Hz.Rəsuləllahın(s) minbəri adlanan Məscidun-Nəbi(s) minbərinin tarixi nə zamandandır?


Rəvayətlərdə bildirilir ki, Hz.Rəsuli-Əkrəm(s) ilk dövrlər xurma ağacına söykənərək xütbə oxuyardı. Dahasonra səhabələrdən biri təklif edir ki, minbər düzəldilsin və Peyğəmbər(s) onun üzərində oturub söhbət etsin. Bu həm hamının Peyğəmbəri(s) görməsinə həm də Peyğəmbərin(s) ayaq üstə qalaraq əziyyət çəkməməsinə səbəb olar.

Başqa rəvayətlərə görə isə minbərdən əvvəl Hz.Rəsuli-Əkrəm(s) gildən düzəldilmiş oturacaqda əyləşərmiş və hicrətin 7-ci ilində taxtadan minbər düzəldilir.

3 pillədən ibarət olan həmin minbəri Müaviyyə(l) hakimiyyəti zamanı Şama gətirmək istəyir. Amma camaat şiddətlə buna etiraz edir və Müaviyyə(l) fikrindən daşınır. Sonralar həmin minbərə daha 6 pillə əlavə düzəldilir. Camaat hicri qəməri təqvimi ilə 654-cü ilə kimi həmin minbərə təbərrük edərdi.

654-cü ildə Məscidun-Nəbi(s) yanır və məscidin minbəri də külə dönür. Məscid yenidən tikilən zaman yanmış minbərin qalıqlarını hal-hazırda minbərin durduğu yerdə dəfn edirlər. 664-cü ildə Məmluk hökmdarı olan Sultan Baybars yeni minbər hazırlatdıraraq Məscidun-Nəbiyə(s) göndərir. 797-ci və 820-ci illərdə həmin minbər digərləri ilə əvəzlənir ki, sonuncusu 886-cı ildə yenə Məscidun-Nəbi(s) də baş vermiş yanğın zamanı aradan gedir. 889-cu ildə digər Məmluk hökmdarı Sultan Qayıt Bəy yeni minbər yollayır. Həmin minbər də 998-ci ildə Osmanlı hökmdarı Sultan Murad həmin minbəri yolladığı minbərlə əvəzləyir və həmin minbər hal-hazırda Məscidun-Nəbini(s) bəzəməkdədir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter