GÜNLƏRİN NƏHS VƏ YA UĞURLU OLMASI ƏHLİ-BEYT NƏZƏRİNDƏ NECƏDİR?
Ustad şəhid Mütəhhəri deyir: «... Gəlin Peyğəmbərin (s) davranışına əvvəldən axıradək baxaq! Şiə və sünnilərin yazdığı bütün kitablara baxaq, sünni və şiələrin Rəsulallah (s) haqqında yazdıqları tarixi kitabları mütaliə edək! Peyğəmbərin (s) öz həyat yolunda istifadə etdiyi məsələlər içərisində günlərin nəhs və ya uğurlu olması mövzusunu görəcəyikmi?!
Məsələn, O, deyibmi ki, bu gün bazar ertəsi günü olduğu üçün səfərə getmək yaxşı deyil; yaxud bu gün novruz bayramının 13-cü günüdür. Kim gəzməyə getməzsə, boynu sınacaq, həm də bir yerdən deyil, 13 yerdən?!
Belə xurafatmı olar?! Əlinin (ə) həyatında necə?! İmamların (ə) həyatında necə?! Biz heç vaxt Peyğəmbər (s) və İmamların (ə) həyatlarında, bir zərrə də olsun, bu sözlərdən əməli olaraq istifadə etdiklərini görmürük! Bunun tamamilə əksini görürük...
Əhli-beytdən (ə) bizə çatmış rəvayətlərin toplusundan belə bir qənaətə gəlmək olar: bu məsələlər, ya mütləq olaraq təsirsizdir, ya da təsiri olsa belə, Allaha təvəkkül, Peyğəmbər (s) və Əhli-beytə (ə) təvəssül etmək onu aradan qaldırır. Buna görə də, həqiqi müsəlman və şiə, əməli olaraq bunlara etina etmir. Səfərə getmək istədikdə sədəqə verib, Allaha təvəkkül və övliyalarına təvəssül edərək, bunlardan heç birinə əhəmiyyət vermir.
Ən əhəmiyyətlisi də tarıxdə Peyğəmbər (s) və İmamların (ə) bu məsələlərə əməl etmələri barədə heç bir mətn yer almamışdır!»