İman və küfrün tarixi nə zamandandır?
İnsan daima öz keçmişi ilə maraqlanır. Bunun iki səbəbi var: biri xəstəlikdir – nostalji xəstəliyi. Bu xəstəliyə tutulanlar keçmiş günlərini daim xatırlayaraq o günlərlə yaşamaq istəyirlər. Onlarda gələcək üçün elə bir həyat ümidi yoxdur. Keçmişə normal maraq isə təbiidir. Bu, mövcud olduğu zamanı, şəraiti daha yaxşı başa düşmək məqsədi güdür. İdarəetmə, gününün hadisələrinə təsiretmə məqsədi daşıyan insanlar daim tarix ilə maraqlanır. Hətta keçmişdəki hökmdarlar da tarixlə maraqlanıb, saraylarında tarixçilər saxlayaraq onlarla məsləhətləşirdilər. Onlar da anlayırdılar ki, yaranandan bu günə qədər insanın təbiəti, düşüncələri, nəfsani istəkləri eyni olaraq qalıb və qalacaq. Hər dövrdə insan yeyib-içir, qalmağa, yaşamağa yer axtarır və sevindirici hadisələrə sevinib, kədərli hadisələrə kədərlənir. Dəyişən yalnız zaman və məkan, şəraitdir. Tarix bir növ təkrarlanır. Bu mənada tarixi öyrənmək istəyinin təməlində insanı tanımaq istəyi durur.
Diqqət yetirsək, görərik ki, insan tarixi necə qəbul edirsə, bu, onun dünyagörüşünə birbaşa təsir edir. Bu baxımdan Avropadakı düşüncə və dünyagörüşünün dəyişməsi bütün dünyada iri bir dalğa yaratdı ki, hələ də insanların əksəriyyəti bu dalğanın üzərində çapalaya-çapalaya qalıblar. Məsələ burasındadır ki, 17-ci əsrin sonu, 18-ci əsrin əvvəllərində avropalı alimlər xristian və yəhudi kitablarındakı tarixin düzgünlüyü barədə şübhəyə düşdülər və əllərində olan dəlillərə (başqa yazılı və arxeoloji mənbələrə) əsaslanaraq tarix yaratmaq qərarına gəldilər. Xüsusilə yəhudilərin dini kitabları, zaman-zaman tarixə yer verir. Hətta Tövrat insanın Cənnətdən çıxış tarixini dəqiq rəqəmlərlə göstərir. Misirdə piramidalar üzərindəki araşdırmalar və Cində tapılan yazılı mənbələrdəki məlumatlar Tövrat və İncildən daha əvvəl yaradıldığı üçün tarixin mənbəyi olaraq bu müqəddəs kitablara olan inam itmişdi. Eyni zamanda kilsənin insan iradəsinə əhəmiyyət verməyən və qəzavü-qədəri əsas götürən üslubuna qarşı bir mübarizə məsələsinin də mövcud olduğunu nəzərə alsaq, belə mübarizə şüurunda olan dinə zidd insanların tarixə baxışının fərqli olmasına da təbii baxacağıq. Beləliklə, tarixin müqəddəs kitablara əsaslanaraq yox, tamamilə ağıl və tapıntılara söykənərək yaradılması fikri ortaya çıxdı. Tarixi rəqəmlərə bölərək bəzi hadisələr əsasında yazmaq “Rasionalist” yanaşmadır. Təbii ki, burda mühüm bir məsələ diqqəti cəlb edir: artıq müəyyən dünyagörüşünə sahib olan insan, tarix yazmaq qərarına gəlirsə, bunu öz dünyagörüşünün maraqları çərçivəsində edir. Buna ən qabarıq misal kimi, Darvini göstərə bilərik. Əslində Darvinin uzun-uzadı yazdığı təkamül nəzəriyyəsi İlahi qaynaqlı məlumatlara alternativ olmaq üçün yaradılan adi insan təxəyyülündən başqa bir şey deyildi. Darvin nəzəriyyəsinin bütün təməl prinsipləri elə dünyəvi, eksperimental elmi kəşflər sayəsində çoxdan qüvvədən salınıb. Amma bir işə baxın: Darvinin nəzəriyyələri əsasında qurulan “Marksizm” düşüncəsi milyonlarla insanın ölümünə və bədbəxtliyinə səbəb olmuşdu.
Tarix elmindən diktatorlar da daim sui-istifadə ediblər. Məsələn, Hitler arxeologiyanı sevirdi və arxeoloji qazıntıları özünəməxsus tərzdə izah etməklə öz çirkin məqsədlərinə dəstək tapırdı.
Elə Sovet dövləti qurulduqda da tərkibinə daxil etdiyi ölkələrin, o cümlədən Azərbaycanın tarixini yox etməyə, Sovet dövlətinin mənafeyinə xidmət edən, əslində isə rusların mədəniyyəti və tarixi mənfəətləri əsasında formalaşan tarıx yaratmağa başladı. Bir çox ölkələr kimi, bizim də əlifbamız kirilə çevrildi. (Əlbəttə, bundan əvvəl əski əlifbadan latın əlifbasına keçid də tarixi silmək mənasında doğru addım sayılmazdı). Saysız-hesabsız əlyazmalarımız məhv edildi. Dövrün öndə gedən şəxsləri (onların çoxu canlı tarix idi) repressiyaya məruz qaldı. Ən faciəli məsələ o idi ki, repressiya olunanların bütün əlyazmaları və şəxsi kitabxanaları elə evlərinin həyətlərindəcə yandırılıb məhv edilir, bu əsərləri gizlədib qorumağa çalışanlar isə amansızlıqla cəzalandırılırdı.
Türkiyədə də buna bənzər vəziyyət baş vermişdi. Turkiyə Cumhuriyyət idarəsi qurularkən keçmişlə olan bütün bağları qoparıb, o dövrü yox etmiş, o dövrlə əsas körpü olan əski əlifbanı dəyişib latın əlifbasına keçmişdi. Əvvəlki tarixi araşdırmalar ləğv edilib yeni bir tarix qurumu yaradılmış, rəsmi dunyagörüşünə uyğun tarix yaradılmağa başlanmışdı.
Tarixdən öz mənfəətləri istiqamətində istifadə etmək istəyənlər sırasında ön sırada dayananlardan biri də yəhudilərdir. Fələstin torpaqlarını işğal etdikdən sonra ilk işləri arxeoloji qazıntılara başlamaq olan bu millət, Müqəddəs torpaqlarda qazılmamış yer qoymayıblar. Əlbəttə ki, onların əsas hədəfi tapdıqlarından öz mənfəətləri istiqamətində istifadə edib işğalçı məqsədlərində irəliləməkdir. Hətta 1947-ci ildə Ölü dənizdən tapılan İncilin ilk dövrlərdə yazılan əlyazmalarını da uzun müddət “araşdırmış”, sonra istədikləri yerlərini çap etdirmişdilər.
Beləliklə, yazılanlardan belə bir nəticə çıxır ki, insanlar mütləq bir tarix anlayışı yarada bilmirlər. Çünki tarix böyük bir müəmmadır, qeybdir. Hətta insanları kölələşdirmək istəyən zalımların və həqiqətləri gizlətmək istəyən xainlərin yaratdığı tarix, minlərlə, milyonlarla insanın həyatına bais ola bilir. Elə isə həqiqəti öyrənmək istəyən və kölələşmək istəməyən insanın qarşısında bir seçim qalır: tarixi və tarixə baxışı qeybin Sahibi olan Allahın göndərdiyi kitabdan öyrənmək. Özü də bu kitab əsasən tarixi hadisələrdən bəhs edir.
Söhbət ondan getmir ki, biz bütünlüklə tarixi Qurandan öyrənməliyik. Əsas olan tarixə baxışdır. İndi bizə “tarix” deyə təqdim olunanlar insan oğlunun xəyalla qarışmış düşüncələri və nəzəriyyələri, diktatorluq arzuları, iqtidarını qorumaq üçün dəyişdirilən gerçəklərdir.
İnsanlar tarixi yaşamaq uğrunda mübarizə kimi qiymətləndirirlər. Amma Quran nəzərində tarix – iman mübarizəsi tarixidir. Qurandakı bütün tarixi hadisələrin öz iman qəhrəmanları var. Qabilin qarşısında Habil, Fironun qarşısında Musa, mənfəətpərəst maddi duşuncəli yəhudilərin qarşısında Məryəm, Əbu Cəhlin qarşısında Muhəmməd (s.a.v.v.) var. Məhz tarixə bu baxışın olmaması səbəbindən göz yaşlarını selə döndərən imperiyalar, dövlətlər yaradan ideologiyalar ortaya çıxıb.
Əgər mənbə axtarılarsa, ən gözəl mənbə elə Qurandır. Əsl mənbə insanları, zamanı Yaradanın mənbəyidir. Darvin, Marks kimilər saxta dəlillər, xəyallar üzərində qurduqları nəzəriyyələri üçün müxtəlif mənbələrdən dəlillər, köklər axtarıb tapmışdılar. Zamanla inkişaf etməkdə olan elm isə bütün bu dəlil və köklərin saxtalığını ifşa etdi. Belələri əsl mənbəni yox etdiklərini, əsl kökü qurutduqlarını sanırlar. Amma heç gümanları gəlməyən yerdən həmin köklər pöhrə verib boy atır, əsrlərlə təravətini qoruyan meyvələr verir.
Tarixin əsas müzakirə mövzusu insanlığın başlanğıcı və sonu məsələsidir. Quran (həmçinin İlahi kitablar) insanlıq tarixinin Adəmlə (ə.) başladığını bildirir. Son isə Qiyamətlə gələcək. Dünya elmi də əvvəl-axır dünyanın sonunun gələcəyi qənaətinə gəlib. Adəmlə (ə.) başlanan tarix, həm də dünya və həyat görüşümüz olan imanımızın başlanğıc tarixidir. Adəm (ə.) həm də ilk peyğəmbər idi. Beləliklə, risalət elə ilk insanla başlanır. Rəsullar Yer üzündə Allahın dəlilləri olub. Bu günümüzə qədər fasiləsiz olaraq Yer üzündə Allahın dəlilləri mövcud olub və mövcuddur. Son peyğəmbər Muhəmməddən (s.a.v.v.) sonra peyğəmbər olmasa da, məsum İmamlar (ə.) İlahi rəhbərlik rolunu ifadə ediblər. Onlar Muhəmmədin (s.a.v.v.) şəriəti əsasında hökm edən Allahın seçilmiş bəndələridir. Muhəmmədin (s.a.v.v.) peyğəmbərliyinə iman gətirmək vacib olduğu kimi, onlara da iman etmək, tabe olmaq iman məsələsidir. Onlara iman etməmək müsəlmanlıqdan çıxmağa səbəb olmasa da, insan kimi cahil qalmağa səbəb olar. O mənada zamanın İmamından xəbərsiz olmaq iman əhlinə yaraşmaz.
Zaman dəyişsə də, risalətin mənbəyindəki məna eyni olaraq qalıb. Təkallahlıq inancı tarixin ilk və son, həmişə əsas məsələsi olub. Müxtəlif peyğəmbərlərin, rəsulların göndərildiyi zamanların fərqli olması, onların gətirdiyi şəriətlərin fərqliliyində özünü göstərsə də, təkallahlıq inancı ümumiləşdirici amil kimi, dəyişməz olaraq qalıb və qalır. Son peyğəmbər Muhəmmədin (s.a.v.v.) şəriəti isə zamanın sonuna qədər insanlar üçün keçərlidir. Bunun əsas amillərindən biri Qurani-Kərimin Allah tərəfindən qorunaraq dəyişməz olaraq günümüzə gəlib çatmasıdır. Quran imanlı insanlar üçün işlərində, həyatlarında əsas yolgöstəricidir.
İnsanın iki cəhəti var: şəxsi tərəfi və cəmiyyət içərisindəki həyatı. İnsan Allahla olan şəxsi münasibətlərindən əlavə, cəmiyyətdə də bir çox məsuliyyətlər daşıyır. Bütün bunlar Qurani-Kərimdə öz əksini tapır. Məhz bu cəhətə görə, Qurani-Kərim daim müxtəlif cəmiyyətlərdə köklü islahatlara, hətta inqilablara səbəb olmuşdur. Qurani-Kərimin bu cəhəti mənfəətpərəst insanların fikrindən yayınmamış, bacardıqları qədər Quranı həyat səhnəsindən uzaqlaşdıraraq çirkin niyyətlərinə çatmağa çalışmışlar. Bu məsələ, hələ Peyğəmbərimizin (s.a.v.v.) sağlığında nəzərdə tutulmuş və hələ o vaxtlardan səhabə adı ilə müsəlmanların arasına soxulan münafiqlər (Müaviyə kimi) sonradan xəlifəliyə çatmaq və Quranı, İslamı səhnədən çıxarıb dünya mənfəətlərinə çatmaq üçün əllərindən gələni etmişdilər. Nəticədə, Muhəmmədin (s.a.v.v.) vəfatından qısa müddət sonra (Əlinin (ə) vəfatından sonra) qəsdən elə bir şərait yaratdılar ki, müsəlmanlar mövcud xəlifə ilə uyğunlaşıb onun Qurandan uzaq hərəkətləri ilə razılaşmağa məcbur qaldı. Beləliklə, hakimiyyətə tabe olub onun istəklərini etirazsız yerinə yetirən muzdur dəstəsi yarandı. Bunların arasında böyük yeri hərbi sahə tutdu. İmanını qoruyub Allahın hökmləri ilə yaşamaq istəyənlər bir kənara çəkilib ibadətlə məşğul oldular. Bir dəstə də heç bir siyasi məsələyə qarışmayan, yalnız elmlə məşğul olan alimlər dəstəsi yarandı ki, onlar da lazım gəldikdə hakimiyyətin maraqları çərçivəsində tarixi təhrif edib, hədislər uydurdular. Beləliklə, Quranın irəli sürdüyü hərtərəfli insan modeli üç yerə parçalandı. Dolayısı ilə, Quran parçalanaraq həyat səhnəsindən ibadət səccadəsinə endirildi. Yenidən əzilənlər və əzənlər, müstəkbirlər və müstəzəflər yarandı.
Amma tarix Qurani-Kərimin hadisələrə təsir qüvvəsini dəfələrlə sübut etmiş, zaman-zaman baş verən üsyanlar, inqilabların bünövrəsində bu İlahi kitabın zülmə boyun əyməmək mesajı durmuşdur. Bu baxımdan 19-cu əsr böyük əhəmiyyət daşıyır. Muhəmməd Abduh müstəmləkəçi ordularına qarşı müqavimət yaratmaq üçün Quran mövqeyindən çıxış edərək “İslamçılıq” düşüncəsini ortaya atdı. Nəticədə, bir çox cəmiyyətlərdə müstəmləkəçilərə qarşı mübarizə şüuru yarandı. Müstəmləkəçi zülmünə qarşı mübarizə aparan bütün cəmiyyətlərin müqavimət hərəkatlarında İslam və Quran təfəkkürü ortaq paya sahibdir.
İlk ciddi addımlar 1-ci dünya müharibəsindən sonra başlasa da, 2-ci dünya müharibəsindən sonra geniş vüsət alır. Osmanlı imperiyası dağılıb parçalansa da, onun hər parçasında bir İslam ulduzunun yaranıb parladığını görürük.
19-cu və 20-ci əsrdə də bu mübarizə yüksələn xətt üzrə inkişaf etmiş, daha mükəmməl şəxslər meydana çıxarmışdır. Pakistanda Muhəmməd İqbal, Məvdudi, Misirdə Həsən əl-Bənna, seyid Qütb, Liviyada Ömər Muxtar, Türkiyədə Məhməd Akif, Səid Nursi, İranda Ayətullah Müdərrisi, İmam Xomeyni bu şəxsiyyətlərdən ən tanınmışlarıdır. Bu şəxsiyyətlər yalnız Qərb müstəmləkəçiləri və müttəfiqləri ilə mübarızə aparmırdılar. Onlar həm də tam dinsizlik mənasındakı humanizmə qarşı mübarizədə idilər.
İslamın mütəşəkkil şəkildə möminlərin mübarizə vasitəsinə çevrilməsi mənasında “İslamçılıq” yarandığı gündən təxminən bir əsr sonra ən böyük meyvəsini İrandakı İslam İnqilabı ilə verdi. Bu, tarixi silkələyəcək dərəcədə güclü bir nəticə idi. Bu elə bir nur idi ki, qığılcımı ətrafa yayılaraq hər yeri işıqlandırdı. Bu inqilabın ən qabarıq xüsusiyyəti, ideoloji bünövrənin Qurani-Kərimdən qaynaqlanması idi. Əlbəttə, təsadüfi deyil ki, yuxarıda adı çəkilən bütün şəxsiyyətlər Quranı dərindən bilmiş, təfsir etmişlər. Tərəfdarlarını da Kitabla bəsləyib yetişdirmişlər.
Günümüzdə də əsl Quran tərəfdarları dünyanın siyasi səhnəsində müstəmləkəçiliyə qarşı əsas cəbhə alıb. Dövlət olaraq İran İslam Respublikasının adı çəkilirsə də, ayrı-ayrı dövlətlərin nüfuzlü siyasi təşkilatları əhəmiyyətli işlər görürlər. Livanda “Hizbullah”, Fələstində “Həmas”, Türkiyədə müxtəlif bəhanələrlə fəaliyyətinə qadağa qoyulduğu üçün müxtəlif adlarla yenidən yaradılaıb fəaliyyət göstərən, nəhayətdə xalqın dəstəyi ilə hakimiyyətə gələn “Ak parti” bunlardandır. Bütün bu partiyalar öz dövlətlərinin, cəmiyyətlərinin həyatında əhəmiyyətli rola malik olaraq dünyanı “udmaq” istəyən nəhəng dövlətlərin, o cümlədən Amerika və İsrailin fitnələrinə qarşı inamla mübarızə aparırlar.
Əslində günümüzdə siyasi coğrafiyanın bütün istiqamətlərində Quranın bu əbədi bölgüsünü görürük: küfr və iman mübarizəsini. Yəhudi və fələstinlilər; ruslar və çeçenlər; serblər və başnaklar (Bosniyalı); indoneziyalılar və patanyalılar; amerikanlar və İraq ərəbləri, əfqanlar; ermənilər və azərbaycanlılar.... Bu siyahını uzatmaq da olar. Bu, tarixə Quran baxışını yalnız və yalnız təsdiq edər. Əlbəttə, küfr və şeytan fitnələrini əksik etməyəcək. Qarşılığında isə Quranın həmişəyaşar məntiqi zülmə boyun əyməyənlərin yoluna işıq saçacaq. Tarix beləcə təkrar olacaq. Allahın vəd etdiyi xilaskar – Mehdi (ə.f.) zühur edənədək. Əlbəttə, insan nəfsinin mübarizəsi Qiyamətədək aktuallığını itirməyəcək və bununla da tarixin sonu gələcək; əsl tarixin – iman və küfr tarixinin.