Siratın mərhələlərində nələr sorulacaq?


SİRATDAN KEÇMƏK ÜÇÜN ƏLİ (ƏLEYHİSSALAM) VİLAYƏTİNİN BƏRATI (QƏBZİ)
Sünnü və şiə hədislərində vardır ki, həmin dolamada başqa bir dayanacaq Əliyyibni Əbutalib (əleyhissalam) vilayətidir. Təfsirdə buyurulur: “Onlara xəbərdarlıq edin ki, Əli (əleyhissalam)-la dostluqları barədə soruşacaqlar.”
Məşhur sünnü alimi Təbəri Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət edir ki, Həzrət buyurdu: “Ya Əli, hər kəsdə sənin vilayətinin bəratı olarsa, Siratdan keçər.”

İKİNCİ DOLAMADA NAMAZ SORĞUSU
İlk dolamada Əli (əleyhissalam) vilayəti, əmanətin qaytarılması, qohumlarla əlaqədən (sileyi-rəhim) ötüb, ikinci dolamada namaza çatırıq. Burada yövmiyyə, ayət, qəza və s. vacibi namazlardan soruşular. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Namazı puç edənlər mənim şəfaətimə (şəfaət-Qiyamət günü günahların bağışlanması üçün Allah yanında vasitəçi olmaq-red.) yetməyəcəkdir.”
İmam Sadiq (əleyhissalam)-ın son vəsiyyəti budur ki, “Namazı yüngül sayanlara bizim şəfaətimiz çatmayacaqdır.”
Əgər sübh namazını günorta, günorta namazını axşama yaxın qılanlar belədirsə, namaz qılmayanların halı necə olar?! Rəvayətə görə, namazı tərk edənlər təşnə (susuz) ölər və qəbirdən təşnə baş qaldırar.

UŞAQLARI NAMAZA SÖVQ EDİN
Tə”kid etməli olduğum bu mövzunu hamı eşitsin və başqalarına da desin-övladlarımız qarşısında məs”uluq ki, onlara yetkinlikdən (həddi-büluğa çatmamışdan) qabaq namaz öyrədək. Uşaqlar elə tərbiyə olunmalıdırlar ki, namazın xeyirli gələcəyinə inansınlar. Ata-ananın çalışması sayəsində uşağın əməllərinin savabı uşaq yetkinliyə çatanadək ata-anaya verilir. Uşaq yetkinliyə çatdıqdan sonra da xeyrə səbəb olduqlarından, ata-ana ilahi lütfə nail olarlar.

UŞAĞIN “BİSMİLLAH” DEMƏSİ ATANIN ƏZABINI GÖTÜRƏR
Bir zaman Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz səhabələri ilə qəbiristanlığın yanından keçərkən “qəbir sahibi əzabdadır, tez keçin!” deməsini eşitmisiniz. Bir il sonra həmin yerdən keçərkən əzab əsəri görməyən Həzrət “Pərvərdigara, artıq bu meyyitə əzab olunmur, niyə?” deyə soruşdu. Nida yetdi ki, bu kişinin bir oğlu vardı, ölümdən sonra o uşağı məktəbə göndərdilər, ustadı ona “bismillahir-rəhmanir-rəhim” öyrətdi, oğlu bizi Rəhman və Rəhim kimi xatırladığından atasından əzabı götürdük.
Bəli, şər᾽i vəzifələrimizdən biri də yaxşıya də᾽vət (əmr be mə᾽ruf) və pisdən çəkindirməkdir (nəhy əz münkər). Bu vəzifənin ilk mərtəbəsi qadını, uşağını, sonra başqa qohum və yaxınlarını də᾽vət etməkdir.

ÜÇÜNCÜ DOLAMA XUMS VƏ ZAKATDIR
Əgər hər kəsin boynunda bir dirhəm xums və ya zəkat olarsa, üçüncü dolamada qarşısı kəsilər. Zəkat verməyənlərə aid rəvayətlər çoxdur, o cümlədən: (Zəhəri daşmış əjdahanın tükləri pırtlaşar.) Allah belə bir əjdaha qərar verər ki, onun boynuna dolanar. Digər bir rəvayətdə buyurulur: Məhsulunun zəkatını verməmiş sahibin torpaqları yeddi qat boyunbağı tək boynuna asılar. Eləcə də, Həzrət İmam Zaman (əleyhissalam) zəkat mənimsəyənləri qətlə yetirər.
Məbada, kimsənin boynunda bir dirhəm zəkat olsun və qızıl, gümüş, sikkə toplayıb, zəkatını ödəməsin! Qiyamət günü həmin dinar və dirhəmi qızdırıb, onun kürəyinə dağ basarlar. (“Tövbə” surəsi, ayə 35).
Bilin ki, malın zəkatı ilə bədənin zəkatı arasında fərq yoxdur. Fitr bayramının axşamı (orucluğun son axşamı) bədənin zəkatı (fitrə) maldan ayrılmalıdır.
İNSANIN YARDIMÇISI, ŞƏFİSİ ONA DÜŞMƏN OLAR
Xumsa gəldikdə isə, xums sorğusunun çətinliyi barədə rəvayətlər çoxdur. “Kafi”dən bir rəvayətə istinad edirik. Həzrət Sadiq (əleyhissalam) buyurmuşdur: “Qiyamətdə insanların ən çətin vaxtı o zamandır ki, xums müstəhəqləri (dünyada xums veriləsi məzlumlar) ayağa qalxıb, öz haqqlarını tələb edərlər. Çox vaxt bu günahın çətinliyində şəfaət edəsi şəxslər adama düşmən olar.

DÖRDÜNCÜ DOLAMADA ORUC SORĞUSU
Dördüncü dolamada mübarək Ramazan ayının orucundan sual verilər: “Oruc, Cəhənnəm odu qarşısında sipərdir” buyurulub. Oruc tutmuş şəxs üçün iki xoşluq vardır: birincisi iftarda, oruc açılan zaman xüsusi fərəhdə olar; ikincisi, ölüb Siratdan keçərkən Allahla görüşə çatanda xoşhal olar.

BEŞİNCİ DOLAMADA HƏCC SORĞUSU
Həyatında həccə getmək üçün şərait yaranan və həccə getməyən şəxsin qarşısı kəsilər. İki dəstəyə ölüm zamanı deyilər: “Yəhudi və nəsrani kimi ölün!” Bunlardan biri zəkat verməyənlər, digəri həcci tərk edənlərdir. Bunu demək kifayətdir ki, həccdən boyun qaçıranları Allah-Taala Qur᾽anda kafir adlandırıb. Bu barədə bəhs açmıram, çünki e᾽tiqad bəhsindən kənara çıxarıq.

ALTINCI DOLAMA TƏHARƏTDİR
İbni Abbasdan rəvayətdə nəql olunub ki, “təharət” dedikdə dəstəmaz, qüsl, təyəmmüm nəzərdə tutulur. (Dəstəmaz namazdan əvvəl, qüsl və təyəmmüm isə cinsi yaxınlıq, aybaşı və s.dən sonra xüsusi qayda ilə icra edilən vacib əməldir.) Xüsusilə, qadınların vaxtlı-vaxtında qüslə diqqətlə yanaşması zəruridir. Əgər e”tinasızlıq olarsa, Siratın altıncı dolamasında soruşulacaqlar. Əvvəlcə dediyimiz kimi, qəbir sıxıntısına düşməyin bir səbəbi də murdarlıqdan çəkinməməkdir.

YEDDİNCİ DOLAMA ZÜLMDÜR
Bə᾽zən bu dolama “ədl”, bə᾽zən də “xalqın haqqı” (həqqün-nas) adlandırılmışdır. Qur᾽anda “mirsad” kimi də tə”bir olunmuşdur (mirsad-yə”ni, pusqu). Əgər insan bir kəsə nahaq sillə vurmuşdursa, beş yüz il orada saxlanılar, sümükləri parçalanar, əzilər.
Ey dükançı, şagirdini vurmağa nə haqqın var?!
Ey müəllim, hansı şər”i əsasla uşaqları tənbeh edirsən, hətta bədənində yeri də qalır?!
Ey kişilər, nə üçün qadınlarınızı vurursunuz?! Ərin nə haqqı var ki, qadınına əl qaldırsın?!
Əlbəttə, bə᾽zi istisnalar vardır. Amma bu hallara az təsadüf olunur və mövzumuzdan xaricdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter