QURANDA RİBA (SƏLƏMÇİLİK) HAQQINDA NƏ DEYİLİR?
Qeyd etdiyimiz kimi İslam dinində ən mühüm məsələlərdən biri də, borc vermək və ümumiyyətlə, sədəqə və Allah yolunda xərc etməklə yoxsullara kömək etməkdir. Borc verənin niyyəti yalnız, Allaha görə olmalıdır. Bu barədə, Qur`an ayələrini də zikr etdik. Bunun müqabilində Qur`an elə bir məsələni də açmışdır ki, bu gün əksər cəmiyyətlər ona mübtəla olmuşdur. Bəqərə surəsində oxuyuruq:
\"Ey mö`minlər! Əgər doğurdanda iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! Əgər belə etməsəniz, o zaman Allaha və Onun Peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, səmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar.(Bəqərə-278)\"
Birinci ayədə deyilir: Sələm yemək, iman ruhu ilə yol getməz. İkinci ayədə sələm yemək, Allah və Peyğəmbəri ilə müharibə kimi ünvanlandırılıb. Əgər sələmçi bu işdən tövbə edərsə, onun barəsində ədalətlə hökm olunar. Yə`ni, əsl sərmayələri gəlirsiz olaraq onlara qaytarılar. Bu zaman nə səlmçi zalim olar, nə də borcluya zülm olunmuş olar. Həmin surədə başqa ayədə buyurur:
\"Sələm (faizli borc verməklə) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan vurmuş (dəli) kimi qalxarlar. Bunların belə olmaları: \"Alış-verişdə sələm kimi bir şeydir! ”- dedikləri ucundandır. Halbuki, Allah alış-verişi halal, sələm almağı isə haram etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur. Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafir və günahkarı sevməz.(Bəqərə- 275-276) “
Ərəbcə \"xətb\" sözü, insanın öz müvazinətini saxlaya bilmədən yol getməsi və ya durmasına deyilir. Bu ayədə sələm yeyən divanə və yol gedə bilməyənə oxşadılıb. Görəsən bu sözdən məqsəd, sələm yeyənlərin cəmiyyətdəki yollarına işarədir ki, onların bu əməli dəlilikdir? Yə`ni, onlarda, həmdərdlik, köməklik, insani hisslər və dostluğun mə`nası yoxdur.
Yoxsa, ayədən məqsəd, qiyamətdə əməllərinin tə`sirindən dəlilər kimi qalxıb məşhur olmalarıdır? Əksər müfəssirlər ikinci ehtimalı qəbul edirlər. Çünki, insanın o dünyadakı vəziyəti, bu dünyadakı əməllrinin təcəssümüdür. Ehtimal da var ki, hər iki mə`na nəzərdə tutulsun.İmam Sadiq (əleyhissalam) hədislərin birində buyurur:
\"Sələm yeyən dünyada bir növ dəlilik xəstəliyinə mübtəla olmayınca dünyadan getməz! “
Bu məqamda belə bir sual qarşıya çıxır ki, dəlilik və divanəliyin qaynağı Şeytandandırmı? Yaxud, dəlilik bir çox tanınmış amillərin səbəbindən əmələ gəlmiş bir növ ruhi xəstəlikdir? Cavabında demək lazımdır: Bə`ziləri mö`təqiddirlər ki, ayədəki \"Şeytan vurmuş\" sözündən məqsəd, bir sıra ruhi xəstəliklərdən kinayədir. Bu cür ifadə, o vaxt ərəblər arasında çox işlədilirmiş. Lakin, çoxda uzaq nəzərə gələn deyil ki, Şeytan insana toxunmaqla, insan bir sıra hiss üzvlərini əldən versin və bunun da nəticəsində düzgün təfəkkür və məntiqi fikirləşmək qüdrəti insanda yox olsun! Hər halda bu ayədə, dünya və Axirətdə sələm yeyənlərin vəziyyəti bəyan olunur.