NEMƏTƏ QARŞI KÜFRÜN CƏZASI NƏ OLACAQ?


Allah-təala Qur’ani-kərimdə müxtəlif məqamlarda ne’mətə qarşı küfrü nəzərimizə çatdırır və onun mənfi tə’sirlərini bəyan edir. Ayələrdən birində buyurulur: «Əgər şükr etsəniz, sizə olan ne’mətimi artıracağam, yox əgər nankorluq etsəniz, mənim əzabım, həqiqətən şiddətlidir (İbrahim sürəsi-ayə 7)». Ayədə Allah-təala bu məsələni ciddi şəkildə vurğulayır ki, verilmiş ne’mətlərin qədrini bilək. Ne’mət qarşısında nankorluq edəcəyimiz təqdirdə ilahi əzabla üzləşəcəyimiz labüddür. Şükr edənə ne’mətin artırılması, küfr edəndən ne’mətin alınması Allahın qəti sünnələrindəndir. Tarixdə insanların naşükürlük səbəbindən ne’mətlərdən məhrum olması haqqında nümunələr kifayət qədərdir. Bu mövzu olduqca genişdir. Amma Allahın iki böyük ne’mətinin xatırladılmasını zəruri bilirik. Bunlardan biri ölkəmizdə baş vermiş inqilab, digəri isə ilahi rəhbərlik ne’mətidir. Bu iki ne’mət Allah-təalanın bizə əta etdiyi ən böyük ne’mətlərdəndir.

Əgər bu iki ne’mət olmasaydı, bugünkü izzətimizdən əsər əlamət görünməzdi. Bütün qazanclarımız həmin iki ne’mət sayəsində əldə olunmuşdur. Bu ölkədəki maddi və mə’nəvi tərəqqi həmin iki ne’mətin bərəkətindəndir. Unutmayaq ki, bu ne’mətlər min illərin zəhməti sayəsində əldə olunmuşdur. Mücahidlərin və alimlərin bu yoldakı zəhmətləri unudulmamalıdır. Mərhum Mirzayi Şirazinin məşhur hökmünü yada salaq. Mərhum alim tütünü haram edib, onu İmam-Zamanla (ə) müxalifətçilik kimi tanıtdırdığı vaxt bütün xalq yekdil olaraq itaət etmişdi. Çünki xalq inanırdı ki, alimlər əsrin İmamının (ə) naibləridir. Onların əmrinə itaət olunması vacib sayılırdı. Elə həmin vaxt düşmənlər İslamın gücünü anladılar. İnsanların qəlbindən bu sayaq e’tiqadları çıxarmaq üçün planlar cızıldı, böyük kapitallar xərcləndi. Onlar elə düşünürdülər ki, pəhləvi rejimindən sonra xalqın qəlbində bu e’tiqadı süstləşdirə biləcəklər. Amma anlamırdılar ki, əsrin İmamının (ə) naibinin eşqi xalqın qəlbində dərin köklər atmışdır və bu kökləri heç vəchlə qoparmaq olmaz. Bu ne’mət və həmin əqidə getdikcə çiçəklənməkdədir və bütün dünyada bərpa olmaqdadır. (İnşaəllah)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter