Nİyə yalan şərabdan da pİsdİr?


Bəs niyə yalan şərabdan da pisdir? Çünki yalan mənəvi şərabdır. Əgər şərab insanı fiziki məst edirsə, yalan insanın mənəviyyatını məst edir. Yalan insanın ruhunu məst edir, zatını məst edir. Yalan insanın olan-qalan insanlığını aradan çıxarır.
Yalanın imana təsiri ilə bağlı isə İmam Muhəmməd Baqirdən (ə) nəql edirlər: “Həqiqətən, yalan imanı viran qoyar”.
Yəni harada yalan özünə yer aldısa, orada iman aradan getməyə başlayır. İmanı dağıtmaq üçün ən güclü virus, ən güclü mikrob yalandır. Özü də bu virus insanın vücuduna dadandısa, əl çəkən deyil. İmam Əli (ə) buyurub: Yalandan kənar olun. Çünki yalan imandan kənardır. Doğru danışan nicat və kəramətin sahilində, yalançı isə uçurum və zəlilliyin astanasındadır».
Bir başqa hədisdə biz görürük Rəsuli-Əkrəm (s) buyurur: \"Yalan üzüqaralıq gətirər\".

Üzüqaralıq anlayışı çox aydındır. Çox böyük mental mənəvi yükə malik olan insanın üzüağ olmasının əksidir bu. İslam məntiqi bizə öyrədir ki, yalan insanı üzüqara edər. Düzdür, insan yalanın sayəsində müvəqqəti nəyəsə çata bilər zahirdə, iki-üç gün halı “yaxşı olar”, amma nəticədə üzü qara olar.
İmam Səccad (ə) məktəbinə nəzər salaq. İmam Səccad (ə) məktəbi dua və münacat məktəbidir. İnsan olma məktəbidir. Necə insan olmağı, necə mərd olmağı, necə şəxsiyyət olmağı öyrədir bu məktəb.

\"Məfatihul-Cinan\" dua toplusunda “Əbu Həmzə Sumali” duasında biz görürük İmam Səccad (ə) bizə öyrədir bəzi məqamları. Deyir İlahi, bəlkə məni yalançılar məqamında görmüsən, bəlkə məni yalançılar cərgəsində görmüsən ki, məni öz halıma boşlamısan?!
Böyük bir dərs var burada. İnsan gün ərzində özünə baxmalıdır. Birdən görür ki, günahı rahat edir, yalanı rahat danışır, camaatın haqqını rahat basır, deməli, özbaşına buraxılıb. Bu da elə-belə olmur. Bir xəta edir, iki xəta edir, nəhayət silsilə halını alır bunun xəta etməkliyi. Bir də görür qəlbi möhürlənib, daha ayıldıcı mesajlar almır. Özbaşına buraxılır. Duadan başa düşülür ki, bu özbaşına buraxılmağın, hidayətdən məhrum olmağın mühüm amillərdən biri həmin bu yalandır.


Hacı İlqar İbrahimoğlu


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter