Xanım Fatiməyi Zəhra(s.ə)-nın adları nədİr?
Yunis ibn Zəyban İmam Sadiq(ə.s)-in belə söylədiyini nəql edir:
«Fatimə(s.ə)-nin Allah dərgahında doqquz adı vardır–Fatimə, Siddiqə, Mubarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə, Mühəddəsə, Zəhra. Fatimə adının mənası hər cür pislikdən ayrılmış (və ya seçilmiş), təmizlənmiş deməkdir. Əgər Fatimə olmasaydı, möminlər ağası Əli(ə.s) üçün Adəmdən tutmuş ta qiyamətə kimi yer üzündə həyat yoldaşı tapılmazdı.»
Bəzi rəvayətlərdə belə gəlmişdir ki, onun Fatimə adlandırılması buna görədir ki, Xanımın yerinə yetirəcəyi işləri cəhənnəm atəşindən çox-çox uzaq, elm və kamalın vasitəsilə başqalarından qat-qat fərqlənir. Qadınlara məxsus hər ay baş verən adətdən pakdır. İnsanlar onu tanımaqda acizdirlər. Allah-təala onu və onun mömin, Tanrının birliyinə səmimi-qəlbdən inanan övladlarını, dostlarını cəhənnəm atəşindən uzaqlaşdırar.
Yenə də rəvayət olunubdur ki, Fatimə(s.ə)-nin adı Allahın «Fatir» adından götürülmüşdür. O Həzrətə ona görə «Tahirə» deyirlər ki, hər cür pislik və çirkinlikdən uzaqdır. Qadınlara məxsus adəti görməmişdir. «Zəhra» adlandırılmasının səbəbi isə gündə üç dəfə nurlu camalının həzrəti- Əli(ə.s) üçün cilvələnməsindən irəli gəlirdi.
Əbu Haşim Cəfəri deyir: «İmam Həsən Əsgəri(ə.s)-dən soruşdum ki, nəyə görə Fatimə(s.ə)-yə «Zəhra» deyirlər?»
Buyurdu:
«Fatimə(s.ə)-nin nurlu çöhrəsi əmirəlmöminin Əli(ə.s) üçün sübh doğan günəş, günorta nur saçan ay və axşam parlaq ulduz kimi idi».
Şeyx Səduq (r.ə) həzrəti-Riza(ə)-dan nəql edir ki, bir gün İmam söhbət əsnasında buyurdu: «Mübarək Ramazan ayında ay səmada hilallaşanda (yəni on dörd günlük olanda ) Fatimə(s.ə)-nin nuru ayın nurunu üstələyirdi, belə ki Fatimə(s.ə) evə girərkən ayın işığı yenidən aşkar olurdu».
İmam Sadiq(ə.s) Fatimə(s.ə)-nin «Zəhra» adlandırılması səbəblərindən birini belə açqlayır:
Behiştdə onun üçün qırmızı yaqutdan bir qübbə düzəlmişdir ki, həmin qübbənin hündürlüyünün ölçüsü bir illik yol məsafəsi qədərdir. Bu qübbə Allahın qüdrəti ilə fəzada heç bir sütun olmadan durmuşdur. Qübbənin yüz min qapısı vardır və hər qapının da ağzında min mələk dayanmışdır. Behişt əhli isə sizin səmada parlayan ulduza baxdınız kimi, ona baxaraq belə deyər:
«Bu parlaq imarət Fatimə(s.ə.)-nindir».
Həzrəti-Zəhra(s.ə)-nın adlarına bu adlar da daxildir: Hisan, Hürrə, Seyyidə, Əzra, Həvra, Məryəm, Kübra və Bətul. Rəvayətdə nəql olunur ki, o Həzrət bu səbəbdən «Bətul» adlandırılmışdır ki, heç vaxt qadın adəti görməmişdir. İbn Şəhr Aşub «Mənaqib» adlı kitabında yazır:
Səhih rəvayətlərə əsasən, Fatimə(s.ə) iyirmi ada malik olubdur ki, adlarından hər biri onun fəzilətlərini özündə əks etdirmişdir.
İbn Babəveyh bu adları « Müvəllid Fatimə» kitabında sadalamışdır».
O Xanımın künyələri: «Ümmülhəsən», «Ümmülhüseyn», «Ümmülmöhsin», «Ümmuləimmə», «Ümmüəbiha» və «Ümmülmöminin»-dən ibarət olmuşdur. Bu künyələr xanım Fatimə(s.ə)-nin ziyarətnaməsində də işlədilmişdirdir.
«Mənaqib» adlı kitabda qeyd olunmuşdur ki, göylərdə həzrəti-Fatimə(s.ə)-yə «Nuriyyə», «Səmaviyyə», «Haniyyə» də deyirlər.
«Haniyyə» adı ərinə və övladlarına qarşı çox mehriban, qayğıkeş olduğu üçün xanım Zəhra(s.ə)-ya verilmişdi.