Allahın «Cəmal» və «Cəlal» sİfətlərİ hansılardır?
Allahın «Cəmal» və «Cəlal» sifətləri (xüsusiyyətləri)
Biz inanırıq ki, Allahın Pak Zatı hər bir eyib və nöqsandan uzaqdır və O, bütün kamal sifətlərinin sahibidir. Həqiqətdə O, mütləq kamilliyin özü və kainatın yaradanıdır. Başqa bir sözlə desək, dünyada mövcud olan hər bir gözəlliyin və kamal bulağı Ondan çeşmələnmişdir. Qur`ani-kərim buyurur:
“Odur yeganə Allah, Ondan başqa bir məbud yoxdur! Əsl hökmrandır! Pakdır, hər bir eyibdən uzaqdır. Heç bir kəsə zülm etməz, əmin-amanlıq bağışlayandır. Hər bir şeyi qoruyandır. Qüdrətli və məğlubedilməz bir Allahır ki, öz nüfuzlu iradəsi ilə hər bir işi islah edir. Cəbərudludur, əzəmətlidir, uludur! Ona ortaq-şərik edilən hər bir şeydən uzaqdır. O bir Allahdır ki, müsilsiz yaradan heç bir nümunə olmadan xəlq edəndir, misilsiz surət verəndir. Gözəl adlar Ona məxsusdur. Göylərdə və yerdə hər nə varsa Ona təsbih deyərlər. O, əziz və həkimdir.” (Həşr, 22-23)
Adətən, Allahın sifətlərini iki qismə bölürlər:
1.Sübuti sifətlər yəni, Allahda olan sifətlər. (Allah üçün sübuta yetmiş).
2.Səlbi sifətlər yəni, Allahda olmayan və Allahın onlardan pak olduğu sifətlər.
Belə bir sual irəli çıxır: Allahın zatının necə sifəti var?
Sualın cavabı budur ki, Allahın sifətləri bir tərəfdən sonsuzdur, digər tərəfdən isə bütün sifətləri bir sifətdə cəm olmuşdur. Çünki Allahın bütün sübuti sifətləri aşağıdakı cümlə və ifadədə cəm olur: «Allahın zatı hər cəhətdən sonsuz və bütün kamallara malik olan bir zat və varlıqdır.»
Kamal və nöqsanların dərəcələri olduğuna görə, yəni kamal və nöqsan sonsuz olduğuna görə, belə demək olar ki, Allahın sübuti və səlbi sifətləri də sonsuzdur. Çünki hər hansı bir kamal təsəvvürə gəlsə, Allah ona malikdir və hər hansınöqsan da təsəvvürə gəlsə Allah ondan pak və uzaqdır. Deməli, Allahın sifətlərinin (həm sübuti, həm də səlbi sifətləri) sonu yoxdur.
Allahın ən tanınmış sifətləri
Allahın məşhur və tanınınmış sübuti sifətləri aşağıdakılardır:
1.Alim: Yəni Allah Alimdir və hər şeyi bilir.
2.Qadir: Yəni Allah Qadirdir və hər şeyə qüdrəti catır.
3.Həyy (Diri): Yəni Allah diridir.
Həm elmi, həm də qüdrəti olan diridir. Allahın elm və qüdrəti olduğuna görə, o da diridir.
4.Murid (İradə edən), yəni, İradə sahibidir. Öz işlərində məcbur deyil.
Gördüyü bütün işlərin hamısı hikmət üzündəndir. Yerdə və göydə olan məxluqatın heç biri hikmətsiz və fəlsəfəsiz yaranmamışdır.
5.Müdrik (Anlayan), yəni, Allah hər şeyi dərk edib anlayır. Hər şeyi görür, bütün səsləri eşidir, hər şeydən xəbərdardır.
6.Qədim, Əbədi (Həmişə olan), yəni, Allah həmişə olub və olacaq. Onun vücudunun başlanğıcı yoxdur. Çünki onun varlığı onun özündəndir. Buna görə də həmişəlik və əbədidir. Çünki vücudu özündən olan bir varlıq üçün ölüm və fəna mövcud deyildir.
7.Mütəkəllim (Danışan), yəni, Allah səs dalğalarını havada icad edib öz peyğəmbərləri ilə söhbət etməyə qadirdir. Allah danışandır dedikdə, onun üçün dil, dodağ və boğaz təsvir olunmur.
8.Sadiq (Düz danışan), yəni, Allahın bütün dedikləri düz və həqiqətdir. Yalan danışmaq ya nadanlıq üzündəndir, ya da zəiflik üzündən. Heç bir nadanlıq və zəifliyi olmayan, əksinə, hər şeyə alim və qadir olan Allahın yalan danışması qeyri-mümkündür.
Allahın məşhur səlbi sifətləti isə aşağıdakılardır:
1.Mürəkkəb, yəni, Allah hissələrdən təşkil olunmayıb. Çünki mürəkkəb olan şeyin öz hissələrinə ehtiyacı var (və hissələr olmasa, həyata qədəm qoya bilməz). Allahın isə heç bir şeyə ehtiyacı yoxdur. Deməli, o, mürəkkəb deyil.
2.Cisim: Allah cisim deyil. Çünki hər cisim məhduddur, öz şəklini dəyişir, nəhayət, mövcudluğunu itirir. (Allah isə həmişə vardır və olacaq).
3.Məri (Görünən), yəni, Allahı görmək mümkün deyildir. Yalnız cisim gözə görünər. Allah isə cisim deyil. Demək, gözə görünməz.
4.Allahın məkanı yoxdur. Çünki məkan cisim xüsusiyyətlərindəndir.Allah isə cisim deyil. Deməli, məkanı da yoxdur.
5.Allahın şəriki yoxdur. Əgər şəriki olsaydı, gərək, məhdud olaydı. Çünki heç bir cəhətdən məhdud olmayan iki varlığın bir yerdə mövcudluğu mümkün deyil. Bundan əlavə, dünyadakı qanunların (nizamın) vəhdəti (birliyi) dünya Xaliqinin birliyinə sübutdur.
6.Allahın sifətləri onun vücudunun bir neçə olduğuna dəlalət etmir. (Yəni, Allah alimdir, deməli alim bir Allah Qadirdir, deməli Qadir birAllah və s. ...). onun bütün sifətləri elə onun zatının özüdür.
7.Allah möhtac deyildir. Əksinə, o, ehtiyacsızdır. Çünki elm və qüdrət cəhətdən kamil olan bir varlığın daha heç nəyə ehtiyacı olmaz. Quran Allahın sifətləri barədə buyurur:
« Ona bənzər heç bir şey yoxdur» (Şura, 11).