Allah aşİqİ və Allahın sevİmlİsİ olmaq üçün nə etməlİyİk?


İlahi yol yolçularının və xüsusi ilə də cavanların həmişəki suallarından biri budur ki, ilahi məhəbbətin artması və Allahın sevimlisi olmaq üçün nə etməliyik?
Cavab olaraq ibadət mövzularını açıqlamaq üçün çox geniş söhbətə ehtiyac var. Bu haqda ayə və rəvayətlər boldur. Lakin adi məhəbbətlərdə şəxsi təcrübənin təsdiq etdiyi ümumi bir prinsipə əsasən belə deyirik: İnsan müəyyən bir şəxsin yaxşılıqları barədə hər nə qədər çox düşünərsə, onu bir o qədər çox sevər.
Qüdsi hədisdə bildirilir ki, Allah-təala həzrət Davuda buyurur:
“Məni xalqın sevimlisi et.” Həzrət Davud ərz edir: “Necə edim?” Allah-təala buyurur: “Mənim ne`mətlərimi onlara xatırlat.”

İnsanlar fitri olaraq onlara yaxşılıq edənləri sevirlər. Buna görə də insan Allahın ne`mətləri və bu ne`mətlərin mənbəyi olan sifətləri haqqında hər nə qədər düşünsə onun Allaha olan məhəbbəti bir o qədər artar. Məsələn, xalq Hatəm Taini səxavətli olduğu üçün sevirdi. Əgər bu insanlar onun səxavətindən faydalansaydılar, onu daha çox sevəcəkdilər.
Əgər insan ilahi ne`mətlər içində qərq olduğunu, Allahın ona nə qədər kömək etdiyini, eyblərini örtdüyünü, çox bəlaları ondan uzaqlaşdırdığını, ona çox xeyirlər əta etdiyini və günahdan çəkinmək üçün hansı şəraitlər yaratdığını anlayarsa, təbii olaraq Onun məhəbbəti daha çox olar.
Beləliklə, uyğun sualın cavabı budur ki, insan ilahi məhəbbətinin güclənməsi üçün iki iş görməlidir:
1. Allahın ne`mətlərini, kamilliklərini və yaxşılıqlarını tanımalıdır. Şübhəsiz ki, bütün bunlar heç bir me`yarla ölçüləsi deyil: “Əgər Allahın ne`mətlərini saymaq istəsəniz bacarmayacaqsınız.”
Həyatda Allahın nişanələrini axtarmalıyıq ki, tədricən qəlbimizdə məhəbbət nuru işıqlansın.
2. Qeyd etdiyimiz ne`mətlər, kamilliklər və yaxşılıqlar haqqında dərin düşünmək. Çünki həyat qayğıları insanın qəflətə düçar olmasına səbəb olur. Əgər insan sevdiyi şəxsdən uzaqlaşarsa, tədricən ona olan məhəbbəti azalacaqdır. Şair deyir:
İnan uzun müddət gözdən çəkilən
Xəyaldan, könüldən çəkilər hökmən.
Həyat qayğıları və qəflətlər ilahi ne`mətlər, kamilliklər və yaxşılıqların unudulmasına səbəb olur. Bununla da tədricən məhəbbətimiz üzülür. Əgər daim ilahi ne`mətlərə, kamilliklərə və yaxşılıqlara diqqət etsək, qəlbimizdə məhəbbət şö`ləsi alovlanacaqdır.
Ümid edirik, Allah-təala sonsuz ilahi lütf dəryasından hər birimizə bir içim dadmaq tövfiqi versin, beləliklə, qəlblərimizi ilahi məhəbbət və mə`rifət nuru ilə bəzəyək.
Amin
Və səlləllahu əla Muhəmmədin və alihit-tahirin.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter