BƏLA ZAMANI AĞLAMAQ SƏBİR VƏ RİZA İLƏ ZİDDİYYƏT TƏŞKİL EDİR?


Müsibət zamanı insanın sadəcə olaraq, ağlamasının səbir və riza məqamı ilə heç bir ziddiyyəti yoxdur. Ağlamaq Allahın təqdirinə, qəzasına etiraz məqsədi ilə, həmçinin düşdüyü çətinliyin ağırlığına görə paltarı çırmaq, üzə, dizə şillə vurmaq kimi etiraz bildirən zahiri əməllərlə bərabər olmasa eybi yoxdur. Ağlamaq insanın cismində qərar verilmiş təbii bir haldır. Bu hal ruhun yüngülləşməsinə, batinində qərar tapmış ağırlığın xaric olmasına səbəb olar. Ağlamaq insan təbiətinin ayrılmaz bir hissəsidir. Təbabətdə ağlamaq qabiliyyətini itirmiş insanları anormal və xəstə kimi qeydə alıblar. Ümumiyyətlə, insanın təbii yaradılışından bütün kənara çıxmalar xəstəlik və insan təbiəti üçün anormallıq hesab edilir. Ağlamaq da insan təbiətinin xas xüsusiyyətindən olduğundan, bu işdən məhrum olmuş insanları anormal və xəstə varlıqlar hesab edirlər.

İnsanlar, adətən, dünyadan getmiş yaxınları üçün əzəldən bəri ağlamışlar. Tarix boyu mərd və sarsılmaz ruha malik olmuş insanlar belə faciə ilə qarşılaşan zaman, və ya yaxın dostlarını, övladlarını itirən zaman ağlamış, onlara matəm saxlamışlar. Bunu da təbii bir hal kimi dəyərləndirmişlər. Heç kəs də bunu mərdlik və böyük şəxsiyyətlə zidd bir hal kimi dəyərləndirməmişdir. Əksinə ağlamaq xüsusiyyətindən məhrum olmuş insanları rəhmətdən və insanlıq sifətindən məhrum olmuş kimi qəbul etmişlər.
Tarixə nəzər salsaq, böyük din rəhbərlərinin, peyğəmbərlərin, onlardan sonra İmamların da yaxınlarının ölümünə, faciəli hadisələrə ağladıqlarını görürük. Baxmayaraq ki, onlar (ə) səbir və riza məqamlarında ən üstün dərəcələrə çatmışdılar. Bununla belə, onları həyatın ən çətin səhnələrində necə şücaət və mərdliklə çətinliklərə, müsibətlərə sinə gərdiklərini görürük.
Övladının ölümünə ilk ağlayan insan Həzrət Adəm (ə) olmuşdur. O (ə), oğlu Habilin ölümünə görə göz yaşı tökərək ağlamış, mərsiyə demiş və yas saxlamışdır. Yaqub (ə) da övladı Yusifi (ə) itirdiyinə görə uzun illər onun (ə) həsrəti ilə ağlamağı dillər əzbəri olmuşdur. O (ə), övladının fərağına görə o qədər ağlayır ki, sonda gözləri tutulur və kor olur. Ağlamaq ilahi təqdirə zidd hesab edilsə idi, bu böyük şəxsiyyətlər belə etməzdilər.

(Bəla və Səbr kitabından)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter