Qİblənİn Beytül-Müqəddəsdən Kəbəyə yerİnİ dəyİşməsi necə baş verdİ?
Bu gün Peyğəmbər (s) Allahın vəhyinə əsasən, müsəlmanların qibləsini Beytul-Müqəddəsdən (indiki Qüdsdən) Kəbəyə dəyişmişdir. Qiblənin dəyişmə hökmü, hicrətin 2-ci ilində Peyğəmbərə (s) nazil oldu. Qiblənin dəyişməsinin səbəbi bundan ibarət idi ki, o günə qədər yəhudilər, özünü kamil din bilən İslam dininin müstəqil qibləsi olmamasını nöqsan hesab edirdilər. Buna görə də yəhudilər İslam dininin ümumbəşəri bir din olmasına inanmırdılar. İslam dünyasında \"Zu qibləteyn məscidi\", yəni iki qibləyə malik olan məscid həmin mühüm hadisənin yadigarıdır.
Müsəlmanları birdəfəlik yəhudilərdən ayıran qiblənin dəyişilməsi hadisəsi oldu. Peyğəmbər (s)-ın Mədinəyə gəlişindən on yeddi ay keçirdi. Peyğəmbər (s) Əqsa məscidinə üz tutaraq namaz qıldığı halda yəhudilər deyərdilər: Məhəmməd (s)-ın qibləsi yoxdur, biz qibləni ona tanıtdırmışıq. Peyğəmbər (s) bu tə’nədən narahat idi və günlərin bir günündə bəni Səlmə məscidində günorta namazı qılarkən (hicrətin ikinci ili Şə’ban ayında) bu ayə nazil oldu:
(Ya Məhəmməd!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü məscidül-hərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmiş ümmətlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir.
Peyğəmbər (s) elə həmin halda üzünü beytül-müqəddəsdən Kə’bəyə tərəf çevirdi. Bu məscid (bəni Sələmə məscidi) islam tarixində iki qibləli məscid kimi məşhurlaşmışdır. Məscidül-əqsadan qiblənin Məkkəyə tərəf yönəlməsi yəhudi və münafiqlər üçün çox baha başa gəldi. Onlar müsəlmanlara irad tuturdular ki, nəyə görə indiyə qədər Əqsa məscidinə üz tutaraq namaz qılırdınız, indi isə qibləniz dəyişildi. Aşağıdakı ayə onların tə’nələrinə cavab olaraq nazil oldu.
(Mədinədəki yəhudi və münafiqlərdən) ağılsız adamlar deyəcəklər: “Müsəlmanları (əvvəlcə) üz tutduqları qiblədən (Beytülmüqəddəsdən) döndərən nədir?” (Ya Məhəmməd!) Onların cavabında de: “Şərq də, qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldir.”
Qiblənin Beytül-müqəddəsdən Kə’bə evinə tərəf dəyişilməsi ibni İshaq və ibni Hişam tərəfindən hicrətin on yeddinci ayına aid edilmişdir. Son illərin yazılarında da bu tarix qeyd olunub.