Hz.Əlİnİn(ə) hansı xütbəsİ məsİhİnİ İslam dİnİnİ qəbul etməyə sövq etdİ?
Hüccətül-İslam vəl-muslimin Səqai Bi-Riya ABŞ-da olduğu müddətdə İslam dinini qəbul edib özünə Əli adını götürmüş şəxslə tanışlığından danışıb. Hüccətül-İslam Səqai Bi-Riya deyib ki, mən Əlidən İslam dinini necə qəbul etməsini soruşdum və o mənə cavabında dedi: \"Mən İslam dini ilə maraqlanırdım. Bir neçə kitab da mütaliə etmişdim. Təsadüfən əlimə Nəhcül-Bəlağə kitabı keçdi və başladım onu mütaliə etməyə. Oxuya-oxuya gəlib bu xütbəyə çatdım ki, Hz.Əli(ə) buyurur: \"Allaha and olsun, əgər yeddi iqlimi onların göylərinin altında olan bütün şeylərlə birlikdə mənə versələr ki, bir qarışqanın ağzından arpanın qabığını çıxarmaqla Allaha itaətsizlk edim, etmərəm\". Bu söz o qədər mənə təsir etdi ki, göz yaşlarımı saxlaya bilmədim. Həmin vaxt qərara gəldim ki, İslam dinini qəbul edim. İndi də həmin xütbəni oxuduğum zaman eyni halı yaşayıram və göz yaşlarımı saxlaya bilmirəm\".
Nəhcül-Bəlağə 224-cü xütbə: Zülmdən uzaq durmaq
And olsun Allaha ki, gecəni dəvətikanının üstündə oyaq keçirməyim və zəncirlə bağlanaraq öldürülməyim, mənim üçün Qiyamət günü Allah və Peyğəmbərə, bəndələrin bəzilərinə zülm edib dünya malından bir şey qəsb etmiş halda qovuşmaqdan daha xoşdur. Sürətlə köhnəlməyə və çürüməyə doğru gedən və torpaq altında qalması uzun çəkəcək nəfsə görə kiməsə necə zülm edim?!
And olsun Allaha, Əqili çox yoxsul və pərişan halda gördüm və məndən sizin buğdanızdan bir batman istədi. Həmçinin onun uşaqlarını qəm-kədərdən tutqun rəngdə, toz-torpaqlı saçlarla gördüm, sanki üzləri mavi rənglə qaraldılmışdı. Əqil öz istəyində təkid edərək sözünü təkrar edirdi və mən onun söhbətinə qulaq asırdım. Güman edirdi ki, mən öz dinimi ona sataraq öz yolumdan əl götürüb onun arxasınca gedəcəyəm. Buna görə də onun üçün bir dəmir parçası qızdırıb bədəninə yaxınlaşdırdım ki, ibrət götürsün. O, qızarmış dəmir parçasının ağrısından xəstənin nalə etməsi kimi nalə edib fəryad qopardı və az qalmışdı ki, ondan yansın. Ona dedim: Ey Əqil, analar matəmində ağlasınlar! İnsanın oynamaq üçün qızdırdığı dəmir parçasından nalə qoparırsan, amma məni qüdrətli Allahın qəzəbindən yandırdığı oda tərəf çəkirsən?! Sən bu əziyyətə görə nalə qoparırsan, amma mən Cəhənnəm odundan fəryad qoparmayım?! Əqilin əhvalatından daha təəccüblüsü bir şəxsin axşam, ağzıbağlı qabdakı hədiyyə ilə və nifrət edib barəsində bədbin olduğum, sanki ilanın tüpürcəyi və ya qusmağı ilə qatışdırılmış halva ilə yanımıza gəlməsidir. Ona dedim: Bu hədiyyədir, zəkatdır, yoxsa sədəqə? Zəkat ilə sədəqə biz Əhli-beytə haramdır. Dedi: Sədəqə və zəkat deyil, hədiyyədir. Dedim: Anan matəmində ağlasın. Məni Allahın dininin yolu ilə gəlib aldadırsan? Dərk edib anlamırsan, yoxsa dəlisən və yaxud boş-boş danışırsan? Allaha and olsun, əgər yeddi iqlimi onların göylərinin altında olan bütün şeylərlə birlikdə mənə versələr ki, bir qarışqanın ağzından arpanın qabığını çıxarmaqla Allaha itaətsizlk edim, etmərəm. Həqiqətən sizin dünyanız mənim yanımda çəyirtkənin ağzında çeynədiyi yarpaqdan da ucuz və dəyərsizdir. Əlinin əldən çıxan nemət və qalmayacaq ləzzətlə nə işi? Ağlın yuxuya getməsindən və sürüşmənin çirkinliyindən Allaha pənah aparıram və ancaq Ondan kömək diləyirəm.
Qeyd edək ki, Azərbaycan dilinə tərcümə olunmuş Nəhcül-Bəlağə kitabında bu xütbə 215-ci xütbə kimi qeyd olunmuşdur.