Quranın cahİllərlə davranma haqda tövsİyəsi necədİr?


Qurani-Kərimdə Allah-Təala buyurur: “Allah bəndələri o kəslərdir ki, cahillərlə qarşılaşdıqları zaman (cahillər onlara söz atdıqları zaman) onlarla yumşaq, gözəl rəftar edərlər”. Yəni hansısa bəyənilməmiş hərəkət etməzlər. Elə bir rəftar etməzlər ki, mənasız və səviyyəsiz görünsün. Helmlə, səbirlə davranarlar. Bu xüsusiyyətlər, cəmiyyətdə çox təəssüflər olsun ki, oturuşmayıb. İnsan özü bir mərhələni keçəndən sonra hansı vəziyyətdən bu hala gəldiyini unudur. Məsələn, namaz qılmağa başlayır, cəmiyyətə ikinci dərəcəli adam kimi, cahil adam kimi, ən pis adamlar kimi baxır. Xeyir, biz özümüz də dünən o cür olmuşuq. Bizi bu yola həmin möminlərin davranış və əxlaqları gətirib. Cahil öz rəftarında nəyəsə riayət etmirsə, bunu bilmir deyə elə edir. Amma biz bildiyimiz üçün həmin adama onun davrandığı kimi davrana bilmərik. Biz Allah-Təalanın göstərdiyi kimi, helmlə, səbirlə, hər hansı bir günahdan uzaq olaraq davranmalıyıq. Məşhur hədisdir ki, Peyğəmbər (s) buyururb: “Mən kamil əxlaqları tamamlamaqdan başqa bir şey üçün məbus olmadım”.

Yəni Peyğəmbər (s) əxlaqı düzəltmək üçün gəlib. Bütün digər məsələlər onun yanındadır. Peyğəmbərin (s) ən böyük vəzifəsi insanların əxlaqını düzəltmək olub. Peyğəmbərin (s) ən böyük missiyası insanlarda mövcud olan istedadları doğru istiqamətə yönləndirmək olub. Bu istedadların da başlanğıcı əxlaqdan başlayır. Əvvəldə qeyd etdiyimiz kimi, Allah Qurani-Kərimdə “Furqan” surəsinin 63-cü ayəsində insana təkamülə getmək yolunu öyrədir və birinci xüsusiyyət kimi təvazökarlıq sifətini qeyd edir ki, bu da əxlaqi sifətdir. Yəni kamil insan olmağın yolu əxlaqdan başlayır. İkinci xüsusiyyət kimi yenə də əxlaq sifəti gəlir: “Allah bəndələri o kəslərdir ki, cahillərlə qarşılaşdıqları zaman (cahillər onlara söz atdıqları zaman) onlarla yumşaq, gözəl rəftar edərlər”. Deyir hətta cahillər səninlə münasibətində ola bilər ki, öz cahilliklərindən dolayı düzgün davranmazlar, sən onlara günahdan uzaq davran. Elə davran ki, Allahın xoşuna gəlsin.
Bizim öz məntiqimizə qalsa, biz fikirləşə bilərik ki, bizimlə pis rəftar edən cahillərlə biz də elə o cür rəftar etməliyik. Amma Quran məntiqi belə demir. Quran öz məntiqini bizə öyrədir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter