QURANDA «İTRAF» VƏ «MÜTRƏF» KƏLMƏLƏRİNİN ANLAMI NƏDİR?
Qur’anda «itraf» və «mütrəf» kəlmələri 8 dəfə təkrar olunmuşdur: «Mütrəf» sözü «tərfə» sözündən tutulub. «Tərfə» sözünün mə’nası ne’mət artıqlığıdır. Mütrəf isə ne’mət çoxluğundan məst olub Allaha asi olan şəxsə deyilir.
«Səbə’» surəsinin 34-cü ayəsində oxuyuruq:
وَما اَرْسَلْنا فِي قَرْيَة مِنْ نَذير اِلاّ قالَ مُتْرَفُوها اِنّا بِما اُرْسِلْتُمْ بِهِ كافِرونَ
«Biz hansı bir şəhərə xəbərdarlıq eləyən elçi göndərmişiksə, oranın varlı olan başçıları «biz sizinlə göndərilən şeyləri danırıq» -demişlər.»
Qur’anda insanı bu cür məst edib günaha tərəf çəkən sərvət pislənib. Bu cür varlı şəxslərə isə şiddətli surətdə xəbərdarlıq edilib. «Qəsəs» surəsinin 58-ci ayəsində oxuyuruq:
وَكَمْ اَهْلَكْنا مِنْ قَرْيَة بَطِرَتْ مَعِشَتَها فَتِلْكَ مَساكِنُهُمْ لَمْ تُسْكَنْ مِنْ بَعْدِهِمْ اِلاّ قَلِيلاً
«Keçirdiyi güzərana naşükür olan neçə-neçə şəhəri yer üzündən yox elədik. Odur evləri! Onlardan sonra bu evlərdə az-az qalarlar».
«Təkasür» surəsinin birinci ayəsində oxuyuruq:
اَلْهاكُمُ التَّكاثُر
«(Mallarınızı, canlarınızı) çoxaltmaq işi sizləri qafil etdi».
İslam Peyğəmbəri (s) mal-dövlət toplamaq barədə buyurur:
التَّكاثُر (فِي) الاَْمْوالِ جَمْعُها مِنْ غَيْرِ حَقِّها وَمَنْعُها مِنْ حَقِّها، وَشَدُها فِي الاَْوْعِيَةِ
«Malını çoxaltmaq-sərvəti haram yoldan yığıb haqqını verməmək və sandıqlarda saxlamaq deməkdir».