RUZİDƏN MƏHRUM OLMAQDA GÜNAHIN TƏSİRİ OLA BİLƏRMİ?
Peyğəmbər (s) ruzidən məhrum olmaqda günahın göstərdiyi təsir barəsində buyurur:
«Ey Əbuzər! Çox vaxt insan törətdiyi günah işə görə onun üçün nəzərdə tutulmuş ruzidən məhrum olur».
Hədisin bu hissəsi diqqəti, günahın bu dünyada insana qoyduğu mənfi tə᾽sir və ondan doğan məhrumiyyətlərə yönəldir.
Adətən, rəvayət və moizələrdə hər kəsin mə᾽rifətini nəzərə almaqla, onunla səviyyəsinə uyğun şəkildə danışılır. Məsələn, məhəbbət məqamında olan şəxsə bu tərzdə müraciət olunur: «Sən necə aşiqsən ki, öz mə᾽şuqunla müxalifətçilik edirsən? Aşiq adam həmişə çalışır ki, mə᾽şuqunun ondan nə istədiyini öyrənib, onu yerinə yetirsin və həmçinin, nədən acığı gəlirsə, onu tərk etsin. Necə ola bilər insanın məhbubu açıqcasına ona «Filan işi gör, filan işi tərk et» desin və o da müxalifətçilik etsin!». Bu, Allah-təalanın və Allah dostlarının məhəbbətindən bəhrəsi olan kəsləri günahdan çəkindirməyin ən yaxşı yoludur.
Əhli-beyt dostlarının diqqətini bu məsələyə yönəltmək lazımdır ki, günah Əhli-beytin narahatçılığına səbəb olur. İmamların (ə) ən çox nifrət etdiyi şey, günah işlərdir. Günah, iylənmiş cəmdək kimidir. Bəsirət gözü açıq olanlar və səfalı batinə malik insanlar, onun iyrənc iyini uzaqdan dərk edirlər. Belə olan halda, Əhli-beytə yaxınlaşmaq istəyən dostlar özlərini onların nifrətinə səbəb olacaq işlərə necə aludə edə bilərlər?!
Yaxın dostunun, məhbubunun görüşünə gedən şəxs öz üzərindən, bədənindən, ağzından gələn pis iyi dəf edir. Ətirlənib səliqə-səhmanla gedir ki, dostu ondan inciməsin. Günah bizim vücudumuzun üfunətinə səbəb olur. Biz Əhli-beyti seviriksə, onlarla bağlılıq yaratmağa çalışırıqsa, gərək ruhumuzu pisliklərdən paklayaq ki, onlar da bizimlə əlaqə qurmağa rəğbətli olsunlar. Deməli, Allahın və Əhli-beytin (ə) məhəbbətini qazanmış insanları günahdan çəkindirməyin ən yaxşı yolu, onlardakı məhəbbət hissinin oyadılmasıdır.
Bunu da deyək ki, Allahın vacib buyurduğu işləri yerinə yetirib, haram buyurduqlarını tərk edən bütün kəslərin qəlbində Allah məhəbbətindən bir ilmə vurulmuşdu. Lakin onların məhəbbəti Allah barəsində olan bilik və mə᾽rifətlərinin dərəcəsinə görə bir-birindən fərqlənir. Bə᾽zilərində bu məhəbbət şiddətli, bə᾽zilərində orta səviyyədə, bə᾽zilərində isə zəif olur. Hərdən məhəbbət o dərəcəyə çatır ki, mə᾽şuqa qovuşmaq üçün hər şeyə, hətta cənnətə belə göz yumurlar. O yerə qədər ki, deyir: «Deyək ki, cəhənnəm atəşinə səbir etdim, bəs sənin ayrılığına da səbir edə biləcəyəmmi?» .
On beş münacatın doqquzuncusu olan «Məhəbbət yolçularının münacatı»nda oxuyuruq: «Allahım, hanı elə bir kəs ki, sənin məhəbbətinin şirinliyini dadsın, (lakin) səndən başqasına ürək bağlasın?».
Allaha və İmamlara olan eşqin insanı günahdan saxlayacaq bu həddinə nail ola bilməyənlərə, günahın törədə biləcəyi mənfi nəticələrini anlatmaq lazımdır. O cümlədən, günahın insana yetirdiyi zərərlərini sadalamaq olar. əzablarını, səadətdən məhrum etməyini, eləcə də dünya və axirət məhrumiyyətlərini məsələn, əzablarını, səadətdən məhrum etməyini, dünya və axirət məhrumiyyətlərini və s. İnsanı, hansısa mənfəətə çatdıracağı və ya hansısa zərərdən amanda saxlayacağı şərtilə, müəyyən bir işə vadar edən və hər hansı bir işdən çəkindirən şey «qorxu və ümiddir».
İnsanın hidayəti üçün ən yaxın və yaxşı yol, onun diqqətini günahın dünya və axirətdə doğurduğu mənfi tə᾽sirlərə yönəltməkdir. Əgər bir nəfərin axirətə imanı zəif olarsa, bu halda onu günahdan çəkindirməyin ən yaxşı yolu, ona günahın bu dünyadakı tə᾽sirlərini xatırlatmaqdır. Necə ki, Peyğəmbər (s) hədisin bu bölümündə həmin üsulu tətbiq edir. Çünki bə᾽ziləri axirəti çox uzaq görürlər. Halbuki İslam dünyagörüşünə əsasən, axirət bizə yaxındır və onu əldə etmək özümüzdən asılıdır. Bu barədə Allah-təala buyurur: «Bu qafil və kafir camaat o günü (qiyaməti) uzaq bilirlər və biz (isə) onu yaxın görürük».
Günahın dünyada insana vurduğu zərərlərdən biri də, ruzidən məhrum olmaqdır. İnsana məxsus olan ruzilərdən nümunə olaraq, yemək və geyimi qeyd etmək olar.
Bir sıra rəvayətlərdə göstərilir ki, Allah-təala hər bir canlı üçün müəyyən ruzi tə᾽yin etmişdir. Nəzərdə tutulmuş bu təqdir bə᾽zən mütləq, bə᾽zən isə müəlləq və qeyri-dəqiqdir. Yə᾽ni insanın etdiyi əməllərin tə᾽sirindən asılı olaraq, az və ya çox olur. Bə᾽zi xeyir əməllər ruzinin artmasına, bə᾽zi şər əməllər isə onun azalmasına səbəb olur.
Əgər biz müqəddər edilmiş ruzinin – hansı ki, bə᾽zən bizim çalışmağımızla qazanılır və bə᾽zən də Allah öz mərhəməti ilə onu bizə zəhmətsiz əta edir – günah üzündən əlimizdən çıxmasını bilsək, çox az hallarda günahın arxasınca düşərik