Əşərİ məzhəbİnİn banİsİ kİmdİr?
Əşəri məzhəbinin banisi kimdir?
Əş᾿əri məzhəbi Əbul Həsən Əli ibni İsmail Əş᾿əriyə mənsubdur. Əbul Həsən Əş᾿əri 260-cı Hicri ilində Bəsrədə dünyaya gəlmiş və 324, yaxud 330-cu Hicri ilində vəfat etmişdir. Atasının ölümündən sonra anası, mö᾿təzilənin böyük rəhbərlərindən olan Əbu Əli Cəbai ilə izdivac etmişdi. Əbul Həsən o vaxtdan e᾿tibarən anası ilə birlikdə atalığının evində yaşamış və cavanlıq vaxtlarından onun tərbiyəsi altında böyümüşdür. Əş᾿əri uzun müddət onun şagirdi olmuş və mö᾿təzilə məzhəbini qəbul etmişdi. Amma təqribən qırx yaşında ikən, mö᾿təzilə məktəbindən əl çəkərək yenidən əhli-hədisə üz gətirmiş və bu məzhəbin təbliğatçısı olmuşdur. Həqiqətdə o, mö᾿təzilənin əqlə ifratçı dərəcədə üstünlük vermələri ilə əhli-hədisin zahiri mə᾿naları əxz etmələri arasında olan orta mövqeli bir məzhəb yaratmaq fikrində olmuşdu. Əbül Həsən Əş᾿əri həyatının üçüncü bölməsində (yə᾿ni mö᾿təzilə məktəbindən üz döndərdikdən sonra) bir çox kitablar yazmışdı ki, tarixçilərdən bə᾿ziləri onların sayını 300 cildə qədər saymışlar.
Əşərinin Mötəzilə firqəsindən ayrılmasının səbəbləri
Əşəri bir gecə Rəsuli-Əkrəmi (s) yuxuda görür. Yuxuda həzrət Peyğəmbər ona göstəriş verir ki, mö᾿təzilədən əl çəkib əhli-hədis məzhəbinə qoşulsun. İkinci dəlil onunla ustadı Əbu Əli Cəbai arasında olan bə᾿zi ixtilaflardır.Mö᾿təzilə məktəbi gizli fəaliyyətlə məşğul olduğu halda, əhli-hədis məktəbi rəsmiyyətlə tanınmış və camaatın əksəriyyəti ona tabe olmuşdu. Həm əhli-hədisin əqidə baxımından irad və zəif nöqtələri ilə, həm də mö᾿təzilənin əqli üslubları ilə tanış olan Əbul Həsən Əş᾿əri qərara alır ki, həmin əqli üsulları əhli-hədisə daxil etməklə onların e᾿tiqadlarını islah etsin.
Əş᾿əri məzhəbinin hansı səciyyəvi xüsusiyyətləri vardır?
Əbul Həsən Əş᾿ərinin qarşısında iki müxalif məktəb və nəzəriyyə mövcud idi:
1. Əqli qaydalara meyl edən mö᾿təzilə məktəbi; bu məktəb ardıcılları e᾿tiqad üsullarının qəbul və isbat olunmasında, hədislərin məzmun və möhtəvasının isbat olunmasında əsas me᾿yarı əql hesab edirdilər.
2. Əhli-hədis kimi zahirə istinad edən firqələr; onlar ayə və hədislərin zahirinin tələbinə uyğun əməl edir, bu işdə azacıq da olsa belə, əqli təhlilləri caiz bilmirdilər. Bu firqələr əsas e᾿tibarilə əqlin e᾿tiqadi üsullarda, onların şərh və bəyan olunmasında rol oynaması ilə müxalif idilər. Buna görə də əhli-hədisin nəzərində mö᾿təzilə bid᾿ətçi kimi tanınmışdı. Əbul Həsən Əş᾿əri bu iki məzhəb arasında mö᾿tədil bir mövqe və üslub seçmək qərarına gəlmişdi.
İlahi sifətlər barəsində əş᾿ərilərin nəzəri nədir?
Mö᾿təzilə məzhəbinin əksər ardıcılları zati sifətlərin Allahın zatı ilə eyniyyət təşkil etdiyini deyirlər. Bunun müqabilində əhli-hədisdən bir qrupu sifətlərin Onun zatına artırılmasına inanırlar. Bu bəyanda Əş᾿əri ikinci nəzəriyyəni seçib və ona bir şey də əlavə etmişdir. O, deyir: Allah-taala elm vasitəsilə alimdir, qüdrət vasitəsilə qadirdir, həyat vasitəsilə diridir, iradə vasitəsilə müriddir, kəlam vasitəsilə mütəkəllimdir və s.