Əhlİbeyt alİmlərİ QURANIN TƏHRİF OLUNMASINA İNANIRMI?


Cavab: Məşhur şiə alimlərinin nəzəri budur ki, Qur`anda heç bir təhrifə yol verilməmişdir. Hal-hazırda bizim əlimizdə mövcud olan Qur`an elə Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə nazil olan asimani kitabdır və onda heç bir artırılmaya və ya əsgildilməyə yol verilməmişdir. Bu sözün aydın olması üçün bu barədə bir neçə dəlilə işarə edirik:

1-Allah-taala müsəlmanların asimani kitabının hər növ təhrifdən amanda qalacağına zəmanət verir:

اِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَاِنَّا لَهُ لَحَافِظُونَ

“Həqiqətən Biz Qur`anı nazil etdik və şübhəsiz Biz də onu qoruyub saxlayacağıq.”

Aydındır ki, dünya şiələri öz təfəkkür və rəftarlarında Qur`anı özlərinə sərlövhə və nümunə qərar verdiklərindən bu şərif ayəyə dəyər vermiş, bu kitabın qorunması və təhrifdən amanda qalması ilə əlaqədar onun verdiyi xəbərə iman gətirmişlər.

2-Şiənin böyük rəhbəri – Əli (ə) özü Peyğəmbər (s.ə.v.v)-lə yanaşı və vəhy yazıçılarından idi. O, müxtəlif münasibətlərlə əlaqədar camaatı həmin Qur`ana tərəf də`vət etmişdir. Onun bə`zi kəlamlarını qeyd edirik:

وَاعْلَمُوا انَّ هذَا الْقُرْآنَ هُوَ النَّاصِحُ الَّذِي لَا يَغشُّ وَ الْهَادِي الَّذِي لَا يُضِلُّ

“Bilin ki, həqiqətən bu Qur`an heç vaxt xəyanət etməyən bir moizəçi, insanı heç vaxt azdırmayan bir hidayətçi, yol göstərəndir.”

اِنَْ اللّهَ سُبْحَانَهُ لَمْ يَعِظْ اَحَدًا بِمِثْلِ هذَا الْقُرْآنِ فَاِنَّهُ حَبْلُ اللّهِ الْمَتِينُ

“Həqiqətən Sübhan Allah heç vaxt bir kəsi bu Qur`an kimi nəsihət etməmişdir. Qur`an möhkəm ilahi ip və Allahın möhkəm vəsiləsidir.”

ثُمَّ اَنْزَلَ عَلَيْهِ الْكِتَابَ نُورًا لَا يُطْفَاُ مَصَابِيحُهُ وَ سِرَاجًا لَا يخْبوا تَوَقُّدُهُ وَ مِنْهَاجًا لَا يَضِلُّ نَهْجُهُ وَ فُرْقَانًا لَا يمْخدُ بُرْهَانُهُ

“...Sonra Allah ona bir kitab nazil etdi ki, onda heç vaxt sönməyən bir nur, işığı aradan getməyən bir çıraq, heç vaxt öz yolçularını azdırmayan bir yol, haqq və batili ayıran bir vasitədir ki, onun bürhanları əyriliyə düçar olmaz.”

Şiələrin böyük rəhbərinin sözlərindən aydın olur ki, Qur`ani-Kərim çox işıqlı bir çıraq olub əbədiyyətə qədər ona tabe olanların yolunu işıqlandıracaqdır, onun nurunun sönməsinə, yaxud insanların azmasına səbəb olacaq heç bir dəyişiklik ona yol tapa bilməz.

3-Şiə alimlərinin yekdil fikrinə görə Peyğəmbəri Əkrəm (s.ə.v.v) belə buyurmuşdur: “Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm: biri Allahın kitabı (Qur`an), digəri isə mənim Əhli-beytim, itrətimdir. Onlara sarılıncaya qədər heç vaxt yolunuzu azmayacaqsınız.”

Bu hədis islam aləmində nəql olunan mütəvatir hədislərdəndir ki, həm sünnülər, həm də şiələr onu nəql etmişlər. Bununla aydın olur ki, şiə nəzərindən Allahın kitabı – Qur`an heç bir təhrifə mə`ruz qalmayacaqdır, çünki əgər onda təhrif baş verərsə ona sarılmaq insanların hidayət olunmasına, azğınlıqdan nicat tapmasına səbəb olmaz. Bu da qeyd olunan mütəvatir hədisin aşkar buyuruğu ilə uyğun deyildir.

4-Bizim fəqih və alimlərimiz tərəfindən nəql olunan şiə rəhbərlərinin kəlamlarında bu həqiqət aşkar şəkildə göstərilir ki, Qur`an haqq və batilin ayırd edilmə me`yarı, düzün nadürüstdən seçilmə vasitəsidir. Belə ki, hər bir kəlam, hətta rəvayət adı ilə bizə çatan şeylər belə, Qur`anla müqayisə edilməlidir. Əgər onun ayələri ilə uyğun gələrsə haqq və düzgün, əks halda isə batil və nadürüst olacaqdır. Bu barədə mövcud olan rəvayətlər şiələrin fiqh və rəvayət kitablarında çox gözə dəyir. Onlardan birini qeyd edirik: İmam Sadiq (ə) buyurur:

مَا لَمْ يُوَافِقْ مِنَ الْحَدِيثِ الْقُرْآنَ فَهُوَ زُخْرُفٌ

“Hər şey (söz) Qur`anla uyğun gəlməsə əbəs və batildir.”

Bu rəvayətlərdən aydın olur ki, Qur`anda heç bir təhrif baş verməmişdir. Buna görə də bu müqəddəs kitab haqq və batilin bir-birindən ayırd edilib seçilməsi me`yarı kimi qələmə verilir.

5-Şiə, xüsusilə mütərəqqi islam mədəniyyətinin daimi keşikçiləri olan böyük islam alimləri e`tiraf etmişlər ki, Qur`ani-Kərimdə heç bir təhrif baş verməmişdir. Bu böyük şəxsiyyətlərin hamısının adını sadalamaq çox çətindir, lakin nümunə olaraq onlardan bir neçəsinin adını qeyd edirik:

1-Əbu Cə`fər Məhəmməd ibni Əli ibni Hüseyn Babəveyh Qumi (Şeyx Səduq adı ilə məşhurdur, 381-ci ildə vəfat edib) buyurur: “Qur`an barəsində e`tiqadımız budur ki, o, Allahın sözü və vəhydir, batil və düzgün olmayan mətləblər ona yol tapa bilməz, hikmətli və elmli Allah tərəfindən nazil olunmuşdur, Allah onu göndərən və qoruyandır.”

2-Seyyid Mürtəza Əli ibni Hüseyn Musəvi Ələvi (Ələmul-Huda adı ilə məşhurdur və 436-cı hicri ilində vəfat etmişdir) buyurur: “Peyğəmbəri Əkrəm (s.ə.v.v) səhabələrindən bir qrupu, o cümlədən Əbdullah ibni Məs`ud, Übeyy ibni Kə`b və başqaları dəfələrlə Qur`anın hamısını əvvəldən axıra qədər Peyğəmbər (s.ə.v.v)-ə oxumuşdular. Bunların hamısı bu həqiqəti göstərir ki, Qur`an əvvəldən bir yerə toplanmış və pərakəndə vəziyyətdə olmamışdır, ondan heç bir şey əskildilməmiş, nizamlı şəkildə olmuşdur.”

3-Əbu Cə`fər Məhəmməd ibni Həsən Tusi (Şeyxut-Taifə adı ilə məşhurdur və 460-cı hicri ilində vəfat etmişdir) deyir: “Qur`anın artırılıb-əskildilməsi barəsində sözə gəldikdə isə, bu söz bu kitaba layiq deyildir. Çünki bütün müsəlmanlar Qur`ana bir şey artırılmaması barəsində yekdil fikrə malikdirlər. Ondan bir şeyin azaldılmasına gəldikdə isə müsəlman məzhəblərinin zahiri bunun əksinədir və bu fikir (Qur`ana bir şeyin artırılmaması) bizim məzhəbə daha layiqdir. Bu sözü Seyyid Mürtəza qəbul edərək onu təsdiqləmişdir. Rəvayətlərin zahiri də bu həqiqəti sübuta yetirir. Camaatdan az bir qrupu bə`zi rəvayətlərə əsasən ayələrin azaldılması və onların yerlərinin dəyişdirilməsinə işarə edirlər və bu (zəif) rəvayətlər də həm sünnü, həm də şiə təriqi ilə gəlib çatmışdır, lakin bu kimi rəvayətlər “vahid xəbər” qəbilindəndir ki, onun barəsində elmə, yaxud ona uyğun əməl etməyə səbəb olmur, yaxşı olar ki, onlar tərk edilsin.”

4-Əbu Əli Təbərsi (“Məcməul-bəyan” təfsirinin müəllifi) yazır: “Qur`ana bir şey artırılması məsələsinə gəldikdə, demək lazımdır ki, bütün islam ümməti bu sözün əsassız olduğu barədə yekdil fikirdədirlər. Amma ondan müəyyən ayələrin azaldılmasına gəldikdə isə bizim səhabələrdən (alimlərdən) bə`ziləri və sünnülərin həşəviyyə firqəsindən bir qrupu (bu iddianı isbat etmək üçün) müəyyən rəvayətlər gətirmişlər, lakin bizim məzhəbimizdə qəbul olunan və səhih sayılan nəzər tam onun əksinədir.”

5-Əli ibni Tavus Hilli (Seyyid ibni Tavus adı ilə məşhurdur və 664-cü ildə vəfat etmişdir) deyir: “Şiənin nəzəri budur ki, Qur`anda heç bir dəyişiklik olmayıb.”

6-Şeyx Zeynuddin-Amili (877-ci ildə vəfat edib) “İnna nəhnu nəzzəlnəz-zikrə” ayəsinin təfsirində buyurur: “Yə`ni Biz Qur`anı hər növ təhrifdən qoruyub saxlayacağıq.”

7-Qazi Seyyid Nuriddin Tüstəri (“Ehqaqul-həqq” kitabının müəllifidir və 1019-cu ildə vəfat edib) buyurur: “Qur`anın təhrif edilməsi ilə əlaqədar nəzərin bə`zi İmamiyyə şiələrinə aid edilməsi bütün şiələr tərəfindən qəbul olunmur. Yalnız onlardan bir qrupu belə bir əqidəyə malikdirlər ki, şiələrin arasında onlara e`tina olunmur.”

8-Məhəmməd ibni Hüseyn (Bəhauddin Amili adı ilə məşhurdur və 1030-cu ilində vəfat edib) deyir: “Səhih nəzər budur ki, əzəmətli Qur`an hər növ təhrifdən – həm artırılmadan, həm də azaldılmadan amandadır. Bə`zilərinin iddia edərək dediyi “Əli (ə)-ın adı Qur`andan çıxarılmışdır!” - sözü alimlərin arasında qəbul olunmur. Tarix və rəvayətlərdə tədqiqat aparan hər kəs bilir ki, mütəvatir rəvayətlər və səhabələrdən minlərləsinin nəql etməsinə əsasən Qur`an sabit və möhkəmdir və onun hamısı Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in dövründə bir yerə toplanmışdır.”

9-Feyz Kaşani (“Vafi” kitabının müəllifidir və 1091-ci ildə vəfat edib) Qur`anın dəyişdirilməməsinə, təhrif edilməməsinə dəlalət edən “İnna nəhnu nəzzəlnəz-zikrə” kimi ayələri qeyd etdikdən sonra deyir: “Belə olduqda necə mümkün ola bilər ki, Qur`anda təhrifə və dəyişikliyə yol verilsin? Bunu da nəzərə alaq ki, onun təhrif olunmasını iddia edən rəvayətlər Allahın kitabı ilə müxalifdir. Deməli, bu rəvayətləri əsassız hesab etməliyik.”

10-Şeyx Hürr Amili (1104-cü ildə vəfat edib) buyurur: “Tarix və rəvayətlər barəsində tədqiqat aparan bir insan gözəl şəkildə bilir ki, mütəvatir rəvayətlərə və səhabədən minlərləsinin nəql etdiyinə əsasən Qur`ani-Kərim sabit və dəyişilməzdir, o, Peyğəmbər (s.ə.v.v)-in dövründə bir yerə yığılmış və tənzim edilmişdir.”

11-Dahi mühəqqiq Kaşiful-Ğita özünün “Kəşful-ğita” adlı kitabında buyurur: “Şəkk yoxdur ki, Qur`an Allah tərəfindən olan qorunma sayəsində hər növ dəyişiklikdən və azaldılmadan amanda qalmışdır. Belə ki, Qur`anın aşkar buyuruğu və alimlərin bütün dövrlərdəki fikir birliyi buna şəhadət verir. Azacıq bir qrupun müxalifət etməsinə isə e`tina olunmamalıdır.”

12-İslam İnqilabının dahi rəhbəri mərhum Ayətullahul-üzma İmam Xomeyni bu barədə digər bir bəyan irəli sürmüşdür. O yazır: “Hər kəs müsəlmanların Qur`anın bir yerə toplanması, qorunub-saxlanması, düzgün tilavət olunması və yazılması barəsində necə diqqətli olmalarından agah olsa Qur`anın təhrif olunmasının əsassız bir iddia olduğuna şəhadət verəcək və onu inanılası olmayan bir söz olduğunu dərk edəcəkdir. Bu barədə gəlib çatan rəvayətlər ya istidlala yararlı olmayacaq dərəcədə zəifdir, yaxud da sənədi namə`lumdur ki, bu da onların saxta olmasını göstəriræ və yaxud elə rəvayətlərdir ki, onların məzmunu Qur`anın tə`vil və təfsiridiræ yaxud digər bir qismdir ki, onların bəyan olunması bu barədə müfəssəl bir kitab yazılmasını tələb edir. Əgər mövzudan xaric olma ehtimalı olmasaydı Qur`anın tarixi və əsrlər boyunda baş verən hadisələri şərh və aşkar edərdim ki, Qur`ani-Məcid eynilə bizim əlimizdə olan Qur`andır, Qur`an qariləri arasında mövcud olan nəzər ixtilafları da sonradan yaranan yeni bir məsələdir və bunların Cəbrəili-Əminin Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in pak qəlbinə nazil etdiyi şeylərlə heç bir əlaqəsi yoxdur.”

NƏTİCƏ

Bütün müsəlmanlar – istər sünnü, istərsə də şiələr – inanırlar ki, asimani kitab eynilə Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə nazil onunan Qur`andır və o, hər növ təhrifdən və dəyişiklikdən – artırılmadan və azaldılmadan amandadır. Bununla da şiələrə isnad verilən sözlərin əsassız və yersiz olduğu aydınlaşır. Əgər bu barədə zəif sənədli (mö`təbər olmayan) rəvayətlərin nəql olunması bu ittihamın yaranmasına səbəb olmuşsa deməliyik ki, bu kimi rəvayətlərin nəql olunması şiələrin içində olan az bir qrupa məxsus deyildiræ çünki sünnü müfəssirlərindən bir qrupu da belə zəif rəvayətləri nəql etmişlər ki, onların bə`zilərini qeyd edirik:

1-Əbu Əbdillah Məhəmməd ibni Ənsari Qurtəbi öz təfsirində Əbu Bəkr Ənbazidən, o da Übeyy ibni Kə`bdən rəvayət edir ki, “Əhzab” surəsi (73 ayəsi ilə birlikdə) Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in zamanında “Bəqərə” surəsi qədər idi (286 ayəyə malik idi) və “Nəcm” surəsi də bu surənin içində idi, indi isə “Əhzab” surəsində belə bir ayədən heç bir əsər-əlamət görünmür.”

Həmin kitabda Ayişənin belə dediyi nəql olunur: “Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in dövründə “Əhzab” surəsi 200 ayə idi. Müshəf yazıldıqdan sonra hazırda yazıldığından artıq bir şey tapılmadı.”
2-”Əl-itqan” kitabının müəllifi nəql edir ki, “Übeyyin nüsxəsindəki surələrin sayı 116 imiş. Çünki onda “Həfd” və “Xəl`” adlı iki surə də var idi.”

Halbuki Qur`an 114 surədən ibarətdir və onda “Həfd” və “Xəl`” adlı heç bir surə yoxdur.

3-Hibətullah ibni Səlamət “Ənnasixu vəl-mənsux” adlı kitabında Ənəs ibni Malikin belə dediyini nəql edir: Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in dövründə “Tövbə” surəsi qədər olan bir surə oxuyurduq ki, mən də onun yalnız bir ayəsini əzbərləmişəm. O ayə budur:

لَوْ اَنَّ لِابْنِ آدَمَ وَادِيَيْنِ مِنَ الذَّهَبِ لَابْتَغَي اِلَيْهِمَا ثَالِثًا وَ لَوْ اَنَّ لَهُ ثَالِثًا لَابْتَغَي اِلَيْهَا رَابِعًا لوَ لَايَمْلَاُ جَوْفَ اِبْنِ آدَمَ اِلاَّ التُّرَابُ وَ يَتُوبُ اللّهُ عَلَي مَنْ تَابَ

Halbuki Qur`anda belə bir ayə yoxdur və ümumiyyətlə Qur`anın bəlağəti ilə uyğun deyildir.

4-Cəlaləddin Süyuti özünün “Əd-Durrul-Mənsur” adlı təfsirində Ömər ibni Xəttabdan rəvayət edir ki, “Əhzab” surəsi “Bəqərə” surəsi qədərincə idi və onda “rəcm” ayəsi vardı.”

Deməli həm sünnü, həm də şiələrin içində az bir qrup Qur`anda dəyişiklik və təhrif olmasını iddia edən zəif və süst hədisləri nəql etmişlər. Bu zəif rəvayətlər müsəlmanların təqribən əksəriyyətini təşkil edənlər tərəfindən – istər sünnü, istərsə də şiə – qəbul edilmir. Əksinə Qur`an ayələri, səhih və mütəvatir islam hədisləri, eləcə də Peyğəmbər (s.ə.v.v) səhabələrinin, dünya müsəlmanlarının fikir birliyinə əsasən Qur`anda heç bir təhrif, dəyişiklik, artırılma və azaldılma mövcud deyildir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter