HƏZRƏT ƏLİ (Ə) HAQQINDA QURAN AYƏLƏRİ VARMI?
1. «Təbliğ» ayəsi: «Ya Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı bəyan et. Əgər etməsən, Allahın risalətini yerinə yetirməmiş olarsan. Allah səni insanlardan qoruyacaq. Allah kafir camaatı düz yola yönəltməz».(Maidə-67) Təfsirçi və tarixçilərin həzrət Əliyə (ə) aid etdikləri üç yüz Qur’an ayəsindən biri olan bu ayənin həzrət Əliyə (ə) aid olmasını Əbu-İshaq Sə’ləbi, Təbəri, İbn-Səbbağ Maliki və bir çox başqa alimlər təsdiqləyirlər.
2. «Vilayət» ayəsi: «Sizin ixtiyar sahibiniz Allah, Onun rəsulu və iman gətirib namaz qılan, rüku halında zəkat verənlərdir».(Maidə-55) Bu ayənin həzrət Əliyə (ə) aid olduğunu Fəxr Razi, Nişaburi, Zəməxşəri kimi böyük alimlər təsdiqləyirlər.
3. «Nisa» surəsi, ayə 59: «Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin».
«Mübahilə» ayəsi: «Sənə göndərilən bilikdən sonra buna dair səninlə mübahisə edənlər olsa, onlara de ki, gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq. Sonra isə Allaha yalvarıb, yalançılara Allahdan lə’nət istəyək».(Ali-İmran-61) Tarixçilər və təfsirçilər bildirirlər ki, həzrət Peyğəmbər (s) öz yaxınlarını sadaladıqda Əlini (ə), Fatiməni və Həsənlə Hüseyni nəzərdə tutmuşdur.
4. «Təthir» ayəsi: «Evlərinizdə qərar tutun. İlkin cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın. Namaz qılın, zəkat verin, Allaha və Onun rəsuluna itaət edin. Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi pak etmək istəyir».(Əhzab-33) Təbəri, Fəxr Razi və bu kimi digər böyük sünni alimləri də uyğun ayənin həzrət Əli (ə) haqqında nazil olduğunu təsdiqləyirlər.
5. «Bəraət» surəsi: Müxtəlif firqə alimlərinin bildirdiyinə görə «Bəraət» surəsinin ayələri nazil olduqda həzrət Peyğəmbər (s) həmin surəni müşriklərə oxumaq üçün Əbu-Bəkri Məkkəyə göndərdi. Əbu-Bəkr yola düşdükdən sonra Cəbrail nazil oldu və Peyğəmbərə (s) salamdan sonra ərz etdi ki, bu işi sənin özündən olan bir kəs görməlidir. Həzrət Peyğəmbər (s) dərhal Əlini (ə) çağırdı və öz dəvəsini verib Əbu-Bəkrə çatmasını tapşırdı. Həzrət Əli (ə) Peyğəmbərin göstərişi əsasında Əbu-Bəkrə çatıb «Bəraət» ayəsini ondan aldı və özü müşriklərə oxumaq üçün Məkkəyə yola düşdü.
6. «Məvəddət» ayəsi: «Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. Ya Peyğəmbər (s), de ki, mən sizdən risalətim müqabilində Əhli-beytimə məhəbbətdən başqa bir şey istəmirəm». (Şura-23) Zəməxşəri, Gənci Şafei və başqa alimlər nəql edirlər ki, ayə nazil olduğu vaxt Peyğəmbərdən Əhli-beyt haqqında soruşdular. Həzrət Peyğəmbər (s) buyurdu: «Həzrət Əli (ə), Fatimə və onların iki oğlu mənim əhli-beytimdir».
7. «Rə’d» surəsinin 43-cü ayəsi: «Onlara belə cavab ver: «Mənimlə sizin aranızda Allahın və kitabı bilənin şahid olması yetər». Əbu-Səid Xidri deyir: «Həzrət Peyğəmbərdən kitabı bilən kəsin kim olduğu haqqında soruşdum. Həzrət buyurdu: «Həmin şəxs qardaşım Əli (ə) ibn Əbi-Talibdir».(Şəvahidut-tənzil 1 ci cild, səh.307)