ANA QARĞIŞI QƏBİR ƏZABINA SƏBƏB OLARMI?
Günlərin birində Əshabi-Kəsa-Peyğəmbər (s.a.v.v.), Əli (ə), Zəhra (s.ə.), İmam Həsən (ə) və İmam Hüseyn (ə) Bəqi qəbristanlığında olarkən qəbirlərdən birindən əzablı səsin gəldiyini eşitdilər. Peyğəmbər (s.a.v.v.) üzünü həmin qəbrə tutub ölünü səslədi:
“Ey Allahın bəndəsi! Allahın izni ilə qəbirdən qalx!”
Peyğəmbərin (s.a.v.v.) möcüzəsi nəticəsində qəbir aralandı və qəbirdən cavan bir oğlan çıxdı. Onun üzü qaralmış və əl-ayağı zəncirlənmişdi. Həzrət (s.a.v.v.) həmin cavana buyurdu: “Vay olsun sənə! Axı hansı əməlinə görə belə dəhşətli əzaba düçar olmusan?”
“Ey Allahın Rəsulu! Anam məndən narazı olduğu üçün bu əzab içindəyəm.”-deyə həmin cavan cavab verdi.
Peyğəmbər (s.a.v.v.) ondan soruşdu: “Məgər sən anana nə etmisən?”
Oğlan cavab verdi: “Bir gün evə qayıdanda arvadım anamdan giley-güzar etməyə başladı. Bunu eşidəndə çox əsəbiləşdim. Anam təndirdə çörək bişirirdi. Əsəbi halda anama yaxınlaşıb onu təndirə itələdim. Səs-küyə qonşular yığışıb gəldi. Anam yanmış sinəsini göstərərək əlini göyə qaldırıb dedi: “İlahi sən özün intiqamımı oğlumdan al!
Ya Rəsuləllah! Anamın qarğışından üç gün sonra öldüm və qəbir evində bu əzaba düçar olmuşam. Nə olar mənə dua edin ki, bu əzabdan qurtula bilim.”
Peyğəmbər (s.a.v.v.) yanında olanlara buyurdu: “Bu cavanın anasını buraya gətirin. Çünki anası halallıq verməyincə duamız qəbul olmaz.” Peyğəmbərin (s.a.v.v.) səhabələri oğlanın anasını qəbristanlığa gətirdilər. Peyğəmbər (s.a.v.v.) buyurdu:
“Ey ana! Oğlunun günahlarını bağışla ki, qəbir əzabından qurtula bilsin.”
Qadın dedi: “Mən onu heç vaxt bağışlamaram!
Peyğəmbər (s.a.v.v.), Əli (ə), həzrət Zəhra (s.ə.) və İmam Həsən (ə) nə qədər israr etdilərsə də qadın razı olmadı. Sonra İmam Hüseynə (ə) çatanda üzünü həmin qadına tutub buyurdu:
“Ey qadın! Babamın, atamın, anamın və qardaşımın şəfaətini qəbul etmədin. Heç olmasa mənim şəfaətimi qəbul et.”
Qadın başını qaldırıb göyə baxdı. Sonra hər iki əliylə İmam Hüseynin (ə) əbasını tutub dedi:
“Oğlumun təqsirindən keçdim və haqqımı ona halal etdim.”