“NÜCUM” (ULDUZLAR) HƏDİSİ HANSI HƏDİSDİR?
İslam mənbələrində Peyğəmbərdən (s) nəql olunan və hər bir dövrdə Əhli-beytin müsəlmanlara rəhbər və hidayətçi olduğu göstərilən digər bir hədis “nücum” hədisidir. Bu hədisi Peyğəmbərin (s) bir çox səhabəsi (ən azı yeddi nəfər: İmam Əli (ə), Cabir ibn Abdullah, Əbu Səid Xudri, Ənəs ibn Malik, Münkədir ibn Abdullah (1) , Sələmə ibn Əkvə və İbn Abbas) nəql etmiş, əhli-sünnə hafizləri və mühəddislərinin onlarla kitabında qeyd edilmişdir. Burada onların bir qismini qısa şəkildə nəzərdən keçirəcəyik:
Hakim Nişapuri “Müstədrək” kitabında İbn Abbasdan İslam peyğəmbərinin (s) belə buyurduğunu nəql edir:
النُّجُومُ اَمانٌ لِاََهْلِ الْاَرْضِ مِنَ الْغَرْقِ، وَاَهْلُ بَيْتِى اَمانٌ لِاُ مَّتِى مِنَ الْاِخْتِلافِ، فَاِذا خالَفَتْها قَبِيلَةٌ مِنَ الْعَرَبِ اِخْتَلَفُوا فَصارُوا حِزْبَ اِبْلِيسِ!
Ulduzlar yer əhli üçün əmin-amanlıq və dəryada (qərq olmaqdan) qurtuluşa səbəb olduğu kimi (2), mənim Əhli-beytim də ümmətim üçün ixtilaflarda əmin-amanlıq və nicat yeridir. Ərəb qəbilələrindən hansı biri onlara qarşı çıxsa, ümmətin arasında ixtilaf yaranar. Bilin ki, onlar (müxalifətçilik edənlər) şeytanın qoşunundandır!”
Hakim Nişapuri bu hədisi qeyd etdikdən sonra yazır: “Bu hədisin sənədi səhih və düzgündür.” (3)
Əllamə Həmzavi “Məşariqul-ənvar” kitabında “Hakim Nişapurinin səhih və düzgün hesab etdiyi rəvayətdə belə deyilmişdir!” (4) söyləyərək yuxarıdkı hədisi olduğu kimi qeyd edir.
Bu hədisi İbn Həcər “Əs-səvaiqul-muhriqə”, Əllamə Əli Müttəqi “Müntəxəbu Kənzül-ümmal”, Bədəxşi “Miftahun-nicah”, Şeyx Məhəmməd Səbban Maliki “İsğafur-rağibin”, Əllamə Burhani “Əş-şərəful-muəyyəd” və “Cəvahirul-bihar” kitablarında nəql etmişlər. (5)
Bu hədisi digər ravilər də Peyğəmbəri-əkrəmdən (s) nəql etmişlər. Onların hədisləri şiə və sünnilərin məşhur kitablarında qələmə alınmışdır. (Əlbəttə, bu rəvayətlərin sözlərində azıcıq fərqlər gözə dəysə də, əsas məqsəd birdir.)
Məsələn, Sələmə ibn Əkvənin rəvayətində belə oxuyuruq: “Allahın Rəsulu buyurmuşdur:
النُّجُومُ اَمانٌ لِاَهْلِ السَّماءِ وَاَهْلُ بَيْتِى اَمانٌ لِاُمَّتِى
“Ulduzlar səma əhlinin əmin-amanlıq və asudəliyinə, mənim Əhli-beytim isə ümmətimin əmin-amanlığına səbəbdir!” (6)
Bu hədisi azacıq fərqlə Cabir ibn Abdullah Ənsari, eləcə də Münkədir, Əbu Səid Xidri və Ənəs ibn Malik Peyğəmbəri-əkrəmdən (s) nəql etmişlər.
İmam Əlinin (ə) Peyğəmbəri-əkrəmdən (s) nəql etdiyi başqa bir hədis isə belədir:
النُّجُومُ اَمانٌ لِاَهْلِ السَّماءِ فَاِذا ذَهَبَتِ النُّجُومُ ذَهَبَ اَهْلُ السَّماءِ، وَاَهْلُ بَيْتِى اَمانٌ لِاَهْلِ الْاَرْضِ فَاِذا ذَهَبَ اَهْلُ بَيْتِى ذَهَبَ اَهْلُ الْاَرْضِِ!
“Ulduzlar səma əhlinin asudəliyinə səbəbdir. Onlar ensə səma əhli də məhv olar. Mənim Əhli-beytim də yer əhlinin asudəliyini tə’min edir. Əgər Əhli-beytim olmasa, yer əhli də olmaz!”
Bu hədisi Muhibbuddin Təbəri “Zəxairul-uqba” kitabında Əhməd ibn Hənbəlin “Mənaqib” kitabından nəql etmişdir. Həmçinin digər kitablarda, o cümlədən, Həməvininin “Fəraidus-səmteyn”, İbn Həcərin “Əs-səvaiqul-muhriqə”, Məhəmməd Səbbanın “İsğafur-rağibin”, Xarəzminin “Məqtəlul-Hüseyn”, Nəbhaninin “Əşşərəful-muəyyəd” kitablarında da qeyd edilmişdir.(7)
“NÜCUM” HƏDİSİNİN MAHİYYƏTİ
Bu hədis müxtəlif məsələləri açıqlayır:
1. Bu hədis həqiqətdə Qur’ani-kərimin səma ulduzlarının iki mühüm tə’sirindən danışan bir neçə ayəsindən qaynaqlanmışdır. Bir ayədə belə buyurulur: “Onlar ulduzlar vasitəsilə hidayət olunar!” (“Nəhl” surəsi, ayə: 16) Başqa bir ayədə isə belə buyurulur: “Allah sizin üçün suyun və qurunun zülmətində hidayət olmaq üçün ulduzlar yaratdı!” (“Ən’am” surəsi, ayə: 97)
Bu isə həqiqətdə ulduzların ən mühüm faydalarından biridir. Çünki kompasın (qütbnəma) ixtirasından öncə dağ, yaxud ağac kimi heç bir əsər-əlaməti olmayan dəniz yollarını tapmaq üçün yeganə vasitə ulduzlar idi. Gecələr bulud səmanı örtdükdə, gəmilər hərəkətdən dayanır, yollarına davam etmək istəyənlər isə ölüm təhlükəsi ilə üzləşirdilər. Bunun səbəbi beş planet (Merkuri, Venera, Mars, Yupiter və Saturn) istisna olmaqla, qalan ulduzların öz yerlərini dəyişməsi sanki qara parça üzərində toxunan, bir tərəfdən başqa təfərə çəkilən mirvarilərə bənzəməsidir. Qalan beş planeti isə “səvabit” adlandırırdılar. Bunlardan və həmişə yeri sabit olan, çıxıb-batmaqda digər ulduzlardan fərqlənən “qütb” ulduzundan əlavə, qalan ulduzları tanıyıb, ilin müxtəlif fəsillərində onların yerini tə’yin etməklə əllərindəki xəritə ilə hər hansı məqsədi tapmalı idilər.
Ulduzların başqa bir faydası isə Qur’ani-kərimdə buyurulduğu kimi, onların şeytanlara tuşlanmış oxlara bənzədilməsidir. Belə ki, onlar şeytanlara atılan və səmalara nüfuz etməyin qarşısını alan oxları əvəz edir. Qur’ani-kərimdə buyurulur:
إِنَّا زَيَّنَّا السَّمَاء الدُّنْيَا بِزِينَةٍ الْكَوَاكِبِ وَحِفْظًا مِّن كُلِّ شَيْطَانٍ مَّارِدٍ لَا يَسَّمَّعُونَ إِلَى الْمَلَإِ الْأَعْلَى وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍ دُحُورًا وَلَهُمْ عَذَابٌ وَاصِبٌ
“Biz səmanı ulduzlarla zinətləndirdik, xəbis və itaətdən çıxmış şeytanlardan qoruduq. Onlar yüksək aləmə (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər. (Bu işi görmək istəsələr) hər tərəfdən oxlar (axan ulduzlar) vasitəsilə qovular və şiddətlə geriyə qaytarılarlar. Onlar üçün daimi bir əzab vardır!” (“Saffat” surəsi, ayə: 6-9)
Bu və digər ayələrdən ulduzların səma əhli üçün müdafiə silahı olduğu başa düşülür. “Ulduzlar (yaxud meteoritlər) şeytanların yolunu necə bağlayır və səmalara daxil olmağa icazə vermirlər?” sualı ayrıca bir izaha ehtiyaclıdır. Biz onu “Təfsiri-nümunə” kitabında həmin ayənin təfsirində şərh etmişik. Burada diqqəti cəlb edən məsələ süzən ulduzlar vasitəsilə şeytanların yüksək aləmdən, mələklərin pak, ali məqamından qovulması hadisəsidir. Bu hadisə “nücum” hədisinin təfsiri üçün kifayətdir.
Bəli, bir tərəfdən Peyğəmbər (s) Əhli-beyti (ə) səma ulduzları kimi insanları küfr, fitnə-fəsad, günahın zülmətindən qoruyub, ali məqsədə yönəldirsə və Allah yolunun yolçularını azğınlıq dalğalarında boğulmaqdan xilas edirsə, digər tərəfdən də insan və cinlərdən olan şeytanların İslam hüdudlarına nüfuzunun, Quranın hökmləri və sünnəni təhrif etməsinin qarşısını alır. Əhli-beyt meteoroit oxları kimi şeytanları dəf edir, yadların sinəsinə qeyb əlləri ilə zərbə endirir və onları səmavi sirlərdən agah olmağa qoymurlar.
Diqqət yetirmək lazımdır ki, bu hədisdə xüsusi olaraq Əhli-beyt (ə) İslam ümmətindəki ixtilafların qarşısını alan qoruyucu kimi göstərilir. Əgər ixtilaflar davam edərsə, insanlar İblisin qoşunu sıralarına daxil olar. Bu isə doğrudan da dolğun bir mənanı çatdırır.
2. “Nücum” hədisindən belə başa düşülür ki, ulduzların səma, yaxud yer əhlinin keşiyində durması davam etdiyi kimi, Əhli-beytin (ə) də hidayət yolu dünyanın sonuna qədər davam edəcəkdir.
3. Həmçinin onların xəta və günahdan mə’sum olduqları da sübuta yetir. Əgər onlar xəta və günaha yol versəydilər, yer əhlini ixtilaf və azğınlıqlardan qoruyan kamil və mütləq dayaq kimi tanıtdırılmazdılar.
4. Səma ulduzlarından biri batıb, digəri çıxması, bir qismi üfüqdə itib, digər qismi yenidən parlaması xüsusiyyəti Peyğəmbər (s) Əhli-beytində (ə) də var. İmam Əli (ə) bu məsələni “Nəhcül-bəlağə”də aydın bəyan edərək buyurmuşdur: “Agah olun! Məhəmmədin (s) Əhli-beyti səma ulduzlarına bənzəyir; onların biri batdıqda, digəri çıxır!” (“Nəhcül-bəlağə”, xütbə: 100)
Şübhəsiz, bu rəvayətlərdə adı çəkilən Əhli-beyti (ə) Peyğəmbərin (s) zövcələri kimi təfsir etmək düzgün deyil; çünki bu rəvayətlərdə hər bir dövr və əsrdə ümmətin hidayəti, azğınlıq dalğalarından qurtuluşu və ixtilafların qarşısının alınması kimi mühüm məsələlərdən söz açılır. Bildiyiniz kimi, Peyğəmbərin (s) zövcələri müəyyən bir dövrdə yaşamış və bundan əlavə, ixtilafların qarşısının alınmasında xüsusi bir rol oynamamışlar. (Hətta Peyğəmbərin (s) zövcəsi Ayişənin ixtilafların daha da artmasındakı rolu inkaredilməz bir həqiqətdir)(8)
Sual olunur ki, bəzi kitablarda Peyğəmbəri-əkrəmin (s)
( اَصْحابِى بِمَنْزِلَةِ النُّجُومِ فِى السَّماءِ فَاَيُّما اَخَذْتُمْ بِهِ اِهْتَدَيْتُمْ )
“Mənim səhabələrim səma ulduzları kimidir. Onların hər hansı birindən yapışsanız (itaət etsəniz), hidayət olar və doğru yola yönələrsiniz” buyurduğu da nəql olunmuşdur. Görəsən, bu hədis Əhli-beyt (ə) barəsində nəql olunan yuxarıdakı hədislərlə ziddiyyət təşkil edirmi?
Bu sualın cavabı ilə bağlı bir neçə məsələyə diqqət yetirmək lazımdır:
1. Bu hədisin mö’təbər oluğunu fərz etsək belə, Əhli-beytin (ə) barəsində deyilən hədislərlə heç bir ziddiyyət təşkil etmir. Çünki İslamın əsaslarının bəyanında bir örnəyin başqa bir örnəklə heç bir ziddiyyəti yoxdur. Xüsusilə “Əhlu-beyti kən-nücum” (Əhli-beytim ulduzlar kimidir) hədisində bu vəsf Qur’ani-kərimə aid edilməsə də, Qurani-kərimin müsəlmanlar üçün ən gözəl istinad yeri olması sözsüzdür.
2. Əhli-sünnə alimləri bu hədisi sənəd baxımından “saxta”, “məkzub” (yalan) və yaxud “məşkuk” (şübhəli) adlandırmışlar. Bunu açıqlayanlar arasında əhli-sünnənin dörd İmamından biri olan Əhməd ibn Hənbəl, eləcə də İbn Həzm, Əbu İbrahim Məzəni (Şafeinin ardıcıllarından biri), Hafiz Bəzzaz, Daru-Qutni, Zəhəbi, və s. alimlər var. Burada onların hər birinin ayrı-ayrılıqda nəzərini nəql etməyə ehtiyac yoxdur. Bu alimlərin münasibətləri barədə mə’lumat əldə etmək istəyənlər “Xülasətu əbəqatil-ənvar” kitabına müracət edə bilərlər. (9)
3. Səhabələrə aid edilən hədisin möhtəvası məntiqlə uyğun gəlmir. Bildiyimiz kimi, Peyğəmbərin (s) vəfatından sonra səhabələr arasında (geniş mə’nada səhabə; yəni Peyğəmbəri (s) görən və həzrətlə birgə olan hər bir şəxsi nəzər almaqla) böyük ixtilaflar yarandı. Bu ixtilaflarda qanlar axıdıldı, dəhşətli müharibələr baş verdi. Belə isə hansı məntiqlə qəbul etmək olar ki, bir-birinin qanını tökən iki qrup hidayət örnəyidir və insanları onların hər hansı birinin yolunu seçməkdə azad buraxıb deyək: “Özünüz bilərsiniz, ya Əmirəl-mö’minin Əlinin (ə), ya da Müaviyənin qoşunundan olun; Cəməl müharibəsində ya Əliyə (ə) qoşulun, ya da Təlhə və Zübeyrə. Onların hər hansı birinə qoşulsanız, doğru yolu tapacaqsınız və sizi behiştə aparacaqlar.” Xeyr, belə deyil! Heç bir ağıllı insan bunu qəbul etməz. Allah Rəsulunun (ə) məqamı isə çox üstündür və həzrətə belə hədislər aid etmək rəva deyil.
Tarixdə göstərilir ki, Əməvi hakimləri öz mövqelərini möhkəmləndirmək, “nücum” hədisini e’tibardan salmaq və Əhli-beytin (ə) məqamını kiçiltmək üçün belə saxta hədisləri İslam peyğəmbərinə (s) aid etmiş, bununla da Şam əhalisi və qeyrilərini inandırmağa çalışmışlar ki, Əlinin (ə) hökuməti haqq olduğu kimi, səhabələr zümrəsindən olan Müaviyənin hökuməti də haqqdır. (10) Beləcə, iki qrup arasındakı fərqi itirməyə çalışmışlar.
Istifadə olunan mənbələr:
(1) İbn Əsirin “Usdul-ğabə” kitabında qeyd etdiyinə əsasən, Məhəmməd ibn Münkədirin atası Münkədir ibn Abdullah Peyğəmbərin (s) səhabələrindən olmuşdur.
(2) Keçmiş zamanlarda cəhətlərin tə’yini mümkün olmadığından, dəniz səfərlərində onları bilmək üçün ən gözəl vasitə səma ulduzları idi.
(3) “Müstədrək”, Hakim Nişapuri, 3-cü cild, səh. 141, “Heydərabad” çapı, “Ehqaqul-həqq” kitabından nəqlən, 9-cu cild, səh. 294.
(4) Əllamə Həmzavinin qeydi belədir: “Buxari və Müslimün hədislərin düzgünlüyündəki şərtinə əsasən, bu hədis səhih və düzgündür. (“Məşariqul-ənvar”, səh. 90, Misirin “Şərqiyyə” çapı.)
(5) Əlavə mə’lumat əldə etmək istəyənlər “Ehqaqul-həqq” kitabının 9-cu cildinin 294-296-cı səhifələrinə müraciət edə bilərlər.
(6) Bu hədis “Camius-səğir” (Süyuti) (səh. 587, Misir çapı), “Zəxairul-üqba” (Muhibbuddin Təbəri), “Əs-səvaiqul-muhriqə” (İbn Həcər) və s. kitablarda nəql olunmuşdur.
(7) “Zəxairul-üqba”, səh. 7, Qahirənin “Qudsi” çapı.
(8) İzah: Peyğəmbərin (s) vəfatından sonra camaat Əbu Bəkrlə bey’ət etdilər. Ayişənin rəvayətinə görə “Əli və Bəni-Haşimin hamısı altı ay müddətində – Fatimə dünyadan gedən vaxta qədər – onunla bey’ət etmədilər. Bundan sonra İmam Əli (ə) Osmanın xilafətinin son vaxtlarına qədər siyasət səhnəsindən uzaqlaşdırıldı. Nəhayət, Ayişə Osmanla qarşılaşmaq üçün onun əleyhinə qiyam edənlərin – Təlhə, Zübeyr və başqalarının rəhbərliyini öz öhdəsinə aldı. Bu işləri də yalnız Osmandan sonra öz əmisi oğlu Təlhəni xilafətə çatdırmaq ümidi ilə görürdü. Osman qətlə yetirildikdən və müsəlmanlar İmam Əliyə (ə) bey’ət etdikdən sonra həzrətin əleyhinə Cəməl müharibəsini başladı və sonda məğlub oldu. İmam Əli (ə) onu Mədinəyə qaytardı. O, həzrət şəhid olana qədər ona qarşı kin-küdurət bəsləyirdi. Bundan sonra Müaviyə hakimiyyətə gəldi. Onların hər ikisi (Müaviyə və Ayişə) İmam Əlinin (ə) qarşısında eyni mövqe tutduqları üçün aralarında yaxşı əlaqə bərqərar oldu və bu əlaqə Hücr ibn Ədinin Müaviyənin vasitəsilə qətlə yetirildiyi vaxta qədər davam etdi. (“Məalimul-mədrəsəteyn”, Əllamə Əskəri, 2-ci cild, səh. 69.) (Müt.)
(9) Xülasətu əbəqatil-ənvar”, 3-cü cild, səh. 124-167. (Burada qeyd etdiyimiz hədisin sənədinin e’tibarsızlığı ravilərin tərcümeyi-halı ilə birgə əhli-sünnənin otuz nəfərdən çox alimi nəql etmişdir.)
(10)Əhli-sünnə firqəsinin nəzərinə görə, Peyğəmbəri-əkrəmə (s) iman gətirən və o həzrəti günün yarı hissəsini belə, görənlər səhabə adlanırlar və səhabə adını daşıyan hər bir kəs isə ədalətlidir. Lakin Əhli-beyt məktəbinin ardıcılları o kəsə səhabə deyirlər ki, daim və uzun müddət Peyğəmbəri-əkrəmlə (s) birgə olsun. Onların nəzərinə görə, bütün səhabələr ədalətli deyillər.