Bu xüsusiyyət insana cəmiyyətdə güc əldə etdirər?!


Ədəb həqiqətən də insanı kamala çatdıran amillərdəndir. Belə ki, İmam Əli (ə) buyurur: “Bu, ədəbdir ki, insanı kamala çatdırar”.
Müsəlman gərək başqa insanlarla ədəb və ehtirama riayət edərək, danışsın. Özünə qoyduğu hörməti, başqalarına da qoysun. İmam Əli (ə) buyurur: “Mömin insanın həyatının əsas hissəsi – ağıldır. Doğruluq və düzlük onu yoluna hidayət edər. Ədəbi səbəb olar ki, cəmiyyətdə güc əldə etsin. Əgər İlahi nemətlərin şakiri olarsa, həyatı məntiqli və doğru olar”.
Müsəlman şəxsi təhqir etmək haramdır. Hətta ədəbsiz insanla belə, ədəblə rəftar etmək lazımdır ki, onun üçün örnək olsun.Bəzi insanlar düşünür ki, ədəbsiz insanla gərək onun səviyyəsində rəftar edəsən. Amma mübarək dinimiz buyurur ki, insana güc verən – onun ədəbidir. Qaba və sərt rəftar, insanı güclü edə bilməz – zahirən kiməsə başqa cür görünsə belə.


Həzrəti Peyğəmbər (s) səhabəsinə hansı günahına görə meyyit namazı qılmadı?!


Bir nəfər kişinin cənazəsini gətirirlər ki, Peyğəmbər (s) ona namaz qılsın. Həzrət (s) üzünü səhabələrinə çevirib, buyurur: “Siz ona namaz qılın, mən qılmıram”. Səhabələri deyir: “Ya Rəsulallah! Niyə ona namaz qılmırsınız?”. Həzrət (s) buyurur: “Çünki insanlara borcu vardır”. Əbu Qətadə deyir: “Mən zamin oluram ki, onun borcunu ödəyəcəyəm”.
Həzrət (s) buyurur: “Kamil şəkildə ödəyəcəksən?”. Deyir: “Bəli”. Bundan sonra Həzrət Peyğəmbər (s) həmin cənazəyə namaz qılır. Əbu Qətadə deyir ki, ölən şəxsin borcu 17 dirhəm idi. Yəni, çox az məbləğdə borcunun olmasına baxmayaraq, bu cür şiddətli şəkildə qınanmışdır.


Hədislərə əsasən günahların bağışlanması üçün ən yaxşı zikr hansıdır?!


Hədislərin birində oxuyuruq ki, Cəbrail (ə) Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir və buyurur: “Ya Rəsulallah! Bu gün mən gələndə yolda qəribə bir şey gördüm. Bir mələk gördüm ki, qanadları yanmışdı. Əvvəllər bu mələyi dördüncü səmada görmüşdüm. O zaman 70 min mələk onun əmri altında idi. Lakin gördüm ki, İlahi qəzəbə düçar olduğu üçün qanadları yanmış və ora sürgün edilmişdir. Onun halına yandım və ondan soruşdum ki, niyə bura düşmüsən? Dedi: “Merac gecəsində Peyğəmbəri-xatəm (s) gələndə, bizim tərəfdən keçməli idi və bizim hamımız tez yerimizdən qalxıb onu qarşılamalı idik. Mən yerimdən gec qalxdım və gec ədəbimi bildirə bildim. Allah Təala da məni bu cür giriftarlığa düçar etdi. Ey Cəbrail! Mənim dadıma yetiş”. Və Cəbrail (ə) Allah Təalaya xitab edir ki, Allahım, bu günahkarın xatasını bağışla! Allah Təala ona xitab edir: “Ey Cəbrail! Əgər bu mələk əvvəlki yerinə qaytarmağımı istəyirsə, Muhəmmədə (s) və Ali-Muhəmmədə (ə) salavat göndərsin”. Cəbrail (ə) deyir ki, Ya Rəsulallah, mən bu xəbəri həmin mələyə çatdırdım və o, da salavatı davamlı şəkildə deməyə başladı. Allah da qanadlarını yenidən bərpa edib, onu dördüncü səmadakı əvvəlki yerinə qaytardı”.


Həzrət Məhdinin (ə.f) qurduğu cəmiyyətdə hansı özəlliklər olacaqdır?


Quran və hədislərimizin nəzərinə görə, Həzrət Məhdinin (ə.f) quracağı cəmiyyət ən kamil bir cəmiyyət olacaqdır ki, hamı maddi və mənəvi nemət içərisində qərq olacaqlar. Bəs bu cəmiyyətin ən bariz sifətləri nə olacaqdır?
1. Ədalət. Ədalət elə bir məfhumdur ki, bəşər, tarix boyu onun həsrətində olmuşdur. Hədislərimiz onu ədalətin mücəssiməsi kimi tanıtmışdılar. Mübarək Ramazan ayının duasında oxuyuruq: “Məhdəvi ədaləti sayəsində heç bir insan qul olaraq qalmayacaqdır və hər kəsin haqqı ona veriləcəkdir”.
2. Rifah və rahatlıq. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətim İmam Zamanın (ə.f) dövründə elə rifah və nemət əldə edəcəklər ki, ondan əvvəl heç bir dövrdə əldə etməmişdilər”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Mənim Əhli-Beytimdən (ə) olan kişi qiyam edəcəkdir və səmadan ona bərəkət nazil olacaqdır. Torpaq öz bərəkətlərini onun üçün üzə çıxardacaqdır”.


İmam Məhdinin (ə.f) kitab əhli ilə rəftarı necə olacaqdır?


Bəs İmam Zaman ağa (ə.f) öz dövlətini qurandan sonra kitab əhli ilə necə rəftar edəcəkdir? Bu haqda bir çox təxminlər ürəli sürülmüşdür ki, onların bəzisi ilə tanış olaq.
Bu təxminlərdən biri budur ki, bütün kitab əhli İslam dinini qəbul edəcək və müsəlman olacaqdır. Bu əqidənin tərəfdarları çoxdur və məntiqli bir nəzəriyyə hesab olunur. Ayətullah Məkarim Şirazi bu haqda yazır: “Bu böyük insanın dövründə hökumət və bütün inkişaf etmiş vasitələrin onun əlində olmasını nəzərə alaraq, deyə bilərik ki, İslam dininin cazibəsi çox olacaqdır. Qabaqcadan söyləmək olar ki, İslam məntiqli təbliği ilə insanların əksər hissəsinin qəlbini fəth edəcəkdir”.
O zaman ki, İmam (ə.f) zühur edəcəkdir, əvvəlki peyğəmbərlərin (ə) təhrif edilməmiş və dəyişdirilməmiş səma kitablarını da özü ilə gətirəcəkdir. Bu kitablarda İmam Sahibəz-Zamanın (ə.f) müjdəsi verilmişdir. İmam Muhəmməd Baqir (ə) buyurur: “Onu Tövrat və İncildə yazılmış halda görəcəklər”. Yəni, İmam (ə.f) bu səma kitablarından İslam dinini yaymaq üçün istifadə edəcəkdir.


Həzrət Muhəmmədə (s) kim Rəsulallah ləqəbini vermişdir?


Hədislərdə oxuyuruq ki, ilk dəfə Cəbrayil Əmin (ə) Həzrət Muhəmmədə (s) Rəsulallah deyə xitab etmişdir. Hədislərimizin buyurduğuna görə, İslam Peyğəmbəri (s) besətdən əvvəl, 37 yaşında olanda yuxuda görür ki, çobanlıq edir və bir nəfər yanına gəlib deyir: “Ya Rəsulallah!”. Həzrət (s) ondan soruşur: “Sən kimsən?”. Deyir: “Mən Cəbrayiləm. Allah məni göndərmişdir ki, səni Rəsul ünvanında qərar verim”. Həzrət Peyğəmbər (s) bu yuxunu heç kəsə danışmırdı. Bu hədisə əsasən, Peyğəmbərə (s) ilk Rəsulallah deyən kəs Cəbrayil (ə) olmuşdur. Həzrət (s) məbus olduqdan sonra isə bütün müsəlmanlar, o cümlədən İmam Əli (ə) və başqa səhabələr ona “Rəsulallah” deyə xitab etdilər. Ancaq bəzi müsəlmanlar Peyğəmbərin (s) qədrini bilmirdilər və onu ədəbli şəkildə çağırmırdılar. Sanki özləri ilə eyni sırada olan insanı çağırırmış kimi, Həzrəti, “Muhəmməd (s)” deyə səsləyirdilər. Allah Təala onların bu ədəbsizliyinin qarşısını almaq üçün buyurdu: “Peyğəmbərin sizin aranızdakı (hər hansı bir din və dünya işindəki) dəvət və çağırışını sizdən birinin digərini dəvət və çağırması kimi hesab etməyin (və onu əhəmiyyətsiz saymayın)...


Niyə peyğəmbərlərin (ə) hamısı Şərqdə zühur etmişdir?


Şərq – peyğəmbərlərin (ə) ən çox zühur etdikləri məkanlar olmuşdur. Bəs bunun səbəbi nədir? O zaman ki, söhbət İlahi risalətdən gedir, insanların istedadlarına və yaşadıqları diyarlara çox diqqət olunur. Təbii ki, Allahın bu işə mütləq agahlığı vardır. Fələstin, Məkkə və Mədinə kimi şəhərlər Allahın dəvətini qəbul etmək istedadına malik olan insanlara malik olmuşdur. Ona görə də Şərq, insan mədəniyyətinin formalaşdığı bir beşikdir. Vəhşi və ya yarıvəhşi olan qəbilələrin bu dəvəti qəbul etmək istedadları yox idi. Əgər hətta qəbul etsələr belə, onu yaymaq qabiliyyətinə malik deyildirlər. Bəzən belə sual meydana gəlir ki, niyə İslam dini geridə qalmış bir mədəniyyətdə zühur etmişdir? Ancaq əgər coğrafiyaya diqqətlə nəzər salsaq, görərik ki, bu geridə qalmış yer əslində mərkəz olmuşdur ki, ətrafında beş mühüm mədəniyyətlər formalaşmışdır. Məkkə onlara nisbətdə mərkəz dairəsi hesab olunmuşdur. Bu mədəniyyətlər: Şərqi Roma və Şam, şimal-şərqdə - İran və Aşur, cənubda – Yəmən, qərbdə - qədim Misir. O zaman ki, İslam dini zühur edir – bu beş mədəniyyəti öz çətiri altına alır və hər birinin yaxşı cəhətlərini götürür. Mənfi cəhətlərini silir və mühüm əqidə və əməli məsələləri ona əlavə edir.


Niyə Allah Öz dinini İslam adlandırmışdır?


Qurani-Kərim buyurur: “Şübhəsiz (peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din Allah yanında həmin İslamdır”. (“Ali-İmran” 19).
Bu ayəyə ilk nəzər salan zaman insana elə gələ bilər ki, Allah başqa dinləri sual altına almışdır. Ancaq əgər bu ayəni daha diqqətlə oxusaq və onun haqqında təfəkkür etsək, görərik ki, bu ayə heç də başqa dinləri inkar etmir. Buyurur ki, İslam dini də başqa dinlər kimi cəza və savab dinidir. Bu dinin özünəməxsus qanun və qaydaları vardır.
İnsanlar onların vasitəsilə Allaha yaxınlaşıb, iki dünya səadətinə çata bilər. “İslam” sözünün mənası “təslim” deməkdir. Ona görə də İslam dini dedikdə, yəni, Allaha təslim olmaq nəzərdə tutulur. Əslində bütün dinlərin hədəfi məhz təslim olmuşdur. Ona görə də başqa dinlərin davamçılarını da müsəlman adlandırmaq olar, baxmayaraq ki, zahirdə yəhudi və ya xristian adlandırılsalar da.


İslam Peyğəmbərinin (s) besətdən əvvəlki dini hansı din idi?


Həzrət Peyğəmbər (s) Allah tərəfindən tərbiyə olmuş insan olduğu üçün bütün əmr və göstərişləri birbaşa Allahdan alırdı. Əslində özünəməxsus bir dinə malik idi, o zamana qədər ki, İslam dini ona nazil oldu. Bu deyilənlərə şahid olaraq, “Nəhcul-bəlağə”də nəql olunan hədisi göstərmək olar ki, buyurulur: “Allah o zaman ki, Peyğəmbəri (s) süddən ayırdı, ən böyük mələyini onun munisi etdi ki, gecə və gündüz onu məkarim və gözəl əxlaqa tərəf sövq etsin”. Heç bir tarixi mənbədə zikr olunmamışdır ki, Həzrət Rəsuli-Əkrəm (s) yəhudi və ya xristian dininə uyğun ibadət etmişdir. O Həzrət (s) heç bir zaman bütpərəst və ya dinsizlərin də yanında olmamışdır. Əllamə Məclisinin “Buharul-ənvar”da nəql etdiyi hədislərdə də Həzrətin (s) Ruhul-qudus tərəfindən tərbiyə aldığına aid hədislər mövcuddur. Mələklər onunla söhbət edərdilər, bəzən də sadiq yuxularına girərdilər.


Haqq-hesab çəkilmədən behiştə daxil olanlar?!


Allahın rəhim və mərhəməti çox böyükdür. Belə ki, bütün insanlara və bütün məxluqlara şamil ola bilər. Bu mərhəmət xüsusilə o kəslərə şamil olar ki, İlahi bəxşişə ümid bəsləyirlər.
Quran şəhadət verir ki, Allaha iman bəsləmək, Allah yolunda şəhid olmaq, Əhli-beyt (ə) dostluğu, insanlara qarşı güzəştli olmaq bais olar ki, insan hesab vermədən behiştə daxil olsun. Bəs bu insanlar kimlərdir?
1. Möminlər. Məsumlardan (ə) gələn hədisdə oxuyuruq: “Möminlər nicat taparlar və hesab vermədən behiştə daxil olarlar”.
2. İlahi Övliyalar. Məsumlardan (ə) gələn hədisdə oxuyuruq: “Allaha, Rəsuluna (s), yer üzündə Allahın hüccətlərinə mərifəti olan və onların haqqını etiraf edən və onların mütisi olan İlahi Övliyalar hesab vermədən behiştə daxil olacaqlar”...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter