313 nəfər kİMİN səhabələrİdİR?
Həzrət Mehdi (əc.) barəsində olan rəvayətlər içərisində o həzrətin zühuru zamanı 313 nəfər səhabənin Kəbə evinin kənarında İmamın hüzuruna gəlməsi barədə müxətlif təbirli rəvayətlər nəql olunmuşdur. İmam Mehdi (əc.) onların intizarı ilə yaşayır. Onlar əsrin İmamı ilə beyət edəcək ilk insanlardır. Həmin zamandan həzrət Mehdinin (əc.) qiyamı başlanacaq və mərhələ-mərhələ inkişaf edəcək. Onlar həzrət Mehdinin (əc.) bayraqdarı və yer üzünə o həzrət tərəfindən təyin olunmuş hakimlər olacaqlar.
313 nəfər haqqında olan hədislər müxtəlif ibarələrlə nəql olunmuşdur. İslam mənbələrində onlar barədə onlarla hədis mövcuddur.
Keçək nümunə ayələrə:
Hud surəsinin səkkizinci ayəsində belə buyurulur:
“Həzrət Hud (ə) öz cahil tayfasına belə buyurdu: Kaş sizə qarşı möhkəm dayağım və qüdrətim olaydı! Onda siz yol azmışlarla necə rəftar edəcəyimi özüm bilərdim\".
İmam Sadiq (ə) həmin ayənin təfsirində buyurmuşdur:
“Bu ayədəki “qüdrət” kəlməsindən məqsəd, həzrət Mehdi (əc.), “rükni-şədid” kəlməsindən məqsəd isə, o həzrətin 313 nəfər səhabəsidir\".
Başqa bir rəvayətdə İmam Baqir (ə) belə buyurmuşdur:
“O 313 nəfər səhabəyə baxıram. Elə bil onlar Kufə şəhərinin uca zirvələrinə doğru qalxırlar. Onların qəlbləri sanki dəmir parçasıdır\".
Sual: 313 nəfərin sayı hələ kamil olmamışdır?
Cavab: Onlar rəvayətlərdə bildirildiyi kimi, bir sıra xüsusiyyətlərə malikdirlər. Əgər biz bu xüsusiyyətlərə diqqət etsək, aydın olar ki, analar hələ belə oğullar doğmayıblar.
Məsələn, İmam Səccad (ə) buyurur:
“İmam Mehdi (əc.) Məkkə şəhərində ətrafına toplanmış böyük bir izdiham qarşısında özünü təqdim və xalqı özünə beyətə dəvət edərkən, bir qrup insan həzrəti qətlə yetirmək üçün irəli cumacaq. Həmin 313 nəfər ayağa qalxaraq, həzrət Mehdini (əc.) onların təhlükəsindən qoruyacaq\".
Bir çox rəvayətlərdə onların tərifi haqqında belə qeyd olunmuşdur:
“Allah-taala onları payız buludları kimi Məkkə şəhərində bir yerə toplayacaq (yəni, onlar yüksək sürətlə özlərini Məkkə şəhərinə yetirəcəklər). Sanki həzrət Mehdini (əc.) Kufə minbərinin üzərində əyləş-miş və 313 nəfər əshabı ətrafına toplaşmış halda görürəm. Onlar Allah tərəfindən insanların hakimidirlər\".
Bu hədisə əsasən, bu 313 nəfər şücaət və elmi cəhətdən elə bir səviyyədə olmalıdırlar ki, yer kürəsini 313 hissə və əyalətə bölsələr, onların hər biri bir əyalətə rəhbərlik etməyə layiq olsunlar.
Bəqərə surəsinin 148-ci ayəsində oxuyuruq:
“Harada olsanız, Allah-taala sizi bir yerə toplayacaq\".
İmam Sadiq (ə) bu ayəni tilavət etdikdən sonra buyurdu:
“Bu ayədə Həzrət Mehdinin (əc.) 313 nəfər səhabəsi nəzərdə tutulmuşdur. And olsun Allaha, (ayədə buyu-rulan) “Ümməti-mədudə”də məqsəd, hamısı bir saat ərzində bir yerə toplaşacaq insanlardır. Onlar, payız buludları güclü külək nəticəsində bir yerə toplaşdığı kimi, bir yerə toplaşacaqlar\".
Onların xüsusiyyətlərindən daha bir neçəsini sadalayaq:
Onlar uzaq ölkə və şəhərlərdən Məkkə şəhərinə daxil olacaq. Həzrət Mehdi (əc.) Məkkə şəhərinin beş-altı kilometrliyində dayanaraq, onların gəlişini göz-ləyəcək ki, onlarla birlikdə Kəbə evinə gəlsin. Bu 313 nəfər həzrət Mehdi (əc.) ilə beyət edən ilk insanlardır.
Onlar həzrət Mehdinin (əc.) məhzərində yüksək qeybi köməklərdən bəhrələnəcək və Allahın qüdrəti, İmamın inayəti onların başı üzərində olacaq. Necə ki, İmam Səccad (ə) buyurmuşdur:
“Sanki həzrət Mehdini (əc.) Kufədə 313 nəfərlə birlikdə Nəcəf şəhərinə sarı gedən halda görürəm. Həzrətin sağ tərəfində Cəbrayıl, sol tərəfində Mikayıl, önündə isə İsrafil gedir. İsrafil Allah rəsulunun bayrağını hər hansı bir müxalif dəstəyə tərəf yönəldirsə, Allahın izni ilə həlak olurlar\".
Zühur və qadınlar
Sual: Nə üçün həzrət Mehdinin (əc.) səhabələri haqqında danışarkən, yalnız kişilərdən söhbət açılır, məgər qadınlar bu səadətdən məhrumdur?
Cavab: Buna səbəb zühur haqqında danışılarkən, əsasən döyüş və mübarizə məsələlərinin açıqlanmasıdır. Bu da demək olar ki, yalnız kişilərə xas olan bir işdir. Qadınlar isə arxa cəbhədə və müxtəlif işlərdə İmamın (əc.) dayağı olacaqlar.
Onu da deyək ki, bəzi rəvayətlərdə, həzrət Mehdinin (əc.) 313 nəfər səhabəsi haqqında söz açılarkən, orada qadınların iştirakı haqqında da kəlamlar qeyd olun-muşdur. O cümlədən, İmam
Baqir (ə) buyurmuşdur:
“And olsun Allaha! 313 nəfər kişi Məkkə şəhərində bir yerə toplaşacaq. Onların arasında əlli nəfər qadın vardır. Onlar payız buludları kimi bir yer toplaşacaqlar\".
Müfəzzəl nəql edir ki, İmam Sadiq (ə) buyurmuşdur:
“On üç nəfər qadın daim həzrət Mehdi (əc.) ilə birlikdədir\".
Sonra İmam (ə), qadınların işi barədə maraqlanan Müfəzzələ buyurdu:
“Həzrət Peyğəmbərin (s) dövründə olduğu kimi, bu qadınlar da yaralıları müalicə edəcək və döyüş əlillərinə qulluq edəcəklər\".
Sual: Həzrət Mehdinin (əc.) zühurunun cahanşümul olduğunu nəzərə almaqla İmamın qoşununun sayı az görünmür?
Cavab: Xeyr. 313 nəfər zühurun əvvəlində həzrətə (əc.) qoşulacaq, sonra isə günbəgün insan seli ona tərəf axışacaq. O 313 nəfər həzrət Mehdi (əc.) hökumətinin əsas özəyi sayılacaq adamlardır. Məsələn, bir rəvayətdə bu barədə belə buyurulur:
“İlahi kamala malik 313 nəfər “Həcərül-əsvəd” lə “Məqami-İbarahim”in arasında həzrət Mehdi (əc.) ilə beyət edəcək. Onlar, Həzrət Mehdi (əc.) dövlətinin məsuliyyətinin ağır yükünü öz öhdələrinə götürmüşlər\".
Habelə buyurmuşdur:
“Rumun fəth edilməsi döyüşündə həzrət Mehdinin (əc.) 70000 nəfər “Allahu Əkbər” şüarı deyən qoşunu iştirak edəcək. Onların ilk “Allahu Əkbər” gurultulu təkbirilə Ru-mun üçdə bir hissəsi, ikinci təkbirlərinin gurultusu ilə üçdə iki hissəsi, üçüncüsü ilə isə, bütün ərazisi azad olunacaq\".
İmam Baqir (ə) başqa bir rəvayətdə buyurmuşdur:
“Kufə əhalisindən 70000 sadiq şəxs İmam Mehdini (əc.) himayə etmək üçün ayağa qalxacaq\".
Qəhramanların həyata qayıtması və İmam Mehdiyə (əc.) birləşməsi
Həzrət Mehdinin (əc.) zühuru zamanı baş verən hadisələrdən biri də İmamların, saleh insanların, qəhrəman-ların həyata qayıtması və o həzrətə qoşulmasıdır. Hədis-lərdə həyata dönəcək bu şəxslərin iyirmi yeddi nəfər olduğu bildirilmişdir.
İmam Sadiq (ə) buyurdu:
“Həzrət Mehdi (əc.) zühur edən zaman Nəcəf şəhərində iyirmi yeddi nəfər peyda olacaq və o həzrətə qoşulacaq. Onlardan on beş nəfəri həzrət Musanın (ə) tayfasındandır. Onlar xalqın hidayəti yolunda çalışacaqlar. Yeddi nəfəri “Əshabi-kəhf”, qalan beş nəfəri isə bu şəxslərdir:
→Yuşə ibn Nun (İsanın (ə) vəsisi);
→Salman;
→Əbu Dücanə Ənsari;
→Miqdad;
→Malik Əştər\".
Sonra isə belə buyurdu:
“Bu iyirmi yeddi nəfər, insanların hakimi və İmamın yaxın dayağı olacaq\".
Bu hədis həm iyirmi yeddi nəfərin əzəmətli məqamını bəyan edir ki, onlar bərzəx aləmindən dünyaya qayıdacaq, İmama qoşulacaq və o həzrətin qoşun rəhbərləri olacaq, həm də bizə bu dərsləri öyrədir ki, həzrət Mehdinin (əc.) dostları və onun intizarında olanlar hansı xüsusiyyətlərə malik olmalıdır. Həmçinin, bizə bu dərsi də öyrədir ki, əgər bir şəxs bu müqəddəs vadidə qədəm götürmək istəyirsə, gərək iradə və fikri cəhətdən Salman, Miqdad və Malik Əştər kimi şəxsləri özünə nümunə götürsün.