İslama İman gətİrən İlk şəxs


Islami qəbul etməkdə heç kim Əli (ə)-dan qabağa düşməmişdir


Əli (ə)-ın həyatının ikinci hissəsini besətdən sonra və hicrətdən əvvəlki dövr təşkil edir. Bu dövr on üç ildən artıq olmamışdır. Əli (ə) bütün bu müddət ərzində Peyğəmbərin (s) hüzurunda olmuş və müəyyən vəzifələri öhdəsinə almışdı. Bu dövrün həssas və maraqlı məsələləri İmam (ə)-a nəsib olmuş bir çox iftixarlardır. Belə ki, bu iftixarlar tarix boyu Əli (ə)-dan başqa heç kəsə nəsib olmamışdır. Onun ilk iftixarı islamı hamıdan əvvəl qəbul etməsi, daha dəqiq desək, qəbul etmiş olduğu çoxdankı müsəlmançılığını aşkar etməsi idi. Islamı qəbul edib tövhid ayininə iman gətirməkdə qabaqcıl olmaq Quranın təkid etdiyi işlərdəndir. Quran aşkar şəkildə elan edir ki, islamı qəbul etməkdə qabaqcıl olan şəxslər Haqq-Taalanın razılığını kəsb etməkdə və ilahi rəhmətə nail olmaqda da qabaqcıldırlar. Quran \"islamı qəbul etməkdə qabaqcıl olmaq\" mövzusuna o qədər əhəmiyyət vermişdir ki, hətta Məkkənin fəth olunmasından əvvəl iman gətirib Allah yolunda öz mal və canlarından keçənləri, məkkəlilərə qələbə çaldıqdan sonra iman gətirib cihad edənlərdən üstün tutmuşdur. Islamın ilk çağlarındakı müsəlmanlara və Mədinəyə mühacirət etməzdən əvvəl islamı qəbul edənlərə gəldikdə isə, onlara daha artıq üstünlük verilir.
Izah: Məkkə şəhəri hicrətin səkkizinci ilində fəth edilmişdi və islam Peyğəmbəri (s) besətdən on səkkiz il sonra bütpərəstlərin sığındıqları Məkkə şəhərini fəth etmişdir. Məkkənin fəth edilməsindən əvvəl iman gətirənlərin imanlarına ona görə üstünlük verilir ki, onlar hələ islamın Ərəbistan yarımadasında hakimiyyətə çatıb qüvvəyə minmədiyi, hələ də bütpərəstlərin mərkəzlərinin alınmaz bir qala sayıldığı və müsəlmanların mal və canlarını növbənöv təhlükələr qarşısında təhdid olunduğu bir vaxtda iman gətirmişdilər. Peyğəmbərin Məkkədən Mədinəyə hicrət etməsi, Ovs və Xəzrəc qəbilələrinin, eləcə də Mədinə ətrafındakı qəbilələrin islamı qəbul etmələri nəticəsində müsəlmanların nisbi qüdrət əldə edərək hərbi əməliyyatların çoxunda qələbə çalmalarına baxmayaraq, təhlükə tamamilə aradan qaldırılmamışdı. Islamı qəbul edib mal və candan keçməyin yüksək bir dəyərə malik olduğu halda, sözsüz ki, Qüreyşin qüdrətindən başqa bir qüdrətin, barışmaz və düşmən qüvvələrindən başqa bir qüvvənin olmadığı bir şəraitdə imanı aşkar edib islamı qəbul etmək daha artıq və daha yüksək bir dəyərə malik olmalıdır. Məhz bu səbəbdən də Məkkədə və Peyğəmbərin dostları arasında islamı hamıdan əvvəl qəbul etmək heç bir fəzilətlə müqayisə oluna bilməyən iftixarlardan hesab olunurdu. Ömər özünün xilafəti dövründə islamın ilk çağlarında işkəncəyə məruz qalmış altıncı müsəlmandan-Xəbbabdan soruşdu ki, Məkkə müşrikləri səninlə necə rəftar etmişdi? O, öz köynəyini çıxarıb kürəyindəki yanıqları və işkəncə izlərini xəlifəyə göstərdi və dedi ki, dəfələrlə mənə dəmir zireh geyindirir, saatlarla Məkkənin qızmar havasında, yandırıcı günün altında saxlayırdılar, bəzən od qalayıb məni odun üzərinə atır və od sönənə qədər onun üstündə o tərəfə-bu tərəfə sürüyürdülər.
Bəli, doğrudan da ən böyük fəzilət və mənəvi üstünlük islam yolunda hər cür əzab-əziyyət və işkəncələrə canla-başla sinə gərərək bu cətinliklərə səmimi qəlbdən qəbul edən şəxslərə məxsusdur.
Hədisçilər və tarixçilərdən çoxu yazırlar ki, Peyğəmbər (s) bazar ertəsi günü risalətə (peyğəmbərliyə) məbus oldu və Əli (ə) o günün sabahı ona iman gətirdi. Rəsuli-Əkrəmin özü Əli (ə)-ın hamıdan əvvəl islamı qəbul etməsini aşkar şəkildə elan edib səhabələrin ümumi yığıncağında belə buyurdu: \"Qiyamət günü (Kövsər) hovuzunda mənimlə görüşəcək ilk şəxs islamı qəbul etməkdə ən qabaqcıl olanınız Əli ibni Əbu Talibdir.\"
Əli (ə)-ın islamı hamıdan qabaq qəbul etməsi ilə bağlı Peyğəmbəri-Əkrəmdən, Əmirəl-möminin Əli (ə)-ın özündən, eləcə də sair din rəhbərlərimizdən nəql olunan rəvayət və hədislər, həmçinin hədisçilərin və tarixçilərin bu məsələ barəsindəki rəyləri o qədər çoxdur ki, onların hamısını bu kitabda yerləşdirmək qeyri-mümkündür. Elə buna görə də, bu barədə təkcə İmamın öz sözlərini və bir tarixi hadisəni nəql etməklə kifayətlənirik. Əmirəl-möminin Əli (ə) buyurur: \"Mən Allahın bəndəsi, Peyğəmbərin (siğə) qardaşı və Siddiqi-əkbərəm. Məndən sonra bu sözü (Siddiqi-əkbər olmağı) yalançı və iftiraçıdan başqa bir kəs özünə aid etməz. Mən camaatdan yeddi il qabaq, Rəsulullah ilə namaz qılmışam. Mən onunla namaz qılan ilk şəxsəm.\"
İmam öz nəzərini başqa yerdə belə buyurur: \"O günlər islam dini Peyğəmbərin və Xədicənin evindən başqa bir yerə yol tapmamışdı. Mən də bu ailənin üçüncü şəxsi idim.\"
Başqa yerdə İmam özünün islamı hamıdan əvvəl qəbul etməsini belə bəyan edir: \"Ilahi, mən Sənə tərəf gələn, Sənin əmrini eşidib, Peyğəmbərinin dəvətini qəbul edən ilk şəxsəm. Məndən qabaq islam Peyğəmbərindən başqa, heç kim namaz qılmırdı.\"


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter