İntizarın (fərəc intzarı) neçə növü var?


Cavab: Fərəc (həzrət Mehdinin (ə) zühur) intizarı iki növdür:
1. Qurucu, təşviqedici, məsuliyyət yaradan intizar: bu, bəlkə də ən fəzilətli ibadətdir.
Ayə və rəvayətlərdən məlum olur ki, həzrət Mehdinin (ə) zühuru haqqın batil üzərində qələbəsi ilə başa çatan mübarizə halqalarındandır. İnsan əməldə haqq əhlindən olarsa, bu səadətə şərik olar. Məsum İmamlar və rəhbərlər intizarın yetərincə dolğun təsvirini verərək onu bir əməl saymışlar. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimin ən fəzilətli əməli fərəc intizarıdır.”
İmam Sadiqdən (ə) nəql olunmuş digər bir rəvayətdə oxuyuruq: “Ən böyük əməl fərəc intizarıdır.”
Hazırlığın və zəmin yaratmağın əhəmiyyətini İmam Sadiqin (ə) bir buyuruğundan öyrənmək olar: “Sizin hər biriniz bir oxla da olsa, qeybdə olan İmamın zühuru üçün hazırlıq görməlisiniz.”
2. Dağıdıcı, iflicedici intizar: Bəziləri Məhdəviyyət, həzrət Mehdinin (ə) qiyamı dedikdə elə başa düşürlər ki, zühur sırf partlayış mahiyyətli bir hadisədir. Onların nəzərincə, bu zühur yalnız və yalnız zülm bütün yer üzünü bürüyəndə və bir nəfər olsun haqq tərəfdarı tapılmayanda baş verəcək.
Belə bir düşüncə islahatlarla zidd olduğundan, fitnə-fəsadı müqəddəs hərəkat üçün başlanğıc saydığından dialektikanın oxşarı adlandırılmalıdır. Dialektikada islahatlarla müxalifətçiliyin səbəbi mübarizənin daha da alovlu olmasıdır. Uyğun təfəkkür bir növ arzu olunan məqsədə çatmaq üçün fitnə-fəsada rəvac verməyə çağırır.
Bu baxış dini fəaliyyətləri süstləşdirdiyindən heç bir İslam ölçüsünə sığmır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter