Nəfsanİ qüvvələrİ məhv etmək yox, normallaşdırmaq lazımdır?
Bəzi din və məzhəblərin ardıcılları kamala yetişmək üçün nəfsani qüvvələrin tamamilə məhv edilməsi fikrini irəli sürürlər. Ancaq islamda qüvvələrin hidayət və islah olunması əsas götürülür, çünki nəfsani qüvvələri, xüsusən şəhvət hissini məhv etmək həddən artıq zərərlər əmələ gətirə bilər. Əgər onun qarşısını almaq mümkün olsaydı, müdrik Allah onu yaratmazdı. Biz bu əqidədəyik ki, yaradılış aləmində Allah-təala heç bir şeyi məqsədsiz, faydasız yaratmamışdır. Əgər biz bir şeyin yaradılış fəlsəfəsini bilmiriksə, bu, o demək deyildir ki, uca Yaradan onu əbəs yerə xəlq etmişdir.
“Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?” («Möminun»-115)
“Qurani-Kərim”də buyurulur:
“O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı (Adəmi) yaratmağa palçıqdan başladı”. («Səcdə»-7)
Deməli, insan vücudunda yerləşdirilmiş nəfsani qüvvələrin hər biri öz yerində vacib və zəruridir, lakin onlardan düzgün istifadə etmək lazımdır, çünki bu qüvvələrdən düzgün faydalanmadıqda onlar münasib vaxtda itaət etməkdən boyun qaçırır, insana güc gəlib elə sıxışdırırlar ki, əqli kor edərək kütləşdirir, özlərini sakitləşdirmək üçün insanı hər cür çirkinliyə vadar edirlər. Burada hər bir kəs nəfsani qüvvələrdən düzgün və şəraitə uyğun istifadə edib, onları cilovlamalıdır. İnsan belə bir işi görməyə qadirdir, çünki «Quran»da buyurduğu kimi, Allah-təala ona xeyir və şər yolunu seçməkdə iradə və ixtiyar verib:
“Biz ona iki yolu (xeyir və şər) göstərmədikmi?” («Bələd»-10)
Başqa bir yerdə buyurur:
“Biz ona haqq yolunu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu, onun öz işidir)”. («İnsan»-3)
Xülasə, bu qüvvələrin gücü nə qədər çox olsa da, insanın ixtiyar və iradəsinin qarşısında acizdir. Əgər bir şəxs öz nəfsi ilə mübarizə aparıb, nəfsani qüvvələri lazımi qədər islah edəcəyinə söz versə, o, bunu mütləq bacaracaqdır.
Hər halda nəfsi-əmmarənin (çirkin işlərə sövq edən qüvvə) insanı bəd əməllərə təhrik etməsinə heç bir şəkk-şübhə yoxdur. Bu barədə “Qurani-Kərim”də həzrəti-Yusif(ə)-in dilindən belə nəql edilir:
“Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edir”. («Yusif»-53)
Əmirəlmöminin Əli(ə) buyurur: “Doğrusu, bu nəfs insanları pis iş və bəd əməllərə çox sövq edir. Kim ona inanarsa, ona xəyanət edər, kim onu nəzarətsiz qoyarsa, onu məhv edər və hər kim ondan razı qalarsa, onu (cəhənnəmin) ən dərin guşəsinə çəkər.” («Qürər»in mündəricatı: səh.391, №3491).
Bununla belə, insanın seçim hüququnu və qüdrətini nəzərdən qaçırmaq olmaz, çünki əgər «Quran»da o, bir yerdə əmmarə kimi adlandırlırsa, başqa bir yerdə ləvvamə kimi vəsf edilərək buyurulur:
“And içirəm qiyamət gününə, and içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməlim azdır deyə) özünü qınayan nəfsə!” («Qiyamət»-1,2)
Digər ayədə nəfsi-mütməinnə (xatircəm və arxayın nəfs) adı ilə vəsf edilərək buyurulur:
“Ey (imanından, əməlindən və Allahın vədindən) xatircəm olan şəxs! (Və ya ey arxayın nəfs!) «Dön Rəbbinə, sən ondan razı olaraq, o da səndən!” («Fəcr»-27,28)
Bu mərhələdə (xatircəm mərhələsində) üsyankar qüvvə insan iradəsi qarşısında məğlub olur. Bu özü də bir dəlildir ki, əgər insan istəsə, özünü tam surətdə idarə edə bilər. Ümumiyyətlə, insanın (başqa məxluqlardan-mələkdən və heyvandan) üstünlüyü onun seçim qüdrətinə malik olmasındadır. Əslində, insana mükafat və cəza, tərif və tənqid ona görə verilir ki, o həm xeyir əməllər yerinə yetirə bilər, həm də pis əməllər. Əgər yaxşı işə görə həvəsləndirilib, pis işə görə tənqid və tənbeh olunursa, bu, onun azadlığına və ixtiyar sahibi olmasına bir sübutdur. İnsanın elm, iman və əxlaq vasitəsilə öz nəfsani qüvvələrini normallaşdırıb xilqətin ali məqsədinə tərəf hidayət edə bilməsi onun ixtiyar və iradə azadlığı sayəsindədir. Qısaca desək, əxlaq elmi nəfsani qüvvələrin və düşüncələrin araşdırılmasından, onların necə nizama salınmasından və ümumən xilqətin ali məqsədlərinə, xüsusilə insan xilqətinin hədəflərinə tərəf hidayət etdirilməsindən ibarətdir.