İMAMƏT ÜSULİ-DİNDƏNDİR, YOXSA FÜRUİ-DİNDƏN?


Bu sualın cavabı bizə keçən mövzudan (İmamət, Yaxud Canişinlik Nədir?) aydındır. Amma müxtəlif nəzəriyyələr də mövcuddur. Əhli-sünnənin məşhur alimi və “Nəhcül-həqq”( “Ehqaqul-həqq” kitabı ona cavab olaraq yazılmışdır.)
kitabının müəllifi Fəzl ibn Ruzbehan yazır: “Əşərilərin baxışında İmamət dinin əsası və etiqadi məsələlərdən yox, mükəlləfin əməli ilə bağlı fürui-dindəndir!” (“Ehqaqul-həqq”, 2-ci cild, səh. 294 və “Dəlailus-sidq”, 2-ci cild, səh.4.)
Bu məsələdə əhli-sünnənin digər firqələri ilə əşərilik arasında heç bir fərq yoxdur. Çünki onların hamısı İmaməti əməli yöndə xalqa tapşırılan vəzifələrdən bilirlər. Yalnız Əhli-beyt (ə) məktəbinin ardıcılları olan şiələr, eləcə də, Qazi Beyzavi və onun bir qrup ardıcılı İmaməti dinin əsaslarından hesab edirlər.( “Dəlailus-sidq”, 2-ci cild, səh. 8.)
Bunun səbəbi aydındır. İmamət Allah tərəfindən müəyyənləşmiş ilahi mənsəb və məqam olduğundan onun təyini yalnız Allaha aiddir. Şəriətin əsasını qoyan Peyğəmbərə (s) inam zəruri olduğu kimi, İmamlara da inam labüddür. Lakin bu o demək deyil ki, İmamiyyə şiələri bu fikirlə müxalif olanları kafir adlandırırlar. Əksinə, onlar sair müsəlman firqələrini müsəlman bilir və bu əqidəni qəbul etməsələr də onlara müsəlman qardaş kimi baxırlar. Məhz bu səbəbdən şiələr dini etiqadı iki hissəyə bölmüşlər: 1) Dinin əsasları – tövhid, nübüvvət və məad; 2) Məzhəb əsasları – ilahi ədalət və İmamət.
“Şərhu Ehqaqil-həqq” kitabında şiəlik baxımından İmamətə belə tə’rif verilir: “İmamət peyğəmbərin peyğəmbərlik və onun ayrılmaz xüsusiyyətlərini istisna etməklə, bütün səciyyəvi xüsusiyyətlər və fəzilətlərini əhatə edən ilahi bir mənsəb, məqamdır.” (“Şərhu Ehqaqil-həqq”, 2-ci cild, səh. 300 (birinci vərəqaltı haşiyədə)
Bu tərifə əsasən, İmam Peyğəmbər (s) vasitəsilə, Allah tərəfindən seçilir. İmam o həzrətin (peyğəmbərlik məqamından başqa) bütün fəzilət və imtiyazlarına malikdir. Onun işi yalnız dini hökumət və rəhbərliklə bitmir. Beləliklə, İmamət fürui-din və əməli vəzifələrdən yox, dinin əsaslarından sayılır!
Bu araşdırmanı İmam Rizanın (ə) bir buyuruğu ilə sona yetiririk:
اِنَّ الْاِمامَةَ زَمامُ الدِّينِ وَنِظامُ المُسلِمِينَ وَصَلاحُ الدُّنْيا وَعِزُّالمؤُمِنِينَ، اِنَّ الْاِمامَةَ اُسُُّ الْاِسْلامِ النّامِى وَفَرْعُهُ السّامِى، بِالْاِمامِ تَمامُ الصَّلاة وَالزَّكات وَالصِّيام وَالحَجّ وَالجَهاد وَتَوْفيرُ الفَيئ وَالصَّدَقات وَاِمْضاءُالْحُدوُد وَالْاَحْكام، وَمَنْعُ الثُّغوُر وَالْاَطْراف، اَلاِمامُ يَحِلُّ حَلالَ الله، وَيَحْرُمُ حَرامَ الله، وَيُقِيمُ حُدوُد الله، وَيَذُبُّ عَنْ دِينِ الله، وَيَدْعُو اِلی سَبِيلِ رَبِّهِ بِالحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ وَالْحُجَّةِ الْبالِغَةِ
“İmamət dinə rəhbərlik, müsəlmanların nizam-intizamı, dünyanın abadlığı və möminlərin izzəti deməkdir. İmamət həqiqi İslamın əsası və onun gövdəsidir. İmam vasitəsilə namaz, zəkat, oruc, həcc və cihad kamilləşir, beytül-mal (ümumi əmlak) və sədəqə (yoxsullara kömək) çoxalır, qanun və hökmlər icra olunur, İslamın sərhədləri qorunur. İmam Allahın halalını halal, haramını haram bilir, Allahın hökmlərini icra edir, Onun dininin müdafiəsində dayanır. Elm, yaxşı nəsihət, möhkəm və tutarlı dəlillərlə (insanları) Rəbbinə doğru dəvət edir!”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter