NƏ ÜÇÜN İMAMLARIN ADI QURANDA YOXDUR?


Bir neçə əsr ərzində bütün müsəlmanların, həm sünnilərin həm də şiələrin ağlında belə bir sual olub: Əgər Əli ibni Əbu Talib (ə) Allah elçisinin (s.ə.s) qanuni varisi sayılırsa onda niyə onun adı Quranda çəkilmir?
Müqəddəs Quranda əsas dini qanunlar və ümumi islam prinsipləri verilmişdir. Müqəddəs kitabda bütün məsələlər xırda detalları ilə verilməyib. Əgər belə olsaydı, Quran bir neçə cild olardı. Şəriət, əxlaq qaydaları və dinin praktik tərəfləri ümumi şəkildə verilib, onların ətraflı izahı isə Allah elçisinə tapşırılıb.
Şeyx əl-Kuleyni “ Əl-Kafi” kitabında geniş bir hədis qeyd edir: Əbu-Bəsir nəql edir: “Mən İmam Sadiqdən (ə) \"Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!\"-ayəsi haqqında sual etdim (Nisa surəsi, 59-cu ayə). İmam cavab verdi: “Bu ayədə Əli (ə), Həsən(ə) və Hüseyn (ə) nəzərdə tutulur (Çünki bu üç İmam, ayənin nazil olması zamanı sağ yaşayırdılar)”. Mən dedim: “İnsanlar soruşurlar ki, niyə Allahın (c.c) Kitabında Əlinin və onun nəslindən olanların adları çəkilmir?”. İmam cavab verdi: “ Onlara de ki, Rəsulullaha (s) Allahdan namaz barədə ayələr nazil olanda, onun üç və ya dörd rükətli qılınması Quranda xatırladılmamışdı. Allahın Elçisi (s) bu ibadəti necə həyata keçirməyin bütün incəliklərini insanlara izah edib. Allah Elşisinə (s.ə.s) zəkat barədə ayələr nazil olanda, Quranda deyilmirdi ki, 40 dirhəmə görə bir dirhəm zəkat verilməlidir. Zəkatın bu qaydalarını insanlara Allah Elçisi (s) izah edib. Allah Elçisinə (s) Həcc barədə ayə nazil olanda, Quranda deyilmirdi ki, təvaf etmək üçün Allah evinin ətrafında 7 dəfə dövr etmək lazımdır. Allah Elçisi (s) həcc mərasimini həyata keçirməyin bütün qaydalarını insanlara öyrətdi. Nisa surəsinin 59-cu ayəsi də məhz Əli (ə), Həsən (ə) və Hüseyn (ə) barədədir. Allah Elçisi (s) Əli (ə) barədə buyurmuşdur: “Mən kimin mövlasıyamsa, bilsin ki, Әli də onun mövlasıdır”. (“Əl-Kafi”, Şeyx əl-Kuleyni 1/286-287, N-1)

Bu hədis, bütün Əhli-Beyt (ə) məktəbinin icması tərəfindən mötəbər hesab olunur.

1. Əllamə Məclisi \"Miratul-Uqul\" kitabında (3/213) bu hədisin səhih (mötəbər) olduğunu demişdir.

2. Şeyx Behbudi \"Səhih əl-Kafi\" kitabında hədisin səhih (mötəbər) olduğunu bildirmişdir.

Bu yazıda \"İmamların adlarının Quranda olmaması\" (makarem.ir) məqaləsindən istifadə edilmişdir.

Tərcümə etdi: Zeynəb Baxşəliyeva(Zeynebb)
(quranevi.az)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter