Cənnət necədİr?


“Cənnət” sözü Quranda 143 dəfə çəkilir. Mən burada Quranın cənnət təsvirini ümumiləşdirdiyim üçün, hər dəfə surə və ayələrə istinad verməyəcəyəm. Xəbərdaram ki, cənnət haqqında yüz cür poetik spekulyasiya var, amma mən sadəcə Qurandan çıxış edirəm, həm də şərhsiz.
“Cənnət” ərəb dilində çaylar, bitkilər, meyvələr, çiçəklər və gözəl iylərlə “örtülmüş yer” deməkdir. (Ərəbcə c-n-n qəlibindən “məcnun” da ağlı örtülmüş olan deməkdir). Ümumiyyətlə, cənnət təsvirlərində bu çay məsələsi Quranda o qədər təkrarlanır ki, hətta cənnəti ən lakonik olaraq belə də təqdim etmək olar: zəminindən və yaxud altından (bəzən də içindən) çaylar axan yer.
Meyvələr, qızlar, çaylar, içkilər, (sərin) kölgənəcəklər, bulaqlar, rahatlıq… Cənnətin nemətləri bitib-tükənməyəcək. Cənnətdə ruzi bolluğu olacaq. Cənnət cürbəcür ağaclarla dolu olacaq. Cənnət bağçadır. Cənnət yamyaşıldır.
Rəng məsələsinə gəldikdə, cənnət ağacların yaşıl rəngindədirsə, cəhənnəm də səhra atəşinin sarı rəngindədir.
Cənnətdə dadı dəyişməyən su çayları, xarab olmayan süd çayları, ləzzətli, amma içəni sərxoş etməyən şərab çayları, süzmə bal çayları var. (Fikir verirsinizsə, ərəbin real həyatda məhrum olduğu şeylərdən cənnətdə çay-çaydır).
Orada meyvələrin hər növü olacaq. Həm də orada meyvələri ağaclardan dərmək də çox asanlıqla başa gələcək. Cəhənnəmdə isə içənin bağırsaqlarını dağıdan qaynar və irinli sular, əbədi od və əzab olacaq. Cənnətdə isə möminlərə fincanlarda sərin, bol içki paylanacaq.
Möminlər cənnətdə qızıl və ya gümüş bilərziklər taxacaq, incilərlə bəzənəcəklər. Onların paltarları ipəkdən, özü də yaşıl rəngdə ipəkdən və ya atlasdan və yaxud da qalın və incə dibacdan (çiçək naxışlı xüsusi növ ipəkdən) olacaqdır. Xatırladım ki, o dövr üçün ipək ən bahalı parça sayılırdı. 55 dərəcə istidə dəvə yunundan hazırlanmış paltarda gəzməklə müqayisədə, sərinlik mənbəyi Çin ipəyinin Qurana daxil olmasında təəccüblü nə ola bilər? Ərəbistan yarımadasının təbiəti haqqında oxuduqlarımdan məndə belə bir təəssürat formalaşıb ki, bu təbiətin yoxsul olması ilə yanaşı, o həm də çox dəyişkəndir: otlaq yerləri hər mövsüm dəyişir, su yerləri tez-tez dəyişir, havanın hərarəti bir anda dəyişir, fırtınanın istiqaməti sürəkli dəyişir, yağışlar bir anda yağıb qurtarır və s. Cənnətin isə əsas cəhəti onun dəyişməzliyi, daimiliyi, qurtarmaması, bolluğu və əbədiliyidir. “…cənnətin xüsusiyyəti: onun zəminindən çaylar axır. Meyvələri və kölgəsi daimidir…”
Bir də, cənnətdə nə insan, nə də cin əli dəymiş, bakirə (tərtəmiz) və hamısı da bir-birilə (və yaxud möminlərlə) yaşıd olan və gözlərini partnyorlarına zilləmiş gözəllər olacaq. Və bu qızlar “məmələri tumurcuq kimi qabarmış”, yəni yeniyetmə qızlar olacaqlar. Yazıq körpələr…
Bu gün həcc ziyarətindən, neftdən və nəhayət, Qərb texnologiyası sayəsində təbiətdən asılılıqdan azad olmuş ərəblər həyatlarını xeyli dərəcədə yüngülləşdirə biliblər. O vaxtlar isə yerləri tez-tez dəyişən su mənbələri və mövsümi otlaqlar üstündə qəbilələrarası müharibələr və basqınlar baş verərdi. Bu basqınlarda qan tökməmək şərtilə qadın qaçırmaq, sürüləri və malları qəsb etmək qanuni sayılırdı. Qəbilələrarası belə müharibələr və qarşılıqlı qisaslar bəzən illərlə davam edərdi. Cənnətdə isə bunların heç biri olmayacaq. Orada möminlər qapıda ərəb dilində “salam” sözü ilə qarşılanacaqlar və bir-birlərinə də “salam, salam” deyərək, əbədi sülh və əmin-amanlıq şəraitində yaşayacaqlar.
Göründüyü kimi, cənnət daha çox maddi idealdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter