Namazın hansı vacİbatları var?
Namazın on bir vacibatı var:
1. niyyət
2. qiyam
3. təkbirətül-ehram
4. səcdə
5. qiraət
6. zikr
7. təşəhhüd
8. salam
9. tərtib
10. müvalat.
Namazın rüknü nədir?
Cavab: Rükn namazdakı o vacibatlardır ki, əgər insan bilərəkdən və bilməyərəkdən onları artırsa və ya azaltsa, namazı batil olur. Namazın beş rüknü var:
1. Niyyət;
2. Təkbirətul-ehram, yə’ni niyyətdən sonra «Əllahu Əkbər» demək;
3. Qiyam–təkbirətul-ehram deyərkən və rükudan qabaq ayaq üstə olmaq (ona rükuya bitişən qiyam deyilir);
4. Rüku;
5. İki səcdə.
Niyyətdən çıxmaq nə deməkdir?
Cavab: İnsan namazın ortasında o qədər qəflətə vara bilər ki, əgər ondan nə etdiyini soruşsalar, cavab tapa bilməz. Belə halda namaz batildir.
Ayaq üstə durmaqdan ibarət olan qiyam vəziyyətinin şərti nədir?
Cavab: Niyyətdən sonra «Əllahu Əkbər» deməzdən qabaq və sonra bir miqdar dayanmaq vacibdir. İnsan əmin olmalıdır ki, təkbir kəlməsini ayaq üstə demişdir. Qiyam zamanı bədən hərəkətsiz olmalı, bir tərəfə əyilməməlidir. Qiyamda ayaqlar arası məsafənin üç barmaqdan bir qarışadək olması müstəhəbdir. Qadınlar ayaqlarını bir-birinə yapışdırsalar yaxşı olar.
Rükunun şərti nədir?
Cavab: Rüku vəziyyətində insan əlləri dizinə çatanadək əyilməlidir. Əllər dizə qoyulmadan da həmin qədər əyilmək kifayətdir. Rükuda istənilən bir zikr deyilə bilər. Amma bu zikr üç «Sübhanəllah» və bir «Sübhanə rəbiyəl-əzimi və bihəmdih» kəlmələrindən qısa olmamalıdır». Zikr deyilən zaman bədən rüku vəziyyətində aram dayanmalıdır.
Səcdənin hansı şərtləri var?
Cavab: Səcdə alının, iki əlin içinin, iki dizin, iki ayağın baş barmaqlarının yerə qoyulmasından və ən azı üç «sübhanəllah» zikri həddində səcdədə qalmaqdan ibarətdir. İki səcdə arasında aram oturmaq lazımdır. Səcdə zamanı yerə toxunası yeddi üzv bilərəkdən qaldırılmamalıdır.
Namazın bütün rəkətlərində həmd («Fatihə») və surə (məs. «İxlas») oxumaq vacibdirmi?
Cavab: Vacib yövmiyyə namazlarının birinci və ikinci rəkətlərində həmd və surə oxumaq vacibdir. Vacib yövmiyyə namazlarının üçüncü və dördüncü rəkətlərində isə təkcə həmd oxunsa kifayətdir. Həmd əvəzinə «təsbihati-ərbəə» demək olar. Müstəhəb namazlarda isə təkcə həmd oxumaq vacibdir.
Namaz ucadan, yoxsa astadan qılınmalıdır?
Cavab: Kişilər sübh, məğrib və işa namazlarını ucadan qılmalıdırlar. Zöhr və əsr namazlarında isə həm kişilərin, həm də qadınların həmd və surəni astadan oxuması lazımdır. Ucadan deyiləsi həmd və surəni astadan, astadan deyilməsi həmd və surəni ucadan demək bilərəkdən olduqda namaz batildir.
Əvvəl surəni, sonra isə həmdi oxumaq olarmı?
Cavab: Namazdakı ardıcıllığı bilərəkdən pozmaq namazı batil edir.
Peyğəmbərin adı çəkildikdə salavat çəkmək vacibdirmi?
Cavab: Peyğəmbərin adı, ləqəbi və ya künyəsi deyildikdə (hətta namazda da olmuş olsa) salavat çəkmək müstəhəbdir.
Nələrə səcdə etmək olmaz?
Cavab: Yeddi şeyə səcdə etmək olmaz:
1. Yeməli şeylərə;
2. Geyməli şeylərə;
3. Mə’dəndən çıxan şeylərə (məsələn, qızıl, gümüş);
4. Təzə üzüm yarpağına;
5. Torpaqdan cücərən yeməli dərman bitkilərinə (məsələn, bənövşə, maldili);
6. Bə’zi məntəqələrdə yeməli sayılan bitkilərə;
7. Kal meyvəyə.
Namazı nələr batil edir?
On iki şey namazı batil edir:
1. Namazın ortasında şərtlərdən birinin ödənmədiyi mə’lum olsa (məsələn, namazın yeri qəsb olunmuş yerdir);
2. Namazın gedişində bilərəkdən və ya bilməyərəkdən dəstəmazı və ya qüslü batil edən hal baş versə;
3. Əllər üst-üstə qoyulsa;
4. Həmd oxunduqdan sonra «amin» deyilsə;
5. Bilərəkdən və ya diqqətsizlikdən qibləyə arxa çevirsə, qiblədən çıxmış sayılacaq qədər sağa və sola meyl edilsə;
6. Bilərəkdən namaza aid olmayan mə’nalı və ya mə’nasız söz deyilsə;
7. Bilərəkdən bərkdən gülmək;
8. Dünya işlərinə görə bilərəkdən bərkdən ağlamaq;
9. Namazın formasını pozan işlər (əl çalmaq);
10. Yemək-içmək (məs. ağızdakı tikə ya qalıqları udub qurtarmamış namaza başlamaq);
11. İki rəkətli və üç rəkətli namazlarda, eləcə də, dörd rəkətli namazların ilk iki rəkətində rəkətlərin sayında edilən şəkk;
12. Bilərəkdən və ya səhvən namazın rüknlərinin artırılıb-azaldılması.
Namaz gedişində salam almaq olarmı?
Cavab: Namaz gedişində düzgün və ya ciddi verilmiş salamı almaq lazımdır.
Hansı hallarda namazı dayandırmaq olar?
Cavab: Dörd halda namazı dayandırmaq olar:
1. İnsan öz canı və malını qorumaq üçün namazı dayandıra bilər;
2. Namaz zamanı tələbkar verdiyi borcu tələb edərsə və namazı dayandırmadan borcu qaytarmaq mümkün olmazsa;
3. Namaz gedişində insan başa düşsə ki, məscid murdarlanmışdır;
4. Rükuya getməmişdən azan və iqamənin yaddan çıxdığı yada düşdükdə.