Ümmət üçün təhlükə haradandır?
«Dinimiz inanc əhlini daima içəridən olan təhükə, iman pərdəsi altında gizlənən ünsürlərin məkri barədə xəbərdar etmişdir. Həzrət Əlidən (ə) nəql edilən hədisdə buyrulur: «Mən öz ümmətim üçün mömin və müşrikdən qorxmuram, narahat deyiləm. Çünki, mömini imanına görə Allah Təala sapmaqdan qoruyar və müşriki, onun işlərinə görə zəlil və xar edər. Lakin, mən ümmətim üçün münafiq təhlükəsindən və xətərindən çəkinirəm və narahatam. Çünki o, öz nifaqını ürəyində gizli saxlayır və dində haqqdan dəm vurur. O şeyi deyir ki, bəyənirsiniz, (amma) özü o şeyə əməl edər ki, siz onunla müxalifsiniz».
Mübarək Əli (ə) bəlağətilə ümmətə həqiqi təhlükə mənbəyi bəlli edilir. Belə ki, mömindən insanlara xətər yetişməz - Allah Təala onu sapmaqdan, yolunu azmaqdan qoruyar. Möminin imanı, qəlbində olan Allah xofu onu haqq basmaqdan, harama əl atmaqdan, inşəallah, sığortalayar. Müşriklə, kafirlə də vəziyyət maksimum aydındır. Bunlar açıq-aşkar mənəviyyatla, əxlaqla, İlahi qanunlarla müxalifət edər, Allahın haramını özləri üçün halal edərlər. Bunların açıq küfrü insanlara bəlli olar və Allah Təala onların izzətini əllərindən alar, onları zəlil edər.
Amma gerçək təhlükə zahirdə gözəl sözlər danışan, insanlara özünü imanlı göstərən, əslində isə min oyundan çıxan hoqqabazlardan, münafiqlərdən gəlir. İnsanların çoxu belələrinin daxlində gizlənmiş nifaq «buynuzları»nı sezməkdə çətinlik çəkirlər. Hətta bu azmış kimi, onları ifşa edənləri fitnə salmaqda ittiham da edə bilərlər. İslam tarixi belə nümunələrlə doludur. İstər Həzrət Peyğəmbərdən (ə) bilavasitə sonra, istər Həzrət Əlinin (ə), İmam Həsənin (ə), İmam Hüseynin (ə) vaxtında və sonrakı mərhələlərdə də ümmətə sağalmaz yaralar vuran, bidət və təhrifatlarını dinə salmağa cəhd edən, həqiqi dini unutdurmağa çalışanlar hər zaman həmin bu münafiqlər olmuşlar. Amma həqiqət Günəşi, gec də olsa, əvvəl-axır parlamış, insanların bir qismi həmişə haqqla olmuşdur».