NECƏ İBADƏT EDƏK?


İbadətin üsulunu Qur’an və Əhli-beytdən (ə) öyrənməliyik. Necə ki, hər bir evin ünvanını ev sahibindən soruşmaq lazım gəlir. Qur’an ayələri və mə’sumların hədisləri ən gözəl ibadət nəyi hesab edir və onu hansı səciyyələrlə tanıtdırır? Bu sualın cavabını Qur’an və Əhli-beytdə (ə) tapmaq mümkündür. Beləliklə, din övliyalarının sözlərini yada salaq:

1. Agah ibadət
Hədisdə deyilir: “Alimin iki rəkət namazı cahilin yetmiş rəkət namazından üstündür.”
Allahın rəsulu (s) buyurur: “Namazın düşüncə və agahlıqla qılınan hissəsi qəbuldur.”
Agah namaz odur ki, insan nə etdiyini, nə dediyini, kiminlə danışdığını bilsin və qəlb iştirakı ilə Allahı düşünsün. Peyğəmbər (s) buyurur: “Diqqət ilə qılınan iki rəkət namaz düşünmədən bir gecə oyaq qalmaqdan üstündür.”
Qur’an buyurur: “Ey iman gətirənlər! Sərxoş halda namaza yaxınlaşmayın. Dediyinizi anlayanadək!”
İmam Sadiq (ə) buyurur: “Hər kəs iki rəkət namaz qılıb, kiminlə danışdığını və nə danışdığını düşünərsə, günahları bağışlanar.”

2. Eşqlə ibadət
Xəstə dadlı yeməkdən ləzzət almadığı kimi həvəssiz ibadət edənlər də heç bir ləzzət almır. İbadət sönüklük, halsızlıq, yorğunluq yox, məhəbbət, şadlıq və ləzzətlə yanaşı olmalıdır.
Qəlbən vurğun insanlar ibadət zamanı xoş əhval-ruhiyyə əldə edirlər. Bu dəyər mə’rifət və düşüncə ilə əldə olunur. Məcburi ibadət səmərəsizdir. İmam Sadiq (ə) buyurur: “Məcburən ibadət etməyin.”
Böyük şəxsiyyətlərlə görüşə maraqlı olduğumuz kimi, Allahla görüşə, Onun dərgahına eşq dolu qəlblə gəlməliyik. Din övliyaları və mə’sumlar Allahla görüş vaxtını eşqlə gözləyirdilər. Onlar insanı heyrətə gətirəcək eşqlə namaz qılıb, ibadət edirdilər.

3. Xalis ibadət
İxlas gövhəri ibadətlərə dəyər və e’tibar verir. Riyakarlıq, şöhrətpərəstlik və avamları aldatmaq üçün edilən ibadət dəyərsizdir və qəbul olunmur. Qur’an buyurur: “Kim Rəbbi ilə qarşılaşacağına (Qiyamətə) ümid bəsləyirsə, Ona etdiyi ibadətə heç kəsi şərik qoşmasın!”
İmam Riza (ə) buyurur: “Hər kim ibadətini cəmiyyətə göstərib özünü tanıtdırırsa, onun dininə bədbin olun.”
Bu cür şəxslər dindən xalqı aldatmaq üçün istifadə edirlər. İxlasla olmayan ibadət cansız bədən kimidir. Qur’an buyurur: “Xalqa yalnız xalis dillə Allaha ibadət etmək tapşırılıb.”

4. Xüşu ilə ibadət
Xüşu Allahı qəlbən düşünmək və Onun əzəmətinə uyğun hal tapmaqdır. Allaha pərəstiş Onun əzəmətini düşünmək və qarşısında kiçiklik, ehtiyac hiss etməklə yanaşı olmalıdır. Qur’an mö’minlərin sifətlərini “namazda xüşu” ilə bəyan edir: “O kəslər ki, namazlarında müt’i olub boyun əyərlər!” İbadət edən şəxsin vücudunu müt’ilik (xüşu) əhatə etməlidir. Bu halı əldə etmək üçün namaz qılan şəxs elə ibadət etməlidir ki, sanki Allahı görür. Namaz qılan şəxs Allahın əzəməti və qüdrəti qarşısında öz kiçikliyini hiss etməlidir. Hədisdə buyurulur: “Allaha elə ibadət et ki, guya Onu görürsən.” Başqa bir hədisdə buyurulur: “Namazı vaxtında və sonuncu namazın kimi qıl. Elə zənn et ki, namaz və dünya ilə xudahafizləşirsən.”

5. Gizli ibadət
İnsan şeytanın tələsindən sığortalanmayıb. İbadət bir çox hallarda təkəbbür, riya və özünü nümayişlə puç olur. Bu bəladan uzaqlaşmaq üçün gizli ibadət lazımdır. Allahın rəsulu (s) buyurur: “Gizli ibadətin mükafatı daha böyükdür.” Əlbəttə, bu İslamın aşkar ibadət (cümə, həcc və camaat namazı kimi) göstəriş vermədiyi hallara aiddir. Çünki məsciddə qılınan camaat namazı evdə qılınan fərdi namazdan üstündür. Gizli ibadət bir çox hallarda riya və ibadətin puç olmasının qarşısını alır.

İBADƏTİN BƏLALARI
İnsanın qədim və and içmiş düşməni şeytan daim onun ibadətlərini puç etməyə çalışır. O, ibadətləri puç etmək üçün bu yollardan istifadə edir:

1. Riya
Allah-təalanın yox, xalqın diqqətini cəlb edib, şöhrət qazanmaq üçün ibadət edən şəxs şeytan tələsinə düşmüşdür. Bu şəxsin ibadətləri hədər olur. Şeytan vasitəsi ilə yaranmış riya bə’zən əməldən öncə niyyətdə özünü göstərir və “Allaha yaxınlıq məqsədini” məhv edir.

2. Təkəbbür
İbadət zamanı şeytan insanı özünü və ibadətlərini bəyənməyə vadar edir. Allahın adı ilə başlayan iş yarıda şeytan vasitəsi ilə puç olur. Şeytan insanı təkəbbürə düçar edir.

3. Günah
Şəksiz ki, günahlar ibadətin yaxşı tə’sirlərini məhv edir. Aylarla zəhmət çəkdikdən sonra qəflət nəticəsində xırmanı oda verən əkinçinin bütün zəhmətləri məhv olur. Günahlar ibadət tarlasını yandıran oddur.
Xülasə, şeytan insan qəlbinə axan zülal suyun yolunu kəsir, ya da qəlbə daxil olmuş suyu bulaşdırıb dağıdır.
İmam Səccad (ə) “Məkarimul-əxlaq” duasında Allahdan istəyir: “İlahi, məni özünə bəndə et, ibadətlərimi təkəbbürümlə məhv etmə. Məni əziz et, təkəbbürə düçar etmə.”
İbadət sayılan sədəqə minnət qoyulduqda puç olur: “Sədəqələrinizi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın.”
Yeni ağac əkmək o qədər də vaxt aparmır. Lakin onu qoruyub inkişaf etdirmək çətindir. Bə’zən günahlar bütün yaxşılıqları və ya bəyənilmiş mə’nəvi halları bərbad edir. Hədisdə oxuyuruq: “Atəş, odunu yandırdığı kimi həsəd də yaxşılıqları məhv edir.”
Rəvayətdə deyilir: Qürurlu abid və xəcalət çəkən fasiq məscidə daxil olur. Fasiq tövbə və peşmançılığına görə dəyişib saleh mö’min olur, lakin abid təkəbbürünə görə yolunu azır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter