RƏCƏT BARƏSİNDƏKİ ƏQİDƏMİZ NƏDİR?


On iki İmam şiələrinin Peyğəmbər (əleyhis-salam) Əhli-Beytindən gəlib çatan hədislərə əsaslanan əqidələrindən biri də budur ki, Allah-Taala ölüb dünyadan gedən bəzi şəxsləri dünyada olduqları bədən və surətlə dirildib onlardan bəzilərinə izzət bəxş edəcək, bəzilərini isə zəlil edəcəkdir. Haqqpərəstlərin haqqını batilpərəstlərdən, məzlumların haqqını zalımlardan alacaqdır. Bu hadisə Məhdi (əleyhis-salam)-ın qiyamı zamanı baş verəcəkdir.
Öldükdən sonra dirilib bu dünyaya qayıdacaq şəxslərin bəziləri imanın, bəziləri isə küfr və fəsadın ən yüksək həddində olanlardır. Onlar dirilib bir müddət yaşadıqdan sonra yenidən öləcəklər ki, qiyamət günü dirilib əməllərinin cəzasına çatsınlar. Allah-Taala Qurani Kərimdə öldükdən sonra (elə bu dünyada) yenidən dirilib rəcətdən sonra işləri islah olmayanların sözlərini qeyd edir. Belə ki, onlar islah olunmaq üçün üçüncü dəfə (bu dünyada) dirilməyi diləyərlər.
(Kafirlər) dedilər: Pərvərdigara, sən bizi iki dəfə öldürüb iki dəfə diriltdin. Biz də öz günahlarımızı iqrar etdik. Aya (bu əzabdan) çıxmaq üçün bir yol varmı?
Deməli Qurani Kərimdə rəcətin (bəzi ölülərin bu dünyada dirilməsi) baş verməsi qeyd olunmuşdur. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əhli-beytindən də bu barədə çoxlu rəvayətlər gəlib çatmışdır. İmamiyyə şiələrinin hamısı rəcət əqidəsinə inanırlar. Amma kiçik bir qrup rəcətə dəlalət edən ayə və rəvayətləri başqa mənalara yozub demişlər ki, rəcətdən məqsəd Həzrət Məhdi (əleyhis-salam)-ın zühuru zamanı hökumətin Əhli-beyt (əleyhimüssalam)-a–onlardan ölənlərin dirilməməsi şərtilə–qaytarılmasıdır.
Sünnülər rəcətə etiqad bəsləməyi İslama xilaf olan məsələ hesab edərək onu pisləmişlər. Ravilərinin tərcümeyi-halını yazan sünnü şərhçiləri və yazıçıları hər hansı bir ravinin rəcətə etiqad bəsləməsini həmin ravinin tənəyə məruz qalması və onlara etimad olunmaması əlaməti hesab etmiş, bu qəbildən olan ravilərin rəvayətlərini etibarsız saymışlar. Onlar rəcətə etiqad bəsləməyi küfr və şirk, hətta ondan da böyük günah hesab edirlər. Bu etiqad sünnülərin (öz təsəvvürlərinə əsasən) şiələri məhkum və tənqid etmək üçün ən böyük bəhanələridir.
Şübhəsiz ki, bu mətləb əsasız və azdırıcı bəhanələr sırasındadır ki, bəzi müsəlman firqələri onun vasitəsi ilə sair firqələrə tənə vurub batil olmasını sübuta yetirmək istəmişlər, amma bu bəhanənin əsaslı olmasını göstərən hansısa dəlil-sübut yoxdur. Çünki rəcətə etiqad bəsləmək pak tovhid, nübüvvət əqidəsinə heç bir xələl gətirmir. Üstəlik bu əqidələri qüvvətləndirir. Çünki rəcət (ölülərin bu dünyada dirilməsi) Qiyamət kimi Allah-Taalanın kamil qüdrət nişanəsi, fövqəl-təbii işlərdəndir ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və Onun pak Əhli-Beytinin möcüzələrindən biri ola bilər.
Əslinə baxanda, rəcət məsələsi eynilə Həzrət İsa (əleyhis-salam)-ın ölüləri diriltməsi kimi möcüzəli işlərdəndir. Rəcətdə isə bu möcüzə daha parlaq və daha kamildir. Çünki rəcət, insanların ölüb çürüdükdən, torpağa çevrildikdən sonra dirilməsidir. Qurani Kərim buyurur:
(As ibni Vail) dedi: Bu sümüklər çürüdükdən sonra kim onları dirildəcək? (Ey Peyğəmbərimiz) de: bu sümükləri elə ilk dəfə yoxdan xəlq edən Kəs dirildəcək və O, hər şeyi xəlq etməyə alimdir.
Bəziləri rəcətə tənə vurmaq üçün demişlər ki, rəcət batil növdən olan tənasüxdür. Belə təsəvvür edənlər əsl həqiqətdə tənasüx və cismani məad arasında fərq qoymamışlar. Halbuki, rəcət cismani məad qismlərindəndir. Çünki, tənasüx dedikdə ruhun bir bədəndən başqa bədənə nəql olunması nəzərdə tutulur. Amma cismani məad dedikdə isə, ruhun əvvəlki bədənə xas olduğu xüsusiyyətlərlə bədənə qayıtması nəzərdə tutulur. Rəcətin də mənası elə bu cürdür.
Əgər rəcət tənasüx mənasında olsaydı, onda ölülərin İsa (əleyhis-salam)-ın əli ilə dirildilməsi, həmçinin cismani məad və qiyamət həşri də tənasüx mənasında olmalı idi (hansı ki belə deyildir).
Nəticə alırıq ki, rəcət barəsində iki yöndən münaqişə olunur:
1) Rəcətin gerçəkləşməsi qeyri-mümkündür;
2) Rəcət barəsində gətirilən rəvayətlər etibarsızdır.
Bu iki iradın səhih olmasını fərz etsək də belə, rəcətə etiqadın sünnülərin şiələrlə düşmənçilik bəsləməsinə gətirib çıxarması əsassızdır.
Sair müsəlman firqələri arasında bir sıra etiqadlar var ki, qeyri-mümükün işlərdəndir, yaxud onların barəsində İslam rəhbərləri tərəfindən heç bir rəvayət gəlməyib, amma bu etiqadlar kafir olmağa və ya dindən çıxmağa səbəb olmaz. B mətləb üçün çoxlu misallar gətirmək olar: Məsələn, bəziləri Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in səhv, günah etməsinə, Quranın əzəli olmasına, o həzrətin özündən sonra canişin təyin etməməsinə və s. etiqad bəsləyirlər (bunların hamısı sünnülərin etiqad üsullarındandır).
Qeyd olunan iki münaqişənin heç bir əsası yoxdur. Rəcətin qeyri-mümkün olmasını iddia edənlərin cavabında qeyd etdik ki, o, bir növ cismani məaddır, bu fərqlə ki, rəcət bu dünyada baş verir. Cismani məadın mümkünlüyü dəlili elə rəcət üçün də gətirilir və bu işin qeyri-mümkün olması üçün heç bir dəlil yoxdur. Amma rəcət məsələsi bizim üçün adi məsələ deyildir və adi həyatımızda belə bir məsələ ilə rastlaşmamışıq, bizi bu əqidəyə saxınlaşdıracaq, yaxud uzaqlaşdıracaq səbəb və maniələri tanımırıq. İnsanın beyni və dərrakəsi üçün adi haldır ki, ünsüyəadə olduğu işləri təsdiq etsin. Elə bu da ilə Qiyamət oyanışını qəribə və təəccüblü iş hesab edib

kim bu çürümüş sümükləri yenidən dirildəcək? deyənlərin sözləri kimidir. O kəsə deyilir ki,
Bunları elə ilk dəfə yoxdan yaradan kəs dirildəcəkdir və O hər şeyi xəlq etməyə alimdir.
Bizim isbat, yaxud inkar edilməsinə əqli dəlilimiz olmadığı, yaxud dəlilin olmadığını güman etdiyimiz üçün rəcət məsələsində ilahi vəhy mənbəyindən qaynaqlanan ayə və rəvayətlərin sorağına getməliyik. Quranda bəzi ayələr rəcətin baş verməsinə və ölülərin dirilib bu dünyaya qaytarılmasına dəlalət edir. Məsələn, İsa (əleyhis-salam)-ın ölüləri diriltməsini misal göstərmək olar. O, Bəni-İsrailə xitabən deyir:
Mən Allahın izni ilə anadangəlmə koru, xora xəstəliyinə tutulanları sağaldır, ölüləri dirildirəm.
Başqa bir ayədə keçmiş peyğəmbərlərdən birinin uçub-dağılmış, xaraba qalmış bir diyardan keçərkən dedediyini qeyd edir:
Öldükdən sonra Allah bunları necə dirildəcək?! Allah onu 100 il öldürüb, sonra yenidən diriltdi.
Yaxud, bəhsin əvvəlində qeyd etdiyimiz Mömin surəsinin 10-cu ayəsini qeyd etmək olar. Bu ayələr aydın şəkildə göstərir ki, rəcət öldükdən sonra elə bu dünyada baş verir və bu ayələri başqa cür yozmaq səhih deyildir. Amma bəzi təfsirçilər bu qəbildən olan ayələri təvil etməklə onların həqiqi mənalarından uzaq, qeyri-məqul şeylə məna etməklə özlərini çətinliyə salmışlar.
İkinci iradı edənlərin isə (yəni rəcət barəsində olan hədis və rəvayətlərin əsassız olmasını iddia edənlər) heç bir dəlilləri yoxdur. Çünki rəcət məsum İmamlarımızdan çoxlu və mütəvatir hədis və rəvayətlər əsasında gəlib çatan aşkar və zəruri işlərdəndir.
Rəcətin baş vermə keyfiyyəti və mənası aşkar olduqdan onra özünün fəzl və mərifət sahibi olmasını iddia edən Əhməd Əmin məşhur Fəcrül-İslam kitabında Yəhudi dini şiələrin arasında rəcətə etiqad bəsləməklə zahir olmuşdur deməsi doğurdan da təəccüblü deyildirmi?! Biz də bu yazıçının iddiasına müvafiq olaraq deyirik: deməli yəhudi dini rəcətə etiqad səbəbi ilə Quranda zahir olmuşdur. Necə ki, əvvəldə rəcətin baş verməsini göstərən ayələri qeyd etmişdik.
Biz məsələni bir az da genişləndirib deyirik həqiqət budur ki, təhrif olunmamış yəhudi və məsihi dini İslamın çoxlu etiqadatlarında zahir olmuşdur. Çünki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sabiq ilahi din və şəriətləri–onların bəzi hökmlərinin İslamın gəlişi ilə qüvvədən salınmasına baxmayaraq–təsdiq edən idi. Deməli, sözügedən yazıçının iddia etdiyi kimi, rəcət məsələsinin təhrif olunmamış yəhudi dinində mövcud olmasını fərz etsək də belə, bu dininin bəzi etiqadlarının İslamda zahir olması heç də eyb və nöqsan deyildir.
Bundan əlavə, qeyd etmək lazımdır ki, rəcət heç də etiqad bəsləməyin vacib olduğu islami etiqad üsullarından deyildir. Biz şiələrin ona etiqadları isə məsum İmamlarımızdan gəlib çatan səhih rəvayətlərə tabe olmaq xatirinədir. Çünki, bizim əqidəmizə görə onlar yalandan uzaqdırlar və rəcətin mövzusu qeybi işlərdən olub onlar tərəfindən xəbər verilmişdir., baş verməsi heç də qeyri-mümkün deyildir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter