ALLAHA YAXINLIQ NECƏ OLUR?
İnsan özünü Allahdan ehtiyacsız bilib, ehtiyaclarını müstəqil şəkildə tə’min etməyə çalışdıqca, daha da nadanlaşır və Allahdan uzaq düşür. Əksinə, özünü Allahdan ehtiyaclı bilən insan, təkamül yolu keçib elə bir mərhələyə çatır ki, artıq özünü müstəqil varlıq kimi hiss etmir. Allahın sevimli bəndələrinin nail olduğu bu məqamda bəndə ilə mə’bud arasında heç bir hicab qalmır. Bəli, Allaha həqiqi yaxınlıq odur ki, insan Allahla hər şeyə malik, Allahsız hər şeydən məhrum olduğunu anlayır.
Allaha yaxınlıq dedikdə, insanın son məqsədi nəzərdə tutulur. İnsan öz ixtiyari hərəkəti ilə bu məqama nail olmalıdır. Allah-təala zaman və məkanın yaradıcısı olduğundan, bu işdə insan üçün zaman və məkan məfhumu yoxdur.
«Hədid» surəsinin 3-cü ayəsində buyrulur: «Əvvəl də, axır da, zahir də, batin də Odur». Bu surənin növbəti ayəsində oxuyuruq: «Siz haradasınız O sizinlədir».
Bəqərə surəsinin 115-cu ayəsində bu fikir bir daha təsdiqlənir: «Hansı tərəfə üz tutsanız, üzünüz Allaha tərəfdir».
Əgər Allah üçün zaman və məkan yoxdursa, demək, Ona zaman və məkan baxımından yaxınlaşmaq mümkünsüzdür. Bəs yaxınlıq dedikdə, nə nəzərdə tutulur?
Sözsüz ki, Allah-təala bütün yaratdıqlarını əhatə edir.
«Fussilət» surəsinin 54-ci ayəsində buyrulur: «Allah-təala hər şeyi əhatə edir. Bütün varlıq aləmi onun qüdrəti əhatəsində, Onun iradəsinə bağlıdır. Mövcud olan hər bir şey Ona aiddir. Buna görə də, O hər bir varlığa hər şeydən yaxındır».
«Qaf» surəsinin 16-cı ayəsində buyrulur: «Biz ona şah damarından da yaxınıq».
«Vaqiə» surəsinin 85-ci ayəsində bu yaxınlıq bir daha təsdiqlənir: «Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz».
Bu həqiqi bir yaxınlıqdır. Amma qazanılmış yaxınlıq deyil ki, insan üçün kamillik hesab olunsun. Bu yaxınlıqda insan kamilliyinin heç bir rolu yoxdur. İnsan kamilliyinə aid olan ilahi yaxınlıq imanın təkamülü yolu ilə əldə edilir. Bu yaxınlıq zamanı, insan ilahi lütfə qərq olur və onun bütün istəkləri yerinə yetir.
Belə bir məqama çatmış bəndə istəyinə nail olur. Ümumiyyətlə, cəmiyyətdə böyük bir şəxslə əlaqəsi olan adam haqqında «filankəsin yaxınıdır» ifadəsi işlədilir. İman baxımından yaxınlıq ifadəsinə Qur’ani-şərifdə də rast gəlmək olar: «Bunlar yaxın olanlardır.» Məqsədimiz, yaxınlıq sözünə münasib mə’na tapmaq yox, diqqəti insanlığın son məqsədinə yönəltməkdir.
İnsan üçün son kamillik hesab olunan və «Allaha yaxınlıq» adlanan həqiqət elə bir mərtəbədir ki, insanın zatı iste’dadları onun iradəsi ilə fəaliyyətə başlayır. Bu fəaliyyət şimşək tək iti ola bilər. İsa Məsihin beşikdə danışması, Əhli-beytdən olanların ana bətnində Allahı təsbih etməsi və səcdə halında doğulması buna bir nümunədir. Bu fəaliyyət orta və zəif də ola bilər. Bu iradi hərəkət nəticəsində əldə edilən kamillik, zamandan və məkandan, maddi və fiziki vəziyyətdən asılı deyildir. Bu işdə maddi vəziyyət hərəkət üçün lazım olan şəraitdə müəyyən rol oynasa da, ümumi fəaliyyət, insanın ruhuna və qəlbinə aiddir. İnsanın fiziki vəziyyəti, eləcə də, zaman və məkan dəyişmələri onun kamilləşməsi prosesinə yalnız köməkçi tə’sir göstərə bilər.
İnsanın həqiqi təkamülü ruhun Allaha tərəf elmi yaxınlaşmasından ibarətdir. Bu yolda insana nəsib olan elm və təcrübə onun mərtəbəsini yüksəldir və zatı cövhərini kamilləşdirir. İnsan özünü Allahdan ehtiyacsız bilib, ehtiyaclarını müstəqil şəkildə tə’min etməyə çalışdıqca, daha da nadanlaşır və Allahdan uzaq düşür. Əksinə, özünü Allahdan ehtiyaclı bilən insan, təkamül yolu keçib elə bir mərhələyə çatır ki, artıq özünü müstəqil varlıq kimi hiss etmir. Allahın sevimli bəndələrinin nail olduğu bu məqamda bəndə ilə mə’bud arasında heç bir hicab qalmır. Bəli, Allaha həqiqi yaxınlıq odur ki, insan Allahla hər şeyə malik, Allahsız hər şeydən məhrum olduğunu anlayır.
YAXINLIQ YOLU
Bütün mövcudlar Allah-təalaya ehtiyaclıdırlar və mütləq istiqlala malik deyillər.
«Muminun» surəsinin 62-ci ayəsində buyrulur: «Bu sizin Rəbbiniz, hər şeyin yaradanı olan Allahdır».
«Fatir» surəsinin 15-ci ayəsində oxuyuruq: «Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir və hər cür tə’rifə layiqdir».
«Qəsəs» surəsinin 88-ci ayəsindəki «Allahdan başqa hər şey məhvə məhkumdur» buyruğu bir daha göstərir ki, bütün mövcudların varlığı, yalnız bəndə və mülk olmaqdan ibarətdir.
«Taha» surəsində oxuyuruq: «Bütün çöhrələr əzəli və əbədi Allaha təslim olub, zəlil bir görkəmə düşər».
«Məryəm» surəsinin 93-cü ayəsində belə buyrulur: «Göydəki və yerdəki məxluqlardan eləsi yoxdur ki, Allahın hüzuruna bir qul kimi gəlməsin».
Əslində mövcudlardan baş verən fəaliyyətlər onları vücudunun ali varlığa aidiyyatının nişanəsidir.
«Ali-imran» surəsinin 83-cü ayəsində oxuyuruq: «Göylərdə və yerdə olanların hamısı istər-istəməz Ona təslimdir».
«Nəhl» surəsinin 49-cu ayəsində buyrulur: «Göylərdə və yerdə olan bütün canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər».
«İsra» surəsinin 44-cü ayəsində uyğun mövzu bir daha təsdiqlənir: «Elə bir şey yoxdur ki, Allaha tə’rif deyib, Ona şükr etməsin, lakin siz onların təqdisini anlamazsınız».
İnsan da bu ümumi qanunauyğunluqdan istisna deyildir. Lakin o özünü müstəqil zənn edib, öz bəndəliyini sezmir. Ona elə gəlir ki, bütün mövcudlar müstəqildir. Hətta öz tə’sir dairəsini genişləndirib, qüdrətlənmək fikrinə də düşür. Sanki bununla öz müstəqilliyini möhkəmləndirmək istəyir. Onda fitrətən ehtiyaclı olduğunu xatırladan duyğu olsa da, dünyəvi və heyvani istəklər bu duyğuya qalib gələrək, onun dərk olunmasına maneçilik törədir.
Əqli yetkinliyə çatmış insan, öz vücudunun möhtaclığını anlamaq qüvvəsinə malikdir. O, dünyanın yaradıcısı haqqında düşünsə, getdikcə daha çox dəlillər toplayıb, elmə yiyələnə bilər. Lakin hisslər, meyllər fitri mə’rifətin zühuru üçün daimi bir maneədir. Amma insan həmin meyillərin tüğyanının qarşısını almaq qərarına gəlsə, ruhunda Allahına doğru bir yol açılar. Allaha yönəlmiş diqqət gücləndikcə, fitri mə’rifət də güclənər və insan Allaha daha da yaxınlaşar.
Məhz bu zaman insanın kamilləşmə fəaliyyəti həqiqi və fitri məqsədə doğru üz tutur. İnsan azad iradə və seçimlə Allahla əlaqə yaratmaq üçün sə’y göstərir, eləcə də, öz möhtaclığını və acizliyini e’tiraf edir. Məhz bu zaman insan özünə və başqalarına məxsus hesab etdiyi hakimiyyəti həqiqi sahibinə qaytararaq, Allahın əzəmət ridasını Ona təqdim edir. «Əhzab» surəsində buyrulduğu kimi «sitəmkar və nadan olan insan» xalis bəndəlik məqamına ucalanadək, nadanlığını davam etdirir.
Deyə bilərik ki, insan kamilliyinin zirvəsi xalis bəndəlik və zatən möhtaclığın e’tirafıdır. Kamilliyə çatmağın yolu isə, bəndəlik etməklə Allahın razılığına çalışmaqdır. Yə’ni Allahın istəyini öz istəyi bilmək! «O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edir» .
Demək, əsl təkamül yolu Allaha bəndəlik və möhtaclığın e’tirafıdır. «Mənə pərəstiş edin, budur doğru yol!» .
O fəaliyyəti Allaha yaxınlıq yolunda fəaliyyət hesab etmək olar ki, bəndəlik rənginə malik olmuş olsun. Allaha ibadətdən savayı heç bir iş insanı həqiqi kamilliyə apara bilməz.
(NƏFSİ SAFLAŞDIRMADAN QABAQ ÖZÜNÜTANIMA MÜƏLLİF: MƏHƏMMƏD TƏQİ MİSBAH YƏZDİ
TƏRCÜMƏ EDƏN: MƏHƏMMƏD TURAN)