Quran və səma cİsmlərİnİn ram edİlməsİ barədə nə deyir?


Cavab: Şübhəsiz ki, insan həyata qədəm qoyduğu gündən təkamüldədir. İndi də elə bir gün olmur ki, yaranış aləminin hansısa bir sirri açılmasın. Bəli, insan nə vaxtsa öz yaşayış məkanını başqa planetlərədək genişləndirə bilər.
Qurani-Kərimin göylərin və yerin insan üçün ram edilməsi haqqındakı ayələri, olsun ki, yuxarıda deyilənlərə bir işarədir. Günəş, ay və başqa səma cisimləri ilk gündən ram edilməsinə baxmayaraq, onlardan faydalanmanın da dərəcələri var. Onların ən kamil halı yaşayış üçün yararlı olmalarıdır. İndi isə bəzi ayələrə nəzər salaq:
1. Göylərdə və yerdə nə varsa, hamısını Öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur. Həqiqətən, düşünən bir qövm üçün bunda ibrətlər var.”
2. Məgər Allahın göylərdə və yerdə olanları sizin üçün ram etdiyini, aşkar və gizli nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?!
3. Seyr edən günəşi və ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınızda qoyan Odur.”
Bəli, yuxarıdakı ayələrdə Quran bildirir ki, Allah-təala bütün nemətləri, eləcə də, göyləri və yeri insanın ixtiyarında qoymuşdur. Amma insan bütün bu nemətləri tədricən əldə etməlidir. Hər əsrin öz kəşfi, öz nailiyyətləri var. Allahın yer üzündə olanları insanın ixtiyarında qoyması o demək deyil ki, yerin təkində və üstündə olan bütün nemətlər heç bir zəhmətsiz ələ gələsidir. Xeyr, insan çalışmalı, araşdırmalar aparmalı, qiymətli xəzinələri kəşf etməlidir. Bəzi dövrlərdə insan yalnız bəzi mədənləri kəşf edə bilirsə, olsun ki, nə zamansa yerin təkindəki bütün ehtiyatlar kəşf olunacaqdır. Bəşər gələcəkdə elə mənbələr tapa bilər ki, hazırkı dövrümüzdə həmin mənbələr barədə zərrəcə məlumat yoxdur. Səma cisimləri elə ilk gündən bəşəriyyətə ram olmuş olsa da, yalnız zaman keçdikcə onlardan daha çox istifadə olunacaq.
“Ərrəhman” surəsinin 33-cü ayəsində buyurulur: “Ey cin və insan tayfası, əgər göylərin və yerin ətrafından kənara çıxa bilərsinizsə, çıxın. Siz yalnız qüvvət və qüdrətlə çıxa bilərsiniz.” Ayədən göründüyü kimi, insan elmi-texniki tərəqqinin nailiyyətləri ilə silahlanaraq fəzaya səfər edə bilər. Nə vaxtsa xəyal kimi görünən bu işlər indi adi bir gerçəklikdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter