YAXŞILIĞA ƏMR VƏ PİSLİYƏ QADAĞA VƏZİFƏSİNİN NECƏ YERİNƏ YETİRİLİR?
YAXŞILIĞA ƏMR VƏ PİSLİYƏ QADAĞA VƏZİFƏSİNİN NECƏLİYİNƏ DİQQƏT
İstər fərdi, istər ictimai göstəriş və hökmlərin problemlərindən biri budur ki, onlar düzgün anlaşılmır, onlara yanlış təfsir verilir. Bu təfsirlərin də müxtəlif səbəbləri var. İnsan cəhalətdən, nəfs istəklərinə uyduğundan, sadəcə adət-ən’nələrin tə’sirindən, cəmiyyətə hakim mədəniyyətin nüfuzu altında hansısa zərərlərdən qorxaraq, hansısa maddi mənafelər güdərək şəriət göstərişlərinə yanlış yozum verir. İnsanlar mə’sum olmadığından onların əməl məqamında ilahi vəzifədən boyun qaçırması, vacib bir vəzifəni tərk etməsi, günaha batması, hökmlərə yanlış təfsir və izahat verməsi mümkündür. Əməllərdə ifrat və təfritlər özünü göstərir. Yanlış yozumun səbəblərindən biri cəhalətdir. Ona görə də yaxşılığa əmr və pisliyə qadağa vəzifəsini yerinə yetirən insan şər’i məsələlər, ilahi vəzifələrlə yetərincə tanış olmalı, yetərli mə’lumatı olmayanlar bu işdən çəkinməlidir. Şahid olduğum bir nümunəni nəzərinizə çatdırıram:
Azyaşlı olduğum vaxt çox dindar bir qohumumuz vardı. Məzhəbə o qədər bağlı idi ki, öz baxışı əsasında ifrata varırdı. Üzünü ülgüclə qırxmış adam görəndə həmin adamı yaxalayır, çox acı sözlər deyirdi. Bu şəxs hətta gecə namazı qılır, bildiyi dini vəzifələri vaxtlı-vaxtında yerinə yetirirdi. Bir dəfə qohumlarımızdan biri ona qonaq gəlmişdi. Təsadüfdən qonaq üzünü ülgüclə qırxmışdı. Dindar qohum onun görüşünə gəlmiş bu şəxslə o qədər sərt danışdı ki, qonaq ayağa qalxıb məclisi tərk etdi və birdəfəlik əlaqələri kəsdi.
Əmr be mə’ruf və nəhy əz munkər, yaxşılığa əmr və pisliyə qadağa kimsəyə bu sayaq sərt rəftar etmək icazəsi vermir. Əvvəla, saqqalın ülgüclə qırxılmasını haram saymayan fətva sahibləri də var. Hər halda bu iş qəti haram işlərdən deyil. İkincisi sələmçilik, qeybət, yalan kimi böyük günahlarla müqayisədə saqqalın ülgüclə qırxılması çox əhəmiyyətsiz bir işdir. Məgər qeybət günahını saqqalı qırxmaq günahı ilə müqayisə etmək olarmı?! Əgər bir şəxs qeybət edirsə, onu öncə yetmiş çirkin işdən ağır olan qeybətdən çəkindirməliyik, yoxsa saqqal saxlamasına çalışmalıyıq? Üçüncüsü, əmr və qadağa edərkən insanı alçaltmaq haqqımız yoxdur. Mö’mini alçaltmaq saqqalı qırxmaqdan qat-qat ağır günahdır. Dördüncüsü, bu sayaq rəftar səbəb olur ki, insanların doğru yola çağırışı üçün şərait aradan qalxır. İnsan yumşaq rəftarla qarşı tərəfə tə’sir göstərib onu addım-addım irəli apara bilər. Öncə böyük günahlardan çəkindirmək lazımdır. Yalnız bundan sonra məsələn, saqqal qırxmaq kimi kiçik günahlarla mübarizə aparmaq olar. Demək, sizin saqqal qırxmaqla mübarizəniz bir insanın kəbirə günahlardan çəkinməsi üçün şəraiti aradan qaldırır.
Beşincisi, əmr və qadağada sərt rəftar qohumluq və dostluq rabitələrinin kəsilməsinə, arada kin-küdurət yaranmasına səbəb olur. Guya savab qazanmaq istəyən biri elə rəftar edir ki, əlaqələr birdəfəlik kəsilir.
Bizim həmin qohum vəzifəsinə əməl etməkdən başqa bir şey düşünmürdü. Əlbəttə ki, onun rəftarı yanlış idi. Bu sayaq rəftar ona keçmiş adət-ən’ənələrdən irs qalmışdı. Qədimdə bu sayaq sərt məzəmmət adi sayılırdı. Amma həmişə xoş, mehriban rəftar edilsə, daha böyük nəticələr əldə etmək olar.
Çox təəssüf olsun ki, yaxın keçmişdə bə’zən minbərdən elə bir tonda danışılırdı ki, bu söhbətlər yalnız zərərlə nəticələnirdi. Belə ki, acı məzəmmətlərə dözməyənlər bir daha məscidə gəlmir və söhbətlərdən məhrum olurdular. Rza xan və pəhləvi hökumətləri zamanı rejim ölkədə dini mədəniyyəti aradan qaldırmaq üçün qərb mədəniyyətinə rəvac verirdi. Şapka, kostyum həmin vaxtlar dəb düşməyə başladı. Əslində Avropa və Amerikanı təbliğ edən bu geyimlər milli geyim kimi təqdim edilirdi. Həmin vaxt dini zümrə bu cərəyanla mübarizəyə başladı. Kostyum kafir libası kimi qəbul edilirdi. Kim kostyum geyirdisə, onu küfrdə suçlayır və gördüyü işi haram sayırdılar. Hətta minbərlərdə bu barədə danışılırdı. Bu söhbətlərin nəticəsində yeni libaslardan istifadə edənlər məsciddən uzaqlaşmağa başladı. Axı əynində kostyum olan insan oturub kostyum haqqında məzəmmətli söhbətə qulaq asa bilməz!
Tutaq ki, nə vaxtsa təcavüzkarlara nüfuz şəraiti yaratmamaq üçün şapka, kostyum bəyənilməmişdir. Məgər həmən vaxt bundan qat-qat zərərli günahlar mövcud deyildimi? Biz adətən böyük günahlara göz yumur, kiçik qəbahətlərə görə insanları sıxıntıya salırıq. Necə ola bilər ki, sələm kimi çirkin bir işi özünə peşə etmiş bir şəxs rahatca məscidə gəlib İmamın arxasında cəmiyyət namazına dayanır, amma yeni dəblə geyinmiş bir şəxs öz libasına görə məscidə qədəm qoya bilmir?! Məgər Allah Qur’anda sələmçini özünə qarşı müharibəyə qalxmış kimi tanıtdırmırmı?!
Çalışmalıyıq ki, böyük günahlarla ciddi, kiçik günahlara isə qismən yumşaq davranaq. Günaha necə münasibət göstərmək olduqca mühüm nöqtədir. Kiçik bir günaha yol verdiyinə görə insanı alçaltmaqmı olar?!
Əlbəttə ki, şərait və mühit fərqlərinin də rolu var. Olsun ki, bə’zən sərt rəftara ehtiyac duyulur. Amma xüsusi ilə hazırkı həssas dövrümüzdə sərt rəftarlar məqbul deyil, cəmiyyət belə münasibəti bəyənmir.
Cəmiyyət bu gün sərt söhbəti təhqir kimi qəbul edir. Bir buyuruq əslində təhqir deyilsə də, cəmiyyət həssas olduğundan ona təhqir kimi yanaşır. Bə’zən isə bir nəfərin təhqir saydığı münasibəti başqa biri normal qarşılayır.
Demək, əmr və qadağada müəyyən şərtlər nəzərə alınmalıdır: Cəmiyyətlər arasındakı fərqlər, mühitlər arasındakı fərqlər, adət-ən’ənələr arasındakı fərqlər, fərdlər və mövqelər arasındakı fərqlər və sair. Mə’sumların buyuruqlarında «vay olsun sənə» kimi məzəmmətlərlə rastlaşırıq. Uyğun buyuruqlardan nəticə çıxarmamalıyıq ki, biz də harada gəldi uyğun tə’birlərdən istifadə edə bilərik. Hər kostyum geyənə, hər üzünü qırxana sərt yanaşmaq olmaz. Adətən, bu sayaq sərt yanaşmalar yersiz olur. Bə’ziləri iddia edirlər ki, əmr be mə’ruf, yaxşılıq əmri amiranə şəkildə həyata keçməlidir. Qeyd edirlər ki, amiranə bəyan olunmamış qadağa vəzifəni öhdədən götürmür. Əlbəttə ki, belə yanaşmalarda şərait nəzərə alınmamışdır. Əgər mənim amiranə danışmağım mənfi tə’sir göstərirsə, şübhəsiz nəticələr mənfi olacaq. Nəzərə çatdırılan nöqtələrə yetərli əhəmiyyət vermək zəruridir. Bu nöqtələrə diqqətsizlik fəsad doğura bilər.