Allah dərgahında ən mənfur kəs kİmdİr?
İmam Baqir (ə) bizlərə bir mühüm çatdırış da edir. İmam (ə) bizlərə Allah dərgahında ən mənfur, ən nifrət olunan kimsəni tanıtdırır. İmam Baqir (ə) buyurur: “Musa (ə) dedi: ”Pərvərdigara, bəndələrindən sənin yanında ən mənfuru, ən nifrət olunası kimdir?\" Cavab gəldi ki, “Gecə ölü kimi düşüb, gündüz bekar olan”\". Bekarlıq ən önəmli mövzulardan biridir. Bəzi insanlar var ki, nə gündüzlər bir fəaliyyətləri mövcuddur, nə də gecələrdə bir işlər görməyə meyllidir.
İmam Baqir (ə) praktik əhəmiyyəti olan bir mühüm nöqtəyə də toxunur. İmam (ə) buyurur: “Arzunu qısaltmaqla, dünyadan axirət üçün azuqə götür”. Arzular qayçılanmasa, çətin olacaq. Arzular da mücərrəd məsələ deyil. Hər yaşa uyğun arzular var. Subayın bir arzusu var, evlinin bir arzusu var. Subay arzu edir ki, bir gözəl ailə qurum, Allaha yaxşı bəndəlik edəcəm. Amma ailə qurandan sonra görür ki, arzular hələ təzə-təzə başlayır. Övlad dünyaya gəlir, övladın dünyaya gəlməsi ilə arzular 20 il uzanır və s. Nəhayət etibarilə insanın aqibətinə təsir edə bilən ən ciddi məsələ arzudur. İnsan necə arzu edə bilər ki, evə çatıb-çatmayacağına belə zəmanət verə bilmir. Bir andan sonra olub-olmayacağımız sual altındadır. Arzular müsəlman kişisini də, müsəlman qadınını da müsəlman kimliyindən çıxara bilər. Müsəlman kişisi inancı yolunda hər cür fədakarlığa hazır olmadığı an, ümmətin vəziyyəti çətinləşir. Müsəlman qadını ailəsində olan inanc ab-havasının yaşanması üçün hər cür çətinliyə hazır olmadığı an, ümmətin evi yıxılır.