Yezİd Kərbəla facİəsİnə görə tövbə etdİmİ?


Tarix boyu əksər tarixçilər, mühəddislər və digər din alimləri Yezidi cinayətkar, Aşura hadisəsinin müqəssiri kimi tanısalar da, Qəzali kimi bə`zi alimlər Yezidin tövbə etməsinin mümkünlüyünü nəzərə alaraq, ona lə`nət oxunmasını düzgün hesab etmirlər.
İslam aləmində böyük şəxsiyyət olmasına baxmayaraq, Qəzalinin uyğun fikri məqbul sayılmır. Onun nəzərinə qarşı tanınmış alimlər e`tiraz etmiş, hətta ayrıca kitab da yazılmışdır. Bununla belə, Lamens Yəhudi kimiləri İslam ensiklopediyasındakı məqalələrdə eyni sözləri təkrarlayırlar. Son vaxtlar bə`zi dini mərasimlərdə də uyğun məsələ ilə bağlı şübhəli fikirlər söylənilir.
Yezidin tövbə etməsi haqqında ehtimallar doğuran mə`lumatlara nəzər salaq:
1. İbn Qətibə “əl-İmamət vəl-siyasət” kitabında yazır” “Hadisələr baş verdikdən sonra Yezid elə ağlayırdı ki, sanki ruhu bədənindən çıxacaqdı.”
2. Kəsili başlar və əsirlər saraya gətirildikdən sonra Yezid çox həyəcanlandı və bu cinayətdə İbn Ziyadı təqsirləndirərək dedi: “Allah Mərcanənin oğluna (Übeydullah ibn Ziyad) lə`nət etsin, məni müsəlmanlar arasında mənfur etdi və qəlblərində mənə qarşı kin yaratdı.”
Digər bir mənbədə Yezid İmam Hüseynin (ə) müxalifətçiliyinə qarşı həlim adam kimi tanıtdırılır. Guya, Yezid İmamın qətlini istəməmiş, bu cinayət İbn Ziyad tərəfindən törədilmişdir.
3. Yezid Kərbəla karvanını Mədinəyə yola salarkən İmam Səccada (ə) müraciətlə deyir: “Allah Mərcanənin oğluna lə`nət etsin! And olsun Allaha, əgər Hüseynlə üz-üzə olsaydım, onun bütün istəklərini yerinə yetirərək, övladlarımın həyatı bahasına da olsa, ölümü ona yaxın buraxmazdım!”
Doğrudanmı, Yezid İmamın qətli haqqında fərman verməmişdir? Doğrudanmı, O, ibn Ziyadı lə`nətləmişdir? Doğrudanmı, Yezid öz işindən peşiman olmuşdur?
Yezid Mədinə hakimi Vəlid ibn Ütbəyə ilk məktubunda yazır: “Məktubum çatan kimi Hüseyn və İbn Zübeyri çağır və onlardan mənim üçün bey`ət al. Əgər qəbul etməsələr hər ikisinin boynunu vur və başlarını mənə göndər!”
Digər mənbələrdə oxuyuruq: “İmam Hüseyn (ə) Məkkədə olarkən Yezid onu qətlə yetirmək üçün həccə gizli şəkildə adamlar göndərdi.”
Hətta Yezidin oğlu Müaviyə Dəməşq came məscidinin minbərindən danışarkən atasını İmamın qətlində ittiham etmişdir.
“Təzkirətül-xass” kitabında bildirilir ki, Yezid İmamın (ə) şəhadət xəbərini eşitdikdə xoşhal oldu. O, İbn Ziyada qiymətli hədiyyələr göndərdi.
Sonrakı tarixi hadisələr bir daha sübut edir ki, Yezid nəinki İbn Ziyadı kənarlaşdırmamış, hətta İbn Zübeyrin qaldırdığı qiyamı yatırmaq üçün də onu göndərmişdir. Əgər Yezid, İbn Ziyada qarşı qəzəblənmişsə, bu zahiri bir manevr və həzrət Zeynəbin (ə), eləcə də, İmam Səccadın (ə) çıxışlarına hədəf olmamaq üçündür.
Kəsilmiş başlar və əsirlər Dəməşqə gitiriləndə Yezid şadlıq məclisi qurmuş, hətta əlindəki ağacla İmamın dişlərini döyəcləmişdir. Yezid yalnız xalqın mənfi münasibətindən yaxa qurtarmaq üçün zahirən təəssüflənə bilərdi.
Əgər Yezid tövbə etmişdisə, sonrakı həyatında bu tövbənin tə`sirləri görünməli idi. Hansı ki, aşuradan sonra iki il hakimiyyətdə qalan Yezid daha iki cinayət törətdi:
1. Mədinə əhlinin qırğını;
2. Məkkəyə qoşun yeritməklə Kə`bə evinə hörmətsizlik.
Beləcə, tarixi həqiqətlər Yezidin tövbə etmədiyini sübuta yetirir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter