Bəs günahlar hansı ayda bağışlanacaq?
Bəs elə isə, ey Allah qonaqları! Ey Allah ayının İlahi qonaqları! Ey o kəslər ki, nəfəsləri \"sübhanaallah»dır, ey o kəslər ki, yuxuları bu ayda ibadətdir, ey o kəslər ki, bu ayı Rəbbləri ilə münacatla keçirirlər! Gəlin bu ayda Allaha layiqli bəndə olmağa səy edək! Həzrət Əli (ə) buyurur: \"Ramazan ayı ilə bağlı sizə tapşırığım, nəsihətim budur ki, çoxlu dua və istiğfar edəsiniz». Bəli, bu ay - dua və istiğfar ayıdır.
Həzrət Əlidən (ə) nəql edilən digər bir hədisdə bildirilir: \"Ramazan ayındakı duanın vasitəsi ilə bəla sizdən uzaqlaşar. Ramazan ayında istiğfar və tövbənin vasitəsi ilə sizin günahlarınız məhv olar».
Əziz Peyğəmbərdən (s) nəql olunur: \"Əgər bəndə Ramazan ayının nə olduğunu bilsə, arzu edər ki, bütün il boyu Ramazan ayı olsun».
Bir başqa mübarək hədisdə əziz 5-ci İmamımız İmam Muhəmməd Baqirdən (ə) buyurulur: \"Ramazan ayı Allah ayıdır və bu ayda oruc tutanlar Allahın qonaqlarıdır və Onun kəraməti və lütfü əhatəsindədirlər».
Digər mübarək hədisdə İmam Əlidən (ə) nəql olunur: \"Bu ayda ən gözəl əməl - İlahi haramlardan özünü qorumaqdır».
İmam Sadiqdən (ə) nəql olunur ki: \"Oruc tutanın yatmağı - ibadət, sükutu - təsbih, əməli - məqbul, duası - müstəcəbdir».
Yenə İmam Sadiqdən (ə) bu mübarək ayla bağlı buyurulur: \"Allah-təala buyurur: oruc Mənə aiddir və savabını da Mən verəcəyəm».
Əziz Peyğəmbərimizdən (s) nəql olunur: \"Bir kəs ki, Ramazan ayında bağışlanmayacaq, bəs hansı ayda bağışlanacaqdır».
Mübarək İslam dinimiz öyrədir ki, əgər bəndə bilsə Ramazan ayının əhəmiyyəti və fəziləti nə qədərdir, arzu edərdi ki, bütün il boyu Ramazan ayı olsun. Əgər bilsə Ramazan ayı nədir və nə üçündür, bilmiş olsa ki, bu ayın qiyməti nədir, dərəcəsi nədir, bu ayda nələr baş verir, bu ayda nələr əldə etmək olar, onda deyər ki, kaş bütün il boyu Ramazan ayı olardı.
Hacı İlqar İbrahimoğlu