İslam örtüyü qadın üçün təhqirdir, yoxsa qadın şəxsiyyətinə verilən qiymətdir?
İslam bədxahlarının İslama ən çox irad tutduğu məsələlərdən biri İslam örtüyü – qadın hicabıdır. Onlar ya nadanlıqları və məlumatsızlıqları, ya da qərəzçilikləri və düşmənçilikləri üzündən belə hesab edirlər ki, İslam örtüyü İslam cəmiyyətində qadının təhqir olunmasının bir əlamətidir. Ona görə biz də bu kiçik söhbətimizdə - dünyanın ən görkəmli qadınının şəxsiyyəti, bütün keçmiş və gələcək nəsillərin qadınlarının nümunəsi ilə bağlı mövzuya giriş sayıla bilən qeydlərimizdə bu məsələyə çox qısa bir nəzər salaraq onu ötəri və icmal şəklində araşdırmağı məqsədəuyğun sayırıq, çünki necə deyərlər: “Əgər evdə bir kəs varsa, bir söz bəsdir.”
Heç bir aydın görən baxışdan, ayıq, açıqürəkli vicdandan uzaqda olmayan həqiqət bu məsələnin sirrini və rəmzini bizə tam aydınlığı ilə aşkar edir. Doğrudan da, İslamda qadın örtüyündən məqsəd heç də onun şəxsiyyətinə qarşı etinasızlıq və ya təhqir rəva bilmək deyil, əksinə, “Şarei-müqəddəs”in (müqəddəs qanunvericinin – Peyğəmbərimizin epitetlərindən biridir (tərcüməçi)) qadın şəxsiyyətinə hörmət və ehtiram bəxş edən bu örtükdə məqsədi budur ki, qadının vücudunda onu çirkin, qeyri-insani, nifrətedici, cahil görünüşlü bir şeyə çevirən və belə bir görünüşdən kişilərdə ləzzət, təmənna, şəhvət hisslərini oyadan şeylər yox, onun əsl insani keyfiyyətləri ilə bağlı nemətlər görünsün.
Bəli, qadın örtüyü İslamın aydın baxışlarına görə, əslində elə bir təsirli vasitə və kəsərli silahdır ki, qadının qadınlıq təbiətində yol verə biləcəyi özbaşınalığın həddini aşmasın. Qadına bir oyuncaq surət kimi tamaşa etmək, bu işdən ləzzət almaq üçün onun nümayiş etdirilməsinə icazə vermir. Əksinə, bütün bu xüsusiyyətləri baxışlardan gizlədir ki, qadınlar da kişilərlə bərabər və eyni şəraitdə bütün ictimail sahələrdə özlərini göstərməkdən, nümayiş etdirilməkdən qayğısız-arxayın halda qurub-yaradan kişilər kimi yalnız öz öhdələrinə düşən bəşəri fəaliyyətləri və yaradıcı iş-gücləri ilə məşğul olsunlar və bu baxımdan qiymətləndirilsinlər.
İslam hicabının nəticəsində qadın özünün zahiri vücudunun görünən tərəflərini bir kənara qoyaraq öz istedad və bacarığını kişilərlə çiyin-çiyinə həyatın müxtəlif qurucu sahələrində göstərə bilir. Yəni Allahın bəxş etdiyi bütün istedad və bacarığını əbəs yerə təkcə özünə bəzək-düzək verməkdə, gözəl görünmək üçün əlləşməkdə və özünün qadınlıq əlamətlərini təhqiramiz bir şəkildə nümayiş etdirməkdə göstərməsin və həyati dəyərlərə yalnız bir meyarla nəzər salmasın.
Qeyri-İslam cəmiyyətinə, xüsusilə də kapitalist ölkələrinə qısa bir baxış göstərir ki, orada qadın üçün onun insanlıq və şəxsiyyətini örtən pərdə nəzərə alınmamışdır. Bundan məqsəd qadının təbii gözəlliyindən qeyri-qanuni qazanc vasitəsi kimi istifadə etməkdir. Belə ölkələrdə qadın şəxsiyyəti, onun cəmiyyətdəki layiqli yeri nəinki nəzərə alınmır, əksinə, ona yalnız bir oyuncaq və əyləncə, eyş-işrət vasitəsi və ya istehlak cəmiyyətinin bazarda satılan bir məhsulu kimi baxırlar.
İslam isə, əksinə, qadına tamam başqa gözlə baxır, onun yalnız insani keyfiyyətlərini nəzərə alır. Həyatın bütün mərhələlərində nəinki kişilərə qadına bir “oyuncaq vasitə” kimi baxmağa qadağan edir, eyni zamanda qadınlara da icazə vermir ki, islami şəxsiyyətlərini ayaqlar altına atsınlar və öz özlərini bir alçaqlıq, həqarət əskisinə çevirsinlər.
Bu ali hədəf İslamın bütün hökm və təlimlərində, xüsusilə də müqəddəs Quran ayələrində hər yerdə özünü büruzə verir. Məsələn, Qurani-Kərim, məlum olduğu kimi, qadınlara öz zinətlərini başqalarına göstərməyi, bərkdən və səs sala-sala yeriməyi, başqalarının diqqətini cəlb edən tərzdə yol getməyi, naz-qəmzə ilə danışmağı, özgə kişilərlə kəlmə kəsməyi qadağan etmişdir.
Qadının maddi, mənəvi, iqtisadi və siyasi şəxsiyyətinə ehtiramla bağlı Qurani-Kərim və yaradıcı İslam məktəbinin həyatverici təlimləri elə iri addımlar atmışlar ki, dünyanın başqa məktəbləri hələ o ali və yüksək həddə çatmağı təsəvvürlərinə belə gətirməmişlər.
Bəli, İslam və Quranın qadına və onun kişi ilə həqiqi bərabərliyinə münasibətlə bağlı fikri, nəzəri belədir. İslamın qadına nisbətən kişiyə dərəcə verməsinə gəldikdə isə bu dərəcə kişinin qdına nisbətən üstünlüyünə görə deyil. Həmçinin ona görə deyil ki, kişi qadına nisbətən Allah dərgahında və İslam aləmində daha çox dəyər və etibara malikdir. Əksinə, yalnız ona görədir ki, kişi özünün oynadığı əsaslı roluna görə (ailəyə başçılıq etmək, ailə üzvlərini yemək-içməklə təmin etmək) daha yüksək dərəcəli məsuliyyətləri öz çiyninə götürmüşdür. Bu məsuliyyət dərəcəsi də elə məsələdir ki, qadınların özü də onun kişilərə verilməsinə müxalif deyillər. çünki qadın ümumiyyətlə götürdükdə daxili təbiətinə və əlaqəsinə görə maddi işlərə o qədər meyl göstərmir və bu işlərin məsuliyyətinin kişidə olmasına üstünlük verir, özü isə qadınlıq xüsusiyyətinə daha uyğun gələn məsuliyyətləri, yəni evdarlığı, ailə işlərini öhdəsinə götürür.
Odur ki, kişi üçün dəyər və rütbə, mənəvi məqam baxımından heç bir üstünlük yoxdur. Hər iki məxluq üçün yeganə fəzilət və üstünlük meyarı sözsüz ki, dindarlıq, mənəviyyat, iman, paklıq, tovhid, Allahı tanıma, Allahdan qorxma dərəcələridir. İstər kişi olsun, istər qadın, öz cinsi və növündən asılı olmayaraq bu dərəcələrdən ən yüksəyinə nail ola bilər.
Hər bir fərdin ən yaxşı göstəricisi, təbiət və şəxsiyyətini səciyyələndirən cəhəti əslində onun varlığının izlərindən, nişanə və zatından, təbiətindən irəli gələn xüsusiyyətlərindən başqa bir şey deyil. Bu baxımdan insanın hansı cinsdən olması onun fəzilət və üstünlüyü üçün meyar ola bilməz. Qədim astronomiya elminə görə hərarətli, enerji doğuran günəş qadın surəti şəklində, ay isə kişi surəti şəklində təsvir olunurdu. Bu fərziyyə ola bilsin ki, qədim dövrlərdən kişi ilə qadın arasında fərqi göstərən dəlillərdən biri olmuşdur. Lakin bu fərz olunan ikiliyə baxmayaraq, nəzərə almaq lazımdır ki, günəş şüalarının təsir dərəcəsi aydan daha çoxdur, belə ki, ay öz nurunu, işığını günəşdən alır. Ona görə də günəşin simasının qadının şəkli olduğunu və qadınla günəşin hər birinin o biri üçün simvol sayıldığını qəbul etsək belə, yenə də günəşi aydan daha üstün və dəyərli, daha səmərəli olduğu üçün o, daha özəl və faydalı, daha cazibəli və dəyərli sayılmalıdır.
Beləliklə aydın olur ki, əgər müasir qadınlar bəşər tarixində ən kamil, ən görkəmli nümunəsi olan pak Zəhranın (ə) müqəddəs vücudundan, o həzrətin fəzilətlə dolu məktəbindən ilhamlanaraq öz varlığının təkamülü istiqamətində iri və təsirli addımlar atsalar, kişilərlə müqayisədə tərəzinin gözü şübhəsiz ki, fəzilət və elmsiz, din və imansız kişilərin yox, fəzilət sahibi qadınların xeyrinə olacaqdır.