İSLAMDA İLK HİCRƏTİ KİMLƏR, NƏ ZAMAN etMİŞDİRLƏR?


Müsəlmanlardan bir dəstənin Həbəşistana hicrət etməsi onların böyük imana malik olmasından xəbər verir. Bir qədər müsəlman Qüreyş müşriklərinin əzab-əziyyətindən qurtulmaq və Allaha rahat şəkildə ibadət etmək məqsədilə başqa bir yerə hicrət etmək qərarına gəlir. Öz iş-gücündən, yurd-yuvasından, qohum-əqrəbasından əl çəkməyə hazır olan bu dəstə nə edəcəklərini, hara gedəcəklərini bilmirdilər. Çünkü Ərəbistan yarımadasının demək olar ki, hər tərəfini bütpərəstlik bürümüş və gedəcəkləri heç bir yerdə Allaha rahat şəkildə ibadət edə bilməyəcəkdilər. Buna görə də belə qərara gəldilər ki, bu məsələni Peyğəmbərin (s) özü ilə məsləhətləşsinlər. Axı Peyğəmbərin (s) dini məhz “Ey iman gətirən bəndələr! (Əgər hər hansı bir yerdə dini vəzifələrinizi lazımınca yerinə yetirə bilmirsinizsə, başqa şəhərlərə və ölkələrə hicrət edə bilərsiniz.) Şübhəsiz ki, Mənim yerim genişdir. Buna görə də yalnız Mənə ibadət edin” ayəsinə əsaslanır.
Həzrət Mühəmməd (s) müsəlmanların bu acınacaqlı vəziyyətindən xəbərdar idi. Özü Bəni – Haşim gəncləri tərəfindən tam qorunsa da, səhabələr arasında qullar, kənizlər, kimsəsizlər də var idi və Qüreyş müşrikləri onlara əllərindən gələn əziyyəti verir, bir an da olsun rahat buraxmırdılar. Qəbilələrarası döyüşlər baş verməsin deyə, hər hansı qəbilədə müsəlman olan şəxsi qəbilə başçısı təzyiqə məruz qoyurdu. Buna görə də haqqında danışdığımızı səhabələr hicrət haqqında Peyğəmbərə (s) müraciət etdikdə həzrət buyurur: “Həbəşistana getsəniz, orada çox rahat yaşaya bilərsiniz. Ora çox təmiz bir ölkədir. Allah sizin üçün yeni bir qapı açana qədər Həbəşistana hicrət edin!”
Peyğəmbərin (s) tövsiyyəsi səhabələri elə həvəsləndirir ki, onlar qısa müddət ərzində səfər tədarükü görüb müşriklərin xəbəri olmadan yola çıxırlar. Bəzilərinin miniyi olsa da qalanları elə piyadaca Cəddəyə doğru hərəkət edirlər. Dördü qadın olmaqla onların ümumi sayı onalti, ya on beş idi.
Cəddə limanı indi də olduğu kimi ticarət limanı idi. Xoşbəxtlikdən həmin gün iki gəmi Həbəşistana səfərə hazırlaşırdı. Müsəlmanlar müşriklərin onları təqib edə biləcəyindən qorxub yarım dinar ödəməklə gəmiyə minib yola düşürlər. Müsəlmanların hicrət xəbəri Qüreyş başçılarına çatan kimi dərhal onları Məkkəyə geri qaytarmaq məqsədilə onların ardınca adam göndərirlər. Müşrikləriin göndərdiyi dəstə Cəddə limanına çatdıqda gəmi artıq sahildən uzaqlaşmışdı. Bu hicrət peyğəmbərliyin beşinci ili, rəvəb ayında baş vermişdir.
Hicrət edən bu kiçik dəstənin hamısı eyni qəbilədən deyildi. Bu hicrətin ardınca Cəfər ibn Əbutalibin başçılığı altında ikinci bir dəstə hicrət edir. İkinci hicrət çox rahat şəkildə həyata keçir. Buna görə də bu dəfə hicrət edənlərin əksəriyyəti arvad-uşağın da özü ilə apara bilir. Beləliklə də Həbəşistandakı müsəlmanların sayı 83 nəfərə çatır. (Hicrət edən uşaqlar və orada dünyaya gələn uşaqlar bu rəqəmə daxil deyil)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter