Başqası haqda danışmaq nə vaxt qeybət hesab olunur?


Nə vaxt qeybət hesab olunur?


Möminin arxasınca danışılan hansı söhbət qeybət sayılır? Belə hallar ortalığa çıxan zaman bu qeybət sayılır: haqqında danışılan şəxsin həmin söhbətlərdən xoşu gəlmədikdə, ürəyi sıxıldıqda və narazı olduqda bu, qeybət sayılır. Bir kəs qeybət edəndə, bəzən deyir ki, “özü də bilir”. Deməli, xəbəri olmadan şəxsin arxasında iki məsələni danışmaq olar - onun xəbəri olduğu və xəbəri olmadığı məsələni. Belə olan təqdirdə, əgər həmin şəxsin arxasınca olmayan şeyi danışırsansa, bu qeybət deyil. Bunun adına böhtan deyilir. Əgər həmin danışılan xüsusiyyət o kəsdə yoxdursa, bunu artıq qeybət adlandırmağa ehtiyac yoxdur. Həmin şəxsə şər və böhtan atılıb. Bu, digər günah əməldir. Qeybət və böhtanın hər ikisi günahdır, amma müxtəlif səciyyəlidir. Onları təsnifləndirmək, fərqləndirmək lazımdır ki, insan bu əlamətlər əsasında həmin günah əməlləri tanısın və onları rədd etsin.
Əgər olan bir şeydən söhbət gedirsə və həmin şəxsin bu məsələlərdən özünün də xəbəri varsa, yenə də bu qeybət hökmündədir. Həmin hadisə baş veribsə, özünə də deyilibsə, lakin başqasına deyiləndə həmin şəxs narazı olursa, bu da qeybət hesab olunur. Amma olmayan bir şeyi demək ki, sözü danışılan şəxsin haqqını pozur, o, bundan narahatdır, bu, artıq böhtandır.
Həzrət peyğəmbər (s) nəyi qeybət hesab edir?

Qeybətin bir neçə növü var. Bir növü insanın bədəni, fiziki görkəmi ilə bağlı, digəri onun nəsli, ailəsi ilə bağlı, üçüncüsü onun əməlləri, danışığı, əxlaqı bağlıdır və s. Bununla əlaqədar bir neçə mübarək hədisə nəzər salmaq əhəmiyyətlidir. Bir gün Rəsuli-Əkrəmin (s) hüzurunda bir kişin adı çəkilir. Oturanlardan bir kəs onun aciz adam olduğunu söyləyir. Peyğəmbər (s) buyurur: “Sən qeybət etdin”. Buradan aydın olur ki, qeybət xəstəliyi hələ Peyğəmbərin (s) zamanından belə mövcud olub. Rəsulallah (s) ona ikinci kəlməni deməyə imkan verməyərək dərhal qeybət etdiyini xatırladır. Buna görə də hər bir insan onun yanında qeybət edilən zaman dərhal bunun günah olmasını xatırlatmalı və onunla birlikdə özünün də günah etməsinə imkan verməməlidir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter