İMAN ZƏİFLİYİNİN SƏBƏBLƏRİ NƏDİR?


Əlbəttə, hər bir xəstəliyi müalicə etmək üçün əvvəlcə xəstəliyin səbəblərini araşdırmaq lazımdır. Həmçinin, qəlb xəstəliklərinin də öz səbəbləri və müalicəsi var. İnşallah hər kəs öz qəlbinin həkimi olmağı bacarar. Əvvəlcə səbəbləri öyrənək:

1) Uzun müddət iman ab-havasından uzaq olmaq . Bu, insanda imanın zəifliyinə səbəb olur.
Allah taala buyurur: «İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı, onlar özlərindən əvvəl kitab verilən kimsələr kimi olmasınlar. Onların üstündən uzun bir müddət keçmiş və qəlbləri sərtləşmişdir. Onların çoxu fasiqlərdir» (əl-Hədid, 16)
Hikmətlə dolu olan bu ayə ona dəlalət edir ki, iman əhval-ruhiyəsindən uzun müddət uzaq düşmək qəlbdə imanın zəifləməsinə səbəb olur. Məsələn, hər hansı bir səfər xatirinə və ya vəzifəsini yerinə yetirmək üçün uzun zamana müsəlman qardaşlarından uzaqlaşan şəxs, əvvəllər kölgəsində yaşadığı iman abı-havasını itirir. Əsl mömin tənha olduqda özünü kasıb, qardaşları ilə birlikdə olduqda isə varlı hiss edər. Həsən əl-Basri (Allah ona rəhmət eləsin!) buyurur ki, «qardaşlarımız doğmalarımızdan daha əzizdir. Çünki doğmalarımız bizə dünyanı aşılayır, qardaşlarımız isə axirəti yadımıza salar» . Bu uzaqlıq davam etdikcə, bir müddət keçdikdən sonra insanı həmin iman ab-havasına qarşı qoyan dəhşətli bir şərait yaradır, qəlbdə sərtlik və zülm toxumları səpir, iman nuru isə sönür.

2) Nümunəvi işlərdən, xeyirxahlıqdan uzaq olmaq .
Saleh bir insandan tərbiyə alan şəxs özündə faydalı elmi, saleh əməli və güclü imanı təcəssüm etdirər. Belə insan elmi, əxlağı və fəziləti həmin saleh şəxsdən öyrənər, ondan ibrət götürər. Öyrənən əgər müəyyən bir müddətə öz müəllimindən uzaqlaşarsa, qəlbində narahatlıq hiss edər. Rəsulullah (s) vəfat etdikdə səhabələr dedilər: «Qəlblərimiz bizi inkar edir». Həmin an onları bir dəhşət bürümüşdü. Çünki bəşəriyyətin tərbiyəçisi, müəllimi və örnəyi olan Allahın rəsulu (s) artıq vəfat etmişdi.

3) Müsəlman bir insanın günahların çox olduğu yerdə qalması onun da bu günahları etməsinə səbəb olur.
İlk əvvəl hər hansısa mahnının sözlərini zümzümə edir, sonra siqaret çəkir, dili lənət, söyüş, küfr və böhtanlara öyrəşir. O ki, qaldı dedi-qoduya, qeybətə, nəmmamlığa və sair belə günahlara, onları saymaqla qurtarmaz.
Bəzi mühitlər yalnız dünyanı yada salırlar. Dünyadan başqa bir şeyin haqqında danışmırlar. Belə ki, bu gün müxtəlif dairələrdə bu, adi hal alıb. Ticarət, vəzifə, pul, istehsal, problemlər, inkişaf, tərəqqi, siyasət və sair məsələlər insanların əsas danışıq və maraq obyektinə çevrilib.
Ailələrdə baş verən hadisələrə gəlincə, bu, həqiqətən də acınacaqlıdır. Evləri bürüyən musiqi səsləri, izlənilən filmlər, haramlara qurşanma, hamısı ailədə imanın zəifləməsinə səbəb olur. Bu cür mühitdə yaşamaq qəlbdə zəiflik xəstəliyi yaradır. Şübhəsiz ki, bu da qəlbin paslanmasına səbəb olur.

4) Dünyaya və dünyəvi işlərə həddən artıq vaxt sərf etmək. Belə olduğu halda, hətta qəlb onun quluna çevrilir.
Rəsulullah (s) buyurur: «Dinarın və dirhəmin qulu həlak oldu». (Buxari, 2730).
Başqa bir hədisdə rəsulullah (s) buyurur: «Yolçunun azuqəsi kimi bir şey dünyada sizdən birinizə bəs edər». (Təbərani, 4/78; «Səhih əl-Cami», 2384). Yəni, bu dünyada kiçik bir şey də insanın yaşama ehtiyacını ödəyə bilər. Bu təzahür bu günki dövrdə insanlarda tamahkarlığın, acgözlüyün çoxalması ilə aydındır. Belə ki, insanlar yalnız ticarət, sənaye, qazanc dalınca qaçırlar. Bütün bunlar rəsulullahın (s) xəbər verdiyinin təsdiqidir: «Allah taala buyurur: «Həqiqətən, biz mal-dövləti namaz qılınması və zəkat verilməsi üçün nazil etdik. Əgər Adəm övladının bir vadisi olsa, o, ikincisini istəyər. Əgər ikisi olsa, üçüncüsünü istəyər. Adəm övladının boşluğu yalnız torpaqla dolar. Allah tövbə edənin tövbəsini qəbul edər» . ( Əhməd, 5/219; «Səhih əl-Cami», 1781).

5) Dünya malına, arvada və övladlara həddən artıq bağlılıq.
Allah taala buyurur: «Bilin ki, mal-dövlətiniz və övladlarınız sizin üçün ancaq bir imtahandır» (əl-Ənfal, 28)
Başqa bir ayədə Uca Allah buyurur:
«Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Lakin, bütün bunlar dünya həyatının keçici zövqüdür. Gözəl dönüş yeri isə Allah yanındadır» (Ali-İmran, 14) . Bu ayənin mənası odur ki, bütün bunlara, xüsusilə qadınlara və övladlara qarşı sevgi Allah və rəsuluna itaətdən önə keçirsə, onda bu əməli edən insan qınanır, məzəmmət edilir. Ancaq onlara qarşı sevgi Allah taalaya itaət üzərində və dini prinsiplərə uyğun şəkildədirsə, onu edən insanın əməli bəyəniləndir, tərifəlayiqdir.
Peyğəmbər (s) buyurur: «Mənə dünyadan qadınlar və gözəlliklər sevdirildi. Rahatlığımı da namazda tapdım». ( Əhməd, 3/128; «Səhih əl-Cami», 3124).

6) Uzun-uzadı ümidlər etmək.
Allah-taala buyurur: «Qoy kafirlər hələ yeyib-içsinlər, ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın, sonra biləcəklər» (əl-Hicr, 3).
Əli (ə) buyurur: «Sizin üçün ən qorxduğum şey nəfslərinizə tabe olmadığınız və uzun-uzadı ümidlərə qapılmağınızdır. Çünki istəklərə tabe olmaq haqdan uzaqlaşdırar, ümidlərə qapılmaq isə axirəti unutdurar». («Fəth əl-Bari», 11/236).

7) Çox yemək, çox yatmaq, həmçinin həddən artıq yuxusuz qalmaq, çox danışmaq və insanlarla ünsiyyətdə ifrata varmaq. Çox yemək zehni kütləşdirir, bədəni Allaha itaət etməkdən uzaqlaşdıraraq ağırlaşdırır və insan bədənində dolaşan şeytanı doyurur. Çox yeyib, çox içib, çox yatan kimsə böyük bir savabdan məhrum olar. Çox danışmaq isə qəlbi sərtləşdirir. İnsanlarla ifrat təmasda olmaq insanı fikirdən, düşünüb-daşınmaqdan çəkindirər. Çox gülmək isə qəlbdə həyat ünsürlərini məhv edir, öldürür.
Allahın rəsulu (s) hədisdə buyurur: «Çox gülməyin, çox gülmək qəlbi öldürür». (İbn Macə 4193; «Səhih əl-Cami»,7435).
Həmçinin, Allaha itaətlə keçməyən vaxtın nəticəsində sərt və əzazil qəlb formalaşır. Həmin qəlbə nə Quran ayələri, nə də dini nəsihətlər artıq fayda verməz.

İman zəifliyinin səbəbləri çoxdur. Onları çərçivəyə sığışdırmaq olmaz. Lakin qeyd olunanlardan qeyd olunmayanları da görmək mümkündür. Aqil olan kəs bunu özü-özlüyündə dərk edər. Allahdan diləyirik ki, qəlblərimizi təmizləsin və bizi nəfslərimizin şərindən qorusun!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter