HƏQİQİ İMAN VƏ HƏQİQİ MÖMİN Hansı XÜSUSİYYƏTLƏRƏ malİKdİR?
Bəzi Quran ayələri həqiqi imanı tanıtdırır və insanları belə bir imana yiyələnərək onu kamilləşdirməyə çağırır. Bu ayələrdən biri «Ənfal» surəsinin 2-ci ayəsidir: «Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər». Özümüzü sınaqdan keçirməklə belə bir xüsusiyyətə malik olub-olmadığımızı müəyyənləşdirə bilərik. Bu ayə haqqında ətraflı danışsaq daha yaxşı olar.
Quran dilində «qəlb» həm mərifət, həm də hiss və xasiyyətlər mərkəzidir. Yəqinlik, iman, məhəbbət, qəzəb, qorxu, ümid və sair xüsusiyyətlərin və hisslərin yeri qəlbdir. Elmi dildə desək qəlb hisslərin maarif ocağıdır. Əgər qəlbdə iman varsa imana uyğun hiss önə gəlməlidir. Əgər insan bir şəxsi həqiqətən sevərsə o şəxs yada düşər və ya başqa biri onun adını çəkərsə insanın halı dəyişər. Məhəbbət çox olduqca, hal da çox dəyişməlidir.
Halın dəyişməsi Allahın yada salınmasından asılıdır. Allahı sonsuz əzəmət sahibi kimi tanıyan insanın tanıma dərəcəsindən asılı olaraq halı dəyişir. Bu işdə Allah qorxusu deyilən hiss olduqca təsirlidir. «Sən yalnız Rəbbindən qorxanları xəbərdar edirsən»[«Fatir» surəsi, ayə 18.]. Bəli, belə bir qorxu olmadığı halda dəvət və nəsihətlər faydasız qalır. Ayələrdə «vəcəl» kimi ifadə olunmuş hal həmin təkan, silkələnmə halıdır. İnsan belə bir hal keçirməsə Allahı xatırlamaq əhəmiyyətsizdir. Allahı düşünən zaman insanın halı dəyişmirsə bu həqiqi iman deyil. Demək, imanın ilk xüsusiyyəti budur ki, Allah yada düşən an hal dəyişsin.
«Həqiqi imanın ikinci xüsusiyyəti odur ki, dəyişməz və durğun olmasın» buyurulur. İman daimi hərəkətdə olmalı, inkişaf etməlidir. Quran ayəsi eşidən insanın imanı artmalıdır. İmanın müəyyən bir mərtəbəsinə malik olan insan üçün Quran Allahın göndərdiyi bələdçidir. Sevdiyi şəxsdən məktub alan insan şövqə gəlib sevinir. Quran isə Allahın öz bəndələrinə məktubudur. Necə ola bilər ki, insanın iman gətirdiyi Allahın məktubu oxunarkən insanın halı dəyişməsin?! Hal dəyişmirsə, demək iman zəifdir. Qurani-Kərimdə buyurulur ki, qəlbindəki imanı diri olan insan Quran oxunarkən diqqətlə qulaq asır və nəticədə imanı artır.
İmanın üçüncü xüsusiyyəti «yalnız Allaha təvəkkül edilməsidir». Elə ki, insanın imanı artır bütün müşküllərinin açılışını Allahdan bilir, Onun hər şeyi əhatə etdiyini anlayır, nəticədə Allahdan başqasına etimad göstərmir. İnsan adətən, təzahürlər silsiləsini görür, amma əsl amildən xəbərsiz qalır. Hansı ki, insanın bütün gördükləri yalnız Allahın iradəsi ilə hərəkətə gəlir. Bunu anlayan insan Allahdan qeyrisinə bağlana bilərmi?!
Digər bir tərəfdən ata-ana qarşısında, övliyaların hüzurunda təvazö göstərərək kiçilmək tapşırılır. Sözsüz ki, burada əsas məqsəd Allahın əmrinə itaətdir. Möminin şəxsiyyəti Allahdan qeyrisinə əyilməyə imkan vermir.
Yuxarıda möminin üç xüsusiyyətindən danışıldı. İman üçün iki zahiri əlamət də vardır: namaz və infaq (ehtiyaclıya kömək). «Ənfal» surəsinin 3-cü ayəsində buyurulur: «(Möminlər) Namaz qılar və verdiyimiz ruzidən Allah yolunda sərf edərlər».
Sadalanan üç batini və iki zahiri xüsusiyyət həqiqi imanın əlamətləridir. Allah-təala bu xüsusiyyətləri sadaladıqdan sonra «məhz onlar həqiqi möminlərdir»-deyə buyurur. İnsanın düşüncəsində və əməlində əsər qoymayan iman iman deyil. İmam Sadiq (ə) da İbn Cündəbə bu həqiqəti belə çatdırır: «O şəxslər mömindirlər ki, qəlblərində Allah qorxusu olsun». İnsan adətən, bu incə nöqtəyə diqqət göstərmir. Biz adətən, Allahdan pis işimizə görə qorxuruq. Çünki pis iş insanın süqutuna səbəb olur. Hansı ki, insan pis iş görməsə də qorxmalıdır.
İnsan hər an Allahın yardımına ehtiyaclıdır. Məsələn, biz yalnız onun köməyi ilə imanımızı qoruya bilərik. Həzrət Məsumənin (ə) ziyarətində oxuyuruq: «Malik olduğumu məndən alma». «Ali-imran» surəsinin 8-ci ayəsində buyurulur: «Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlbimizə şübhə salma». İnsan necə əmin ola bilər ki, malik olduğu imanı əldən verməyəcək? Bütün bunları nəzərə alan insan Allah dərgahına əl açır.
Demək, mömin insan Allahın əzəmətindən qorxur. Bu qorxu günaha görə qorxudan fərqlənir. İmam Sadiq (ə) buyurur: «Mömin ona nəsib olmuş doğru yolu (hidayəti) itirməkdən qorxur». Gündəlik namazda insan məhz bu qorxu ilə «bizi doğru yola hidayət et» kəlmələrini bir neçə dəfə təkrarlayır. Allahın hidayətindən məhrum olan insan yolunu azır. Ona görə də möminin Allahdan iki qorxusu vardır: Allahın əzəmətini düşünərkən duyulan qorxu və Allahın nemətlərindən məhrum olmaq qorxusu.
İlahi ayələri dinləyən möminin imanı artır. Eləcə də, yaranışdakı ilahi dəlillər müşahidə ediləcək ilahi qüdrətin bütün dünyaya nüfuz etdiyi aşkarlanır.