Ən üstün zamanlar və ən üstün məkanlar hansılardır?
Ən üstün məkanlar
Qur’ani-Məcid və rəvayətlərə əsasən, məkanlar arasında Allah üçün möhtərəm yerlər var və bu yerlərin ehtiramını pozmaq qadağandır. Bu yerlər başqa yerlərdən seçilir və insan üçün həmin yerlərdə ibadət müqabilində böyük mükafat nəzərdə tutulmuşdur.
Kə’bə və onun torpağı
Kə’bənin yerləşdiyi torpaq parçası Allah tərəfindən seçilmişdir və bu seçim həmin yerə xüsusi üstünlük verir, onu başqa məkanlardan fərqləndirir. İmam Sadiqdən (ə) belə rəvayət olunur: “Allah hər şeydən bir şey seçmişdir və məkanlar arasından seçilən Kə’bədir.” Allahın əmri ilə seçilmiş bu yerdə tikilən ilk ev Kə’bədir. Qur’ani-kərimdə buyurulur: “Şübhəsiz, insanlar üçün seçilmiş ilk ev Məkkədəki evdir. O ev bərəkətlidir və insanların hidayət vasitəsidir. Orada aydın nişanələr var. İbrahim məqamı bu nişanələrdəndir. Oraya daxil olan amandadır...”
İmam Sadiq (ə) buyurur: “Məkkəyə üz tutub onun haqq və hörmətini tanıyan şəxs oradan çıxanadək günahları Allah tərəfindən bağışlanar, onu narahat edən dünya və axirət işləri sona yetər.”
Ən üstün zamanlar
Qur’ani-Məcid insanların diqqətini Qədr gecəsi, zil-hiccənin ilk on günü, “əyyamullah” kimi zamanlara yönəldir. İnsan bu misilsiz fürsətlərdən faydalanaraq böyük mükafat ləyaqəti əldə etməlidir.
Qədr gecəsi
«Təfsiri-Safi»də İbn-Abbasdan belə nəql olunur: Həzrət Peyğəmbərə (s) Allaha xatir cihad üçün min ay çiynində silah gəzdirən Bəni-İsrailli bir şəxs haqqında danışdılar. Peyğəmbər (s) heyran qaldı və arzu etdi ki, onun da ümmətindən beləsi çıxaydı! Həzrət (s) dua üçün əl açdı və dedi: “Pərvərdigara, mənim ümmətimi ömür baxımından ən qısa ömürlü, əməl baxımından ən az əməlli qərar verdin...” Mehriban Allah Qədr gecəsini əta edib buyurdu: “Ən az vaxtı əhatə edən Qədr gecəsi xeyir əməl üçün Bəni-İsrailli kişinin min ayından üstündür. Sənin üçün, səndən sonra ümmətin üçün Qiyamətədək ən üstün vaxt Qədr gecəsidir.”
Qədr gecəsində dua, istiğfar, Qur’an qiraəti, elmi mübahisə, müstəhəb namaz, oyaq qalmaq, İmam Hüseynin ziyarəti min ayda görülən işdən üstün savaba malikdir.
Zil-hiccənin ilk on gecəsi
Qur’ani-Məciddə bildirildiyi kimi, zilhiccənin ilk on gecəsi xüsusi üstünlüyə malikdir. Təməttö ümrəsi və həcc bu günlərdə yerinə yetirilir. Bu on günün doqquzuncu günü Ərəfə günü, onuncu gecəsi Məş’ərdə dayanış günü, onuncu günü Qurban bayramı günüdür.
Zilhiccə ayında ümmətin salehləri və ləyaqətliləri fövqəladə təlaş göstərib vaxtlarını ibadət və bəndəliklə keçirirlər. Bu günlərin çox böyük üstünlüyü, fəzilət və bərəkəti var. Həzrət Peyğəmbər (s) buyurur: “Allah üçün bu günlərin xeyir əməl və ibadəti bütün başqa günlərin xeyir əməl və ibadətlərindən üstündür.”
“Əyyamullah” (“Allahın günləri”)
“Əyyamullah” dedikdə mö’min ümmətə ilahi mərhəmət, fasiq cəmiyyətə qəzəb dövrü nəzərdə tutulur.
Əyyamullaha diqqət, bu dövrdə baş vermiş hadisələrdən ibrət götürmək çox bəyənilmişdir. Allah-təala ümmətlərin inkişaf və oyanışı üçün bu günləri mühüm saymışdır: “Həqiqətən, Musanı nişanələrimizlə göndərdik ki, öz qövmünü qaranlıqlardan işığa çıxarsın, onlara Allahın günlərini xatırlatsın...”
Deyilənlərdən əlavə, insanın günahdan uzaqlaşdığı, ibadətə başladığı, tövbə etdiyi, Allah dərgahına üz tutduğu vaxt rəvayətlərdə və ilahi qaynaqlarda ən üstün vaxtlardan sayılmışdır.
Ən üstün insanlar
Bir insanı başqalarından üstün edən onun imanı, elm və biliyi, təqvasıdır. Mö’min insanlar başqalarından dəyərli sayılır. Əməl əhli olan alimlər başqa mö’minlərdən dərəcə e’tibarı ilə üstündür. Təqvası zirvə həddinə çatanlar isə hamıdan fəzilətli və dəyərlidir. Qur’ani-Məcid və rəvayətlər bu üç yönümdə lətif nişanələrə və dəqiq ifadələrə yer verir.
İman əhli
Qur’ani-kərimdə buyurulur: “Allah-təala mö’minləri sizdən bir dərəcə üstün etmiş alimlərimizi daha uca dərəcəyə çatdırmışdır. Allah gördüyünüz işlərdən xəbərdardır.”
Mö’minin dəyəri o qədər böyükdür ki, ayə və rəvayətlərdə mö’minə məhəbbət Allah və onun rəsuluna məhəbbət, mö’minə kömək Allah və onun rəsuluna kömək, mö’mini sevindirmək Allah və onun rəsulunu sevindirmək, mö’mini incitmək Allah və onun rəsulunu incitmək kimi dəyərləndirilir. İmam Baqir (ə) girami Peyğəmbərdən (s) belə rəvayət edir: “Mö’mini sevindirən, şübhəsiz, məni sevindirmişdir, məni sevindirən, həqiqətən, Allahı sevindirmişdir.”
İmam Baqir (ə) buyurur: “Allah qarşısında ən sevimli ibadət mö’mini sevindirmək, xoşhal etməkdir.” İmam Sadiq (ə) buyurur: “Mö’minin istəyini yerinə yetirmək Allah qarşısında ziyartəçisi yüz min dinar infaq etmiş iyirmi Həcdən üstündür.” Başqa bir rəvayətdə həzrət buyurur: “Şübhəsiz, mö’min qardaşlarından birini doyurmaq bazara daxil olub Allah yolunda qul alıb azad etməyindən daha sevimlidir.”