənlərdən) bir dəstəsi «Qüba» məscidinin yaxınlığında bir məscid tikdilər. Onlar özlərini İslam dininin tərəfdarları kimi qələmə verirdilər. Lakin onların bu məscidi tikməkdə məqsədləri müsəlmanlar arasında ixtilaf yaratmaq və dinə qarşı mübarizə aparmaq idi. Onlar Peyğəmbərin (s) hüzuruna gəlib öz məqsədlərini bu cür izah etdilər: Bəni-salim qəbiləsinin yaşadığı yerlə «Məscidül-həram» arasında fasilə çoxdur. Biz qocalar və xəstələr üçün məscid tikmək istəyirik ki, orada namaz qılsınlar. Həm də yağışlı günlərdə orada dini mərasimlərini təşkil etsinlər. Hətta onlar and içdilər ki, İslam dininə xidmət etməkdən başqa ayrı məqsədləri yoxdur.
Peyğəmbər (s) onlara məscid tikməyə icazə verdi. Bu zaman Təbuk müharibəsi meydana çıxdı. Peyğəmbər (s) müharibəyə yola düşdü. Müharibədən qayıdan zaman hələ Mədinə şəhərinin darvazasına çatmamışdı ki, münafiqlər özlərini Peyğəmbərə (s) çatdırıb o Həzrətdən məscidin açılışında iştirak etməsini və orada namaz qılmasını xahiş etdilər. Bu vaxt Cəbrəil «Tövbə» surəsinin 107-110-cu ayələrini Peyğəmbərə (s) nazil etdi:

وَالَّذِينَ اتَّخَذُوا مَسْجِداً ضِراراً وَكُفْراً وَتَفْرِيقاً بَيْنَ الْمُؤْمِنينَ وَاِرْصاداً لِمَنْ حارَبَ اللهَ وَرَسُولُهُ مِنْ قَبْلُ وَلَيَحْلِفُنَّ اِنْ اَرَدْنا اِلاّ الْحُسْنى وَاللهُ يَشْهَدُ اِنَّهُمْ لَكاذِبُونَ
«O şəxslər ki, zərər vermək, küfr eləmək, mö’minlərin arasına təfriqə salmaq naminə məscid tikirlər və öncə Allaha və Rəsuluna qarşı müharibə edənlərə gizlənmək yeri düzəldirlər, bizim “yaxşılıqdan savayı başqa niyyətimiz yoxdur»- deyə and- aman edəcəklər. (Lakin) Allah onların yalan dediyinə şahiddir». Bununla da o məscidə «Zirar» (zərər vermək) məscidi adı verildi. Peyğəmbər (s) bu ayə nazil olduqdan sonra, zahirdə məscid adlanan o yeri yandırmaq və ərazisini Mədinənin zibilxanası etmək əmrini verdi. Beləliklə, düşmənlərin bu hiyləsinin də qarşısı alındı. Bəli, onlar xəstə və zəif adamlara məscid tikmək bəhanəsi ilə ən böyük cinayətə əl atıb müsəlmanlar arasında təfriqə salmaq və islam hökumətini yıxmaq istəyirdilər. Lakin İslam Peyğəmbərinin (s) o yeri yandırmaq əmri buna mane oldu.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter